Şəmkir rayonunda arvadını öldürməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Mübariz Məmmədov rəsmi nikahda olduğu arvadı Nailə Məmmədovanın qonşuuqda yaşayan Rəvan Qasımovla sevgi münasibətində olub, ona xəyanət etməsindən şübhələnib.
2020-ci iln aprelin 19-da, saat 08.30-da Nailə Məmmədovanı atasının yaşadığı Göygöl şəhərində yerləşən evindən özlərinin birgə yaşadıqları evinə gətirib. O, Nalə Məmmədovaya həyətyanı sahədə ona xəyanət etməsi və azyaşlı qızı Çiçək Məmmədova vasitəsilə Rəvan Qasımova sevgi məktubu göndərməsi barədə araşdırma yönümlü söhbət aparıb.
Bu zaman Nailə Məmmədova Rəvan Qasımova məktub yazdığını etiraf edib. Bundan hiddətlənən Mübariz Məmmədova ona 6 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
İstintaq orqanı tərəfindən Mübariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Anasının yalan dediyini və telefonla danışdığını bildirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2012-ci ildə Nailə Məmmədova ilə ailə həyatı qurub, 2 övladı olub: “Son dövrlər Nailə mənə qarşı soyuq münasibət göstərirdi. Onun kiməsə qarşı münasibəti olduğunu hiss etmişdim. Təxminən 11-12 aprel tarixlərdə arvadımın boynunda sadə zəncir gördüm. Nailədən onu kimin aldığını soruşdum. Zənciri ətir satan rəfiqəsindən aldığını bildirdi.
Aprelin 15-də qızım Çiçəyin dişini çəkdirdim və evə qayıdarkən həyətimizin qapısını bağlı olduğunu gördüm. Qapını döydüm, Nailə qapını təxminən 3 dəqiqə sonra açdı. Qapını gec açmasına görə Nailəyə əsəbləşdim, harada olduğunu soruşdum.
Nailə isə cavabında eyvandan uşağın oyuncağını gətirdiyini dedi. Oğlum Mehdi dərhal dillənərək anasının yalan dediyini və telefonla danışdığını bildirdi. Oğluma əhəmiyyət vermədim. Həyətdən mətbəxə doğru gedən zaman stolun üzərində Nailənin telefonunun ekran işığının yandığını gördüm.
Nailədən telefonunun ekran işığının yanmasının səbəbini soruşdum, oğlumun telefonla danışdığını dediyini onun diqqətinə çatdırdım. Nailə isə mənim dəli olduğumu, telefonuna baxa və yoxlaya biləcəyimi deyərək ondan əl çəkməyimi istədi. Telefonu götürdüm, mətbəxdə çay içə-içə yoxlamağa başladım”.
“Rəvandan şübhələndiyimi bildirmədim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman "Samsung" markalı telefonun "arxiv" hissəsində bir nömrədən 56 dəfə zəng gəldiyini görüb, həmin nömrə ilə təxminən 82 dəfə danışıq olub: “Dərhal Nailədən zəng gələn nömrənin kimə aid olmasını soruşdum. Nailə isə cavabında həmin nömrənin kimə məxsus olmasını bilmədiyini dedi. Nailəyə çölə çıxaraq bu nömrəninin kimə aid olmasını maraqlanacağımı dedim. Nailə həmin nömrənin tanış gəldiyini, nömrənin qonşuları Rəvana aid olduğunu bildirdi. Buna görə evdən çıxaraq həm qonşum, həm də "qardaş" dediyim Rəvanla evlərinin çöl tərəfində görüşdüm. Telefonda olan nömrəni Rəvana göstərərək ona aid olub-olmadığını soruşdum. Rəvan isə telefona baxaraq nömrənin ona aid olduğunu dedi.
Rəvanın rəngi dəyişdi, dodağı titrədi. Lakin Rəvandan şübhələndiyimi bildirmədim. Arxasınca Rəvana arvadım Nailəyə bu qədər çox zəng etməsinin səbəbini soruşdum. Rəvan isə mənə bir cavab verə bilmədi”.
“Rəvanla dərdləşdiyini bildirdi”
Mübariz Məmmədovun sözlərinə görə, evə gələrək arvadı Nailəyə həmin nömrənin Rəvana aid olduğunu, onunla bu qədər nə danışdığını soruşub: “Bu zaman Nailə həyəcanlanaraq özünü itirdi və əsassız cavablar verməyə çalışdı. Daha sonra nə edəcəyim barədə təqribən 2 saat fikirləşdim. Sonra Nailəyə telefonunda olan nömrələri çıxaracağımı və diskə yazdıracağımı deməyi qərara aldım. Əsas məqsədim isə həqiqəti öyrənmək idi.
Saat 22 radələrində Nailəni yuxudan qaldıraraq telefon danışığı barədə sual verdim. Nailə cavabında and içərək heç bir söhbət və ya problemin olmadığını bildirdi. Mən şübhəmdən əl çəkməyərək qurduğum planı, yəni telefonda olan danışıqların diskə yazdırılması məsələsini Nailəyə dedim. Bu dəfə Nailə qorxaraq hər şeyi danışacağını bildirdi. Nailə etiraf edərək Rəvanla əvvəlcə qardaş-bacı münasibəti saxladığını, bu niyyətlə Rəvanla danışdığını, dərdləşdiyini, daha sonra Rəvanın ona qarşı istəyini hiss etdiyini, Rəvandan bu barədə soruşduğunu, Rəvanının isə Nailəyə qarşı sevgi hissləri bəslədiyinivə onu sevməsini dediyini bildirdi.
Nailə yuxulu vəziyyətdə olduğu üçün növbəti gün səhər tezdəni gözləməyi qərara aldım. Daha sonra yataq otağımda olan çarpayıda oturaraq səhərin açılmağını gözlədim”.
“Məqsədim arvadımın xəyanətini sübut etmək olub”
Mübariz Məmmədovun ifadəsinə görə, növbəti gün, saat 8 radələrində yuxudan aravadını qaldıraraq evin zal hissəsinə çağırıb: “Zalda xəbəri olmadan Nailənin telefonunun səsyazmasını açdım və telefonu cibimə qoydum. Burada əsas məqsədim arvadımın dediklərini yazdırmaq və Nailənin xəyanətini sübut etmək olub.
Rəvanla aralarında olan münasibəti haqqında bütün həqiqətləri açıb danışmağı bildirdim. Nailə isə axşam etdiyi etirafları boynuna almadı, Rəvanla aralarında heç bir sevgi münasibəti olmadığını bildirdi. Nailəyə telefon danışıqlarını diskə köçürməyə gedəcəyimi dedim və ayağa qalxdım. Bu vaxt Nailə ayaqlarıma düşərək hər şeyi danışacağını, etiraf edəcəyini, lakin bunun qarşılığında onu bağışlamağımı və söhbətin burada bağlanmasına söz verməyimi istədi. Həqiqəti öyrənmək üçün razılaşdım.
Nailə Rəvanın ona sevgi etirafı etdiyini, lakin Rəvana bu işin mümkün olmadığını dediyini bildirdi. Nailə bildirdi ki, Rəvana qarşı hissinin olduğunu anlayıb və Rəvana sevgisini etiraf edib, lakin bu sevginin sonunun olmadığını ona deyib.
Rəvan isə Nailəyə fikir etməməsini, hər şeyin yaxşı olacağını, aralarındakı sevgi münasibətinin hər şeydən önəmli olduğunu deməsini danışdı. Nailədən bütün bu haqq-hesabların, yəni evin həyətində telefonda və evin zalında televizorda sevgi mahnıları oxutmağının Rəvana görə olub-olmadığını soruşdum. Nailə cavabda hisslərinin yarısının Rəvana, yarısının da mənə aid olduğunu dedi. Bu cümlədən sonra ayağa qalxaraq Nailəyə 2 dəst paltar götürməsini, onunla atası evinə gedəcəklərini, bu məsələni qaynatası Allahyara danışacağını və onun qərarı üzrə hərəkət edəcəyini bildirdim.
Öncə Nailə razılaşmadı, atası Allahyarın bildiyi təqdirdə onu öldürəcəyini dedi. Nailəni atası Allahyarın evinə aparmaqda məqsədim məsələdən atasını xəbərdar eləmək, Allahyar kişinin qərarını öyrənmək idi”.
“Qızını Bakı yoluna buraxacağını, ondan imtina edəcəyini söylədi”
Mübariz Məmmədovun sözlərinə görə, həmin gün saat 10 radələrində anası Çiçəyi və arvadını götürərək Göygöl şəhərinə gedib: “Orada Allahyar kişi ilə bu barədə söhbətə başladım, məsləhət istədim. Həqiqətləri öyrənmək üçün telefon danışıqlarını diskə çıxaracağım fikrimi Allahyar kişiyə də bildirdim. Allahyar kişi cavabında Şəmkirə getməyimi, disk çıxana qədər gözləməyi, həmin diskdə qızının namussuz hərəkəti barədə söhbət olacağı halda onu aparıb Bakı yolunda hər hansı bir yerə buraxacağını, yəni qızından əlini üzəcəyini dedi. Nailə ilə qayınatamın evində otaqda tək qaldım.
Bu zaman Nailə ayaqlarıma qapanaraq çıxacaq diski atasına qulaq asdırmamağımı xahiş etdi, bu halda atasının onu öldürəcəyini dedi. Nailəyə Rəvanla nə danışdıqları barədə sual verdim. Nailə dedi ki, Rəvana onsuz dayana, yata bilmədiyini, onu görmək istədiyini söyləyib. Nailənin deməsinə görə, Rəvan da ona "ay ömrüm, ay həyatım, səbrli ol, yaxşı olacaq" məzmunlu sözlər deyib.
Cavabında Nailə Rəvana "ay ürəyim, ay canımın içi, axı sənsiz ürəyim partdıyır, niyə başa düşmürsən? Səni hər şeydən, hamıdan çox sevirəm, hətta özümdən belə" cavabıyla müraciət edib. Ona görə də bunu atasının eşitməli olmadığını və bu səbəbdən utandığını mənə dedi.
Mən özümü sıxaraq oradan çıxdım və Şəmkirə doğru hərəkət etdim. Yolda Allahyara zəng edərək, diski çıxarana qədər qızından hər şeyi ətraflı öyrənməsinin vacib olduğunu bildirdim”.
“Oğlunu izlədiyini dedi”
Mübariz Məmmədov bildirib ki, avtomobili ilə Şəmkirə gəlib, saat 14 radələrində birbaşa qonşusu Rəvangilə gedib: “Onların evinə daxil oldum. Bu zaman yanımda olan anam Çiçək məndən əvvəl içəri girib Rəvanı şillələdi. Anamı Rəvanın anası birtəhər çölə çıxardı. Mən isə qardaşı Anarın yanında Rəvandan soruşdum ki, mənə qardaş, arvadıma bacı deyə-deyə arvadıma necə göz dikmiusən?
Rəvan isə Nailənin onu yoldan çıxartdığını, hisləri ilə oynadığını, öz nəfsinə qurban getdiyini bildirdi. Rəvanın üzünə tüpürərək anamla birlikdə qapıdan çıxdıq.
Rəvanın anası Naidə oğlunun evini Nailənin yıxdığını, 14 gün əvvəl Nailənin onun qapısına gəldiyini bildirdi. Dediyinə görə, Nailənin üzünə tüpürüb, bu davranışın doğru olmadığını üzünə söyləyib. Mən də Naidədən 14 gün ərzində bu məsələni mənə nə üçün açmadığını soruşdum. Naidə söhbəti övladlarına görə gizlətdiyini, lakin oğlundan şübhələndiyini və 14 gündür Rəvanı izlədiyini dedi, məsələdən bu cür xəbərdar olduğunu bildirdi”.
“Nailəni öldürmək fikri məndə tam formalaşmadı”
Mübariz Məmmədovun sözlərinə görə, aprelin 18-də, saat 21 radələrində Nailənin ailəsinə zəng edərək növbəti gün tezdən gələcəyini və Nailə ilə uşaqları aparacağını bildirib:
“Ertəsi gün, saat 07.05-də Naidə evimə gələrək əlində cırılmış vəziyyətdə olan kağızı göstərərək Nailənin oğlu Rəvana yazdığını dedi. Həmin kağız parçalarını oxudum. Onun arvadım Nailənin xətti ilə yazıldığını anladım.
Nailə Rəvana ürəyinin partladığını, Rəvanı görmək istədiyini və onu çox sevdiyini yazmışdı. Əsəbi şəkildə çölə çıxdım, Naidə ilə anam Çiçək də arxamca çıxdılar. Naidə ilə anam çöldə olarkən geri qayıdaraq mətbəx bıçağını götürdüm, qarnımda gizlətdim. Bu məqamda Nailəni öldürmək fikri məndə tam formalaşmadı.
"Vaz-2104" markalı avtomobilinə oturdum və sonra mətbəx bıçağını qarnımdan çıxardım, avtomobilin ön oturacağının alt hissəsinə qoydum. Bıçağı avtomobilə qoymaqda məqsədim Nailə ilə bağlı olanların doğrulacağı halda onu öldürmək istəməyim olub. Yola düşərək təxminən 40 dəqiqə sonra qayınatamın evinə çatdım. Qayınatamın razılığı ilə ailəmi götürdüm və Şəmkirə geri qayıtdım”.
“Ağlaya-ağlaya Rəvanın yalan danışdığını dedi”
Mübariz Məmmədovun sözlərinə görə, təxminən saat 09.15-də Şəmkirdəki evinə çatıb: “Anama uşaqlarımı gəzdirməsini deyərək, bu müddət ərzində arvadımla söhbət edəcəyimi bildirdim. Anam uşaqları götürüb evdən çıxdı.
Arvadıma Rəvanıa aralarında olan hər şeyi danışmasını istədim. Nailə isə hər şeyi danışdığını dedi. Ondan söz almaq üçün yalandan Rəvandan şikayət etdiyimi, içəri saldırtdığımı, Rəvanın onların evinə gəldiyini və cinsi münasibətdə olduğunu etiraf etdiyini Nailəyə bildirdim.
Nailə ağlaya-ağlaya Rəvanın yalan danışdığını dedi. Mən isə çölə çıxaraq siqaret çəkməyə başladım. Bu vaxt Naidə evin çöl tərəfinə gələrək Nailənin körpə qızımız Çiçək vasitəsi ilə oğlu Rəvana məktub göndərdiyini və həmin anın qonşunun kamerasına düşdüyünü bildirdi. Bu an beynimdə qəti olaraq qızım Çiçəyi bu hərəkətə alət etdiyi üçün Nailəni öldürəcəyimi planlaşdırdım. Avtomobilə doğru hərəkət edərək ön oturacağın alt hissəsində olan mətbəx bıçağını çıxardım və qarnıma gizlədərək Nailənin yanına gəldim”.
“Bıçağı ürəyinə vurdum”
Təqsirləndirilən şəxs qeyd edib ki, Nailəni təhqir edərək nə üçün bu hərəkətinə qızını alət etdiyini soruşub: “Nailə inkar etsə də, üzümə baxmadı, başını aşağı salaraq bu barədə and içmədi. Daha sonra Nailə qarnımda gizlətdiyim bıçağı gördü. Mən və Nailə evin həyətində qarşı-qarşıya oturmuşduq. Bizdən başqa həyətdə heç kim yox idi. Sakit tərzdə Nailəyə iki balamı və özünü Rəvana qurban etdiyini dedim. Sonra Nailənin arxasına keçərək sağ əlimi onun saçına doladım, bıçağı sol əlimlə qarnımdan çıxartdım.
Nailə sol tərəfə - bıçağa tərəf baxdı, tərpənmədi. İlk öncə bıçağı Nailənin sol tərəfdən böyrək istiqamətində vurdum, Nailə sağ tərəf istiqamətə doğru ağzı üstə yerə yıxıldı. Həmin bıçağı sağ tərəf böyrək istiqamətində vurdum. Bundan sonra Nailəni hər iki əlimlə sağa tərəf qaldırdım, arxası üstə uzatdım, nəfəs aldığını, lakin səsinin çıxmadığını gördüm. Sağ əlimlə Nailənin əynindəki paltarı azca aşağı edərək bıçağı ürəyinə vurdum.
Bıçağı çıxartdıqdan sonra anama zəng etdim və anamdan Allahyara zəng etməsini, gəlib qızının meyitini aparmasını bildirdim. Bundan sonra siqaret yandıraraq çölə çıxdım”.
“Üstünə ağ parça sərdim...”
Mübariz Məmmədov bildirib ki, bu vaxt əlində qanlı bıçaq olub: “Anamla xalam qızı orada çöldə idilər, mənə tərəf gəldilər. Mən isə qışqıraraq gəlməmələrini və geri qayıtmalarını bildirdim. Onlar da çıxıb getdilər. Daha sonra əlimdə bıçaq içəri daxil oldum. Nailənin hələ də tərpəndiyini görərək, solaxay olduğum üçün sol əlimlə onun boğaz nahiyəsini kəsdim, ayağından tutaraq həyətdə yerləşən qaz peçinə tərəf sürütdədim.
Nailənin üstünə ağ parça saldım. Həmin vaxt anamın dayısı nəvəsi Səfiyar məni bu vəziyyətdə gördü. Mən isə avtomobilini işə salaraq birbaşa şöbəyə gəldim və təslim oldum”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.