Bakının Səbail rayonunda iki yaşlı oğlunun öldürməyə cəhd etməkdə ittiham olunan Emil Kazıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İttihama görə, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Emil Kazıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.