20 Yanvar 2021 13:38
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində xuliqanlıq etməkdə ittiham olunan 1989-cu il təvəllüdlü İntiqam İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İntiqam İbrahimov Xırdalan şəhəri, “Köhnə bazar” adlanan ərazidə bir müddət əvvəl onun üçün kirayə ev tapmış, daşınmaz əmlak vasitəçisi Möhübbət Baxşıyevlə başqa bir mənzil axtarması mövzusunda söhbət edən zaman onun oğlu Hikmətə yaxınlaşıb.

Hikmətə ayağını pilləkənə qoymuş vəziyyətdə söhbət etməsi ilə atasına qarşı hörmətsizlik göstərdiyini bəhanə gətirib, onu əvvəl söyüb, sonra isə sifət nahiyəsinə kəllə zərbəsi vurub.

İstintaq orqanı tərəfindən İntiqam İbrahimovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, saat 19 radələrində “Köhnə bazar” adlanan ərazidə, atası İlham İbrahimovun işlədiyi ofisin yaxınlığında olan zaman sonradan adını bildiyi Hikmət Baxşıyevin atası İlhamı ələ salıb, aşağılayıcı tərzdə yersiz zarafat etdiyini görüb: “Onlara yaxınlaşaraq bu hərəkətlərinin səbəbini soruşdum. Hikmət "get işinlə məşğul ol" dedi, aramızda mübahisə yarandı.

Mübahisə zamanı Hikmət üzərimə gəldiyimdən kəllə ilə onun sifət nahiyəsinə vurdum. Orada olan tanımadığım şəxslər bizi ayırdı”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Hikmət Baxşıyev deyib ki, təxminən hadisədən bir həftə əvvəl o, ev alqı-satqısı və kirayəsi ofisinə yaxınlaşaraq sonradan adını bildiyi İlham adlı şəxsə kirayə ev axtardığını bildirib: “İlham mənə yaxın ərazilərdə bir neçə ev göstərdi. Lakin təklif olunan evlərdən heç birini bəyənmədiyim üçün oradan getdim. Sonradan Aqil adlı tanışıma məxsus, Xırdalan şəhəri, “Quşçuluq” yaşayışmassivində yerləşən evdə yaşamağa başladım”.

Hikmət Baxşıyev qeyd edib ki, hadisədən üç gün əvvəl İlham hazırda yaşadığı evi ona təklif edib: “Həmin evə yerləşdim və oraya yerləşməyimə rəğmən nə üçün zəhmət haqqını vermədiyini soruşdu. Mənə irad bildirdi, bu hərəkətinə görə öz oğlanlarına məni döydürəcəyini dedi. Lakin yaxın günlərdə başqa bir evə köçməkdə köməklik etməsi üçün yenidən müraciət edəcəyimi İlhama dedim, 20 manat təşkil edən zəhmət haqqını da verəcəyimi bildirdim”.

Zərərçəkmişin ifadəsinə görə, hadisə günü, saat 18 radələrində İlhamın ofisinə gedərək 20 manat pulu onun dediyi şəxsə verib: “İlhamdan mənim üçün başqa ev tapmasını istədim. Həmin vaxt ayağımı pilləkənə qoydum, söhbət etdiyim üçün İlham mənəı irad bildirdi.

Mən iraddan nəticə çıxarıb, ayağımı aşağı salan zaman İlhamın oğlu İntiqam mənə yaxınlaşdı, eyni məsələ ilə bağlı irad bildirdi, məni söydü. Bu səbəbdən aramızda mübahisə yarandı,İntiqam kəllə zərbəsi ilə sifət nahiyəmə zərbə vurdu. Zərbənin təsirindən müvazinətimi itirərək yerə yıxıldım”.

Hikmət Baxşıyev qeyd edib ki, olayla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə İntiqam İbrahimov 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23.00-dan saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunub.


Müəllif: Hacı Zeynalov