Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubuna partlayıcı qurğu qoyulması barədə yalan məlumat verən Ziya Səfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin iyulun 1-də, saat 23.00 radələrində naməlum şəxs taksafondan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmayıb.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziya Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov