17 İyun 2021 14:11
2 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 1992-ci il təvəllüdlü Tural Heydərov 1981-ci il təvəllüdlü Hürriyət Şəmilovu bıçaqlayaraq öldürüb.

Teleqraf.com-un xəbərinə görə, Tural Heydərov Dağkəsəmən kəndində dostuna məxsus evdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra gecə saat 12 radələrində sərxoş vəziyyətdə piyada evlərinə doğru gedib. Qonşuluqda yaşayan həmkəndlisi Elçinin evlərinin qarşısında oturmasına görə bir neçə gün əvvəl ona iradı bildirməsi səbəbindən aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədi ilə onların küçə darvazasını möhkəm döyüb. Yüksək səslə təhqiredici ifadələr işlədib, “ay şərəfsizlər, çıxın çölə,102-ə zəng eliyin gəlib, məni aparsınlar” deyib.

Ev sahibi küçəyə çıxanda “çıx çölə, ay şərəfsiz, sənin qılçanı deşik-deşik edəcəm” söyləyib.

Tural ev sahibinin darvazanı açmadığını görəndə bir qədər sakitləşib, yolun qarşı tərəfinə keçərək subağlayıcının üzərində oturub. Yaranmış səs-küyə və narahatçılığa görə ev sahibinin əmisi oğlu Hürriyət onu taxta parçası ilə döyüb.

Bundan əsəbləşən Tural əlbəyaxa zamanı Hürriyyətin əlindən taxta dəyənəyi yerə salıb, bıçaqla ona zərbələr endirib. Hürriyyət aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2020-ci ilin iyunun 8-9-da, axşam saat 23 radələrində mərhum Hürrüyyətlə birlikdə həmkəndlisi və qonşusunun evi qarşısında qoyulmuş oturacaqda oturduğu üçün Elçin gəlib və ona irad bildirib: “Elçin əsəbi formada evinin qarşısında oturmamağımı dedi. Mübahisə etmək istəsəm də, mərhum Hürriyət Elçinin içkili olduğunu, ona baş qoşmamağımı istədi. Biz oradan ayrıldıq və sonradan Elçinlə aramızda hər hansı söhbət olmadı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün saat 18 radələrində Dağkəsəmən kəndində Şəmilin obyektinə gedib, 1-2 bakal pivə içib: “Bir müddət sonra sinif yoldaşım Namaz gəldi. Birlikdə İsmayılgilin evinə gedərək orada yeyib-içməyi qərarlaşdırdıq. İsmayılgildə gecə saat 12-dək yemək yeyib, spirtli içki qəbul etdik. Sonradan digər sinif yoldaşlarımız Emin və Fariz də gəldilər. Lakin çox qalmadılar, tez də getdilər. Saat 12 radələrində oradan çıxaraq piyada öz evimizə doğru getdim.

Çox içdiyimdən olanları yaxşı xatırlaya bilmirəm. Evə gələrək üzərimdə olan bıçağı evdə soyuducunun üzərinə qoydum və Qızyetərgilin mağazalarının açıq olduğunu gördüyümdən pivə almaq məqsədi ilə ora getdim. Qızyetər mağazanı bağladığına görə məcbur olaraq qapısını döydüm, Qızyetəri çağırdım. Qapını açmadığı üçün əlimlə möhkəm döyməyə davam etdim.

Qızyetər çıxmadığı üçün Elçini nəzərdə tutaraq “o əskik oğluna görəmi gəlmirsən” – dedim. Qapını açmadığı üçün yolun digər tərəfinə keçdim, təxminən 1-2 dəqiqə başını aşağı salaraq təkbaşına səssiz yerdə olan subağlayıcının üzərində oturdum”.

Tural qeyd edib ki, çəkmək üçün siqareti çıxarmaq istəyəndə ayaq səsi eşidib və qonşusu Hürriyyətin əli belində ona yaxınlaşdığını görüb: “Bir neçə gün əvvəl Elçinlə mübahisə edəndə Hürrüyyət onun içkili olduğunu, ona baş qoşmamağı məsləhət gördüyünə görə əvvəlcə Hürriyyətin səs eşidərək söhbət etmək üçün gəldiyini düşündüm.

Lakin Hürriyyət gələn kimi əlində tutduğu uzun taxta dəyənəklə başıma qüvvətli zərbə endirdi. Zərbədən yerə yıxıldım. Yerdə olarkən ağzıma-üzümə söyüb, həmin taxta dəyənəklə sol ayağıma və bədənimə vurmağa başladı. Yerdə olarkən taxtadan tutdum, zərbələrin qabağını alaraq ayağa qalxdım. Təxminən səkkiz metr məsafədə Hürriyətgilin evinin divarının qarşısına tərəf küçədə çəkişdik.

Hürriyyətin əlindən taxtanı saldım və sol qolumda ağrı hiss etdikdə Hürriyyətin sağ əlində bıçaq olduğunu gördüm. Amma bıçağı haradan çıxardığını görmədim. Hürriyət bıçağı mənə doğru salladı, vurmağa çalışdı. Onun bıçaq tutduğu əlini saxladım. Ayaqüstə süpürüləşərkən Hürriyyət Elçini çağırdı.

Elçin çölə çıxaraq mənə əl-qol atmağa başladı. Sol qaşımın üzərindəki bıçaq xəsarətini də yəqin ki, Elçin yetirib. Çünki həmin vaxt Hürriyyətin əlində olan bıçağı özüm tutmuşdum.

Dava zamanı Hürriyyət məni Elçingilin darvazasına yaxın yerə yıxdı. Yerə yıxılanda bıçağı Hürriyyətin əlindən aldım, onun özünə xəsarətlər yetirdim. Həmin vaxt Elçin isə yerdə mənim kürək nahiyəmə təpiklə zərbə vurdu. Yerdə Hürriyyətlə dalaşarkən anası və yoldaşı gələrək Elçini evlərinə apardılar”.

Turalın sözlərinə görə, bundan sonra Hürriyət halsızlaşaraq üstündən yerə yıxılıb: “Mən də ayağa qalxdım və evimə doğru getdim. Evdə hadisə barədə məlumat verdim, Hürriyyətə kömək üçün onlara getmələrini dedim. Özüm də təslim olmaq üçün yolun kənarına çıxdım. Polis əməkdaşı Aftandil Alməmmədov mənə zəng etdi, yerimi soruşdu. Ona yolun kənarında, kameranın altında olduğumu dedim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılıb.

Tural 17 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər