Dövlət Neft Şirkəti (ARDNŞ) və Hindistanın GAIL Limited şirkəti arasında anlaşma memorandumu imzalanıb. ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, memorandum ARDNŞ və GAIL arasında maye qazın istehsalı, satın alınması, nəqli və bu sahələrdə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Şirkətlər həmçinin hasilat vasitələri sahəsində biznes imkanlarının inkişaf etdirilməsi və neft-kimya layihələrinə birgə sərmayə qoyuluşu məsələlərini də nəzərdən keçirəcəklər. GAIL şirkətinin rəhbəri B.C. Tripati SOCAR ilə strateji əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib və bildirib ki, hər iki tərəfin potensialı qarşıya qoyulmuş məqsədə nail olmağa imkan verir.
Təbii qaz sahəsində Hindistanın aparıcı şirkəti olan GAIL daxili bazarın durmadan artan tələbatının ödənilməsi və uzunmüddətli qaz tədarükünün təmin edilməsi məqsədi ilə özünün qlobal miqyasda fəaliyyətini genişləndirir. GAIL ABŞ-ın Sabine Pass Liquefaction LLC şirkəti ilə ildə 3,5 milyon, Gazprom Marketing and Trading Ltd (Sinqapur) ilə ildə 2,5 milyon ton qaz tədarükü barədə 20 illik sazişlər imzalamışdır. Şirkət ABŞ-dan Hindistana maye qazın daşınması üçün uzun müddətə çoxlu sayda tanker icarəyə götürmüşdür.
Naibə