31 Avqust 2021 13:56
6 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Samir Məmmədov qısqaclıq zəminində arvadı Məlahəti (ad və soyadlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un xəbərinə görə, Samir Məlahətin boşanmaq üçün məhkəməyə müraciət etməsinə, həmçinin əvvəllər başqa kişi ilə münasibət qurub, xəyanət etdiyinə görə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Samir 2020-ci il avqustun 24-də saat 15 radələrində Məlahəti paltar almaq adı ilə Xaçmaz şəhərində Alı Mustafayev küçəsinə dəvət edib.

Sonra yaşadığı evdən soyuq silah hesab edilməyən bıçağı özü ilə götürüb, qeyd olunan ünvanda Məlahəti və azyaşlı övladı ilə görüşüb.

Samir arvadının ondan boşanma səbəbini aydınlaşdıran zaman Məlahət sərbəst həyat yaşamaq istədiyini bildirib. Bundan sonra Samir öldürmək məqsədi ilə azyaşlı qızının gözləri qarşısında qadınan bıçaqla çoxsaylı ardıcıl zərbələr vurub. O, arvadına ümumilikdə 24 ədəd xəsarət yetirib.

Lakin qışqırıq səslərinə gələn şəxs əlinə daş alaraq Samirin növbəti xəsarəti yetirməsinə mane olub. Sonra zərərçəkmiş Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2014-cü ildə Məlahətlə bağladığı rəsmi nikahdan iki qızı anadan olub: “2020-ci ilin iyununda arvadımın mənə xəyanət etməsindən şübhələndim. Onu güdməyə başladım. Günlərin birində Məlahətin mobil telefonunda “canım, həyatım” və bu kimi sözləri oxuyanda o ağladı, yalvararaq övladlarımızın xatirinə bağışlamağımı xahiş etdi. Yazığım gəldiyindən onu bağışladım, söhbətin dərinliyinə getmədim. Bir neçə gün ötmüş Məlahət uşaqları götürərək məndən boşanacağını bildirdi, Quba şəhərindəki ata evinə köçdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci il avqustun 23-də Məlahətə zəng edib: “Barışmağa səy göstərsəm də, o, barışmaq istəmədi. Məlahətin bu hərəkəti mənə pis təsir etdi, ona paltar almaq üçün pul verəcəyimi vəd etdim, növbəti gün Xaçmaz şəhərinə gəlməsini istədim. Əsas məqsədim Məlahətlə görüşüb, onu bıçaqla vurmaq istəyim olub”.

Samirin ifadəsinə görə, avqustun 24-də saat 15 radələrində Xaçmaz şəhər dəmiryolu vağzalının qarşısında Məlahətlə görüşüblər: “Məlahətin yanında azyaşlı övladımız da vardı. Gəzə-gəzə dəmiryolu xəttinin üzərindəki piyada keçidinin yaxınlığından keçərək mağazaların qarşısına gəldik. Yolboyu barışmaqdan ötrü çalışmağıma baxmayaraq Məlahət məndən ayrı və tam sərbəst yaşamağı arzuladığını bildirdi. O bu sözləri dedikdən sonra əvvəlcədən götürdüyü bıçağı çıxardım və onun boynundan tutaraq özümə tərəf çəkdim, sinə nahiyəsindən xatırlamadığım sayda bıçaq zərbəsi vurdum.

Arvadım qaçmaq istəsə də, onun boynunun aşağı hissəsindən bir neçə dəfə bıçaqla vurdum. Məlahət yerə yıxıldı, qışqıraraq köməyə adam çağırdı. Məlahət yerdə olarkən bıçaq zərbələri yetirməyə davam etdim”.

Samir deyib ki, bu vaxt tanımadığı bir kişi əlindəki daşla onun qarşısına gəlib və bıçağı yerə atmasını tələb edib: “Hirsim artıq soyuduğundan həmin şəxsə arvadımı namus üstündə bıçaqladığımı dedim. Sonra bıçağı yerə arataq dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Hadisə barədə məlumat verdim.

Hadisə yerinə yaxınlaşan şəxslərdən kimsə təcili tibbi yardıma xəbər verdiyinə görə Məlahət Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıldı. Mən isə orada qalaraq polis əməkdaşlarını gözlədim. Polislər gələndə bıçağı təqdim etdim, könüllü təslim oldum. Əməlimdən çox peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, 2014-cü ildə Samirlə evləndikdən sonra daim evdə söz-söhbət olub: "Samir əsəbiləşəndə özündə olmurdu, evin əşyalarını dağıdırdı. Hətta hansısa psixotrop dərmanlar da qəbul edirdi. Bu səbəbdən onun əməllərindən bezdim. 2020-ci ilin iyununda boşanmaq üçün Şabran rayon Məhkəməsinə ərizə ilə müraciət etdim. Sonra uşaqları da götürərək ata evimə getdim”.

Zərərçəkmişin ifadəsinə görə, avqustun 24-də səhər saatlarında Samir zəng edib və uşaqlara paltar almaqdan ötrü ona 150 manat vermək istədiyini deyib: “Pulu mənə vermək üçün Xaçmaz şəhərindəki dəmiryolu stansiyasına görüşə çağırdı. Həmin gün saat 16 radələrində övladımla birlikdə həmin ünvana getdim, Samirlə görüşdüm. Dəmiryolu xəttinin bir tərəfindən o biri tərəfinə keçərək yola tərəf gedərkən Samir qəflətən mənə arxadan qolları ilə tutub, özünə tərəf çəkdi.

Sonra bıçaqla sinə, kürək, qarın və boyun nahiyələrimdən vurmağa başladı. Zərbələrdən yerə yıxılsam da, Samir mənə bıçaqla xəsarət yetirməyə davam etdi. Bu vaxt tanımadığım bir kişinin əlindəki daşla Samirin üstünə gedərək onun mənə xəsarət vurmasının qarşısını aldı. Sonra məni xəstəxanaya apardılar, həkimlərin səyi nəticəsində həyatım xilas oldu”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Samir 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər