22 Noyabr 2021 11:05
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda 1993-cü il təvəllüdlü Orxan Məmmədli arvadının babası Lətifə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Orxan 19 iyul 2020-ci ildə, saat 19 radələrində sərxoş vəziyyətdə həyat yoldaşı və uşaqlarını evlərinə aparmaq məqsədilə qayınatasının yaşadığı Tovuz rayonunun Dönük Qırıqlı kəndində evinə gəlib.

İlk öncə Orxan evin həyətində qayınanası ilə rastlaşıb. Qayınanası ona ailəsinə yaxşı baxmadığını irad tutmasından əsəbləşib, onunla mübahisə edib.

Daha sonra səs-küyə gələn Orxanın arvadının ata babası, 1942-ci il təvəllüdlü Lətifin əlindəki ağac parçası ilə ona vurmasından hiddətlənib. Lətifin əlindəki ağac parçasını alaraq onun baş nahiyəsinə vurub, yaşlı kişiyə müxtəlif bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tovuz rayonu Qovlar şəhəri “Təzə Məhlə” adlanan ərazidə atası, həyat yoldaşı və iki azyaşlı övladları ilə birlikdə yaşayır: “Daimi heç bir yerdə işləmirəm, fərdi əməklə məşğulam. 2013-cü ildə Ayşənlə rəsmi nikaha daxil olduq. Əvvəllər bir-iki dəfə ailədaxili söz-söhbətlərimizin olmasına baxmayaraq ümumilikdə münasibətlərimiz normal olub.

Ayşən Tovuz rayonunun Dönük Qırıqlı kəndindəndir, onun ailəsi ilə yaxşı münasibətlər saxlamışıq. Əvvəllər aramızda heç bir söz-söhbət yox idi. Lətifi də tanıyıram, o, həyat yoldaşımın ata babasıdır, heç vaxt aramızda ədavət və düşmənçilik olmayıb”.

Orxanın ifadəsinə görə, iyulun 19-da bütün günü dağda dostları ilə spirtli içki qəbul edib, yemək yeyib: “Həmin günü günorta saatlarında həyat yoldaşım Ayşən mənə zəng etdi, uşaqlarla birlikdə anasigilə getmək istədiyini dedi. Mən də etiraz eləmədim. Saat 19 radələrində isə həyat yoldaşım və uşaqlarımı evimə aparmaq üçün qaynatamgilin yaşadığı Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən evlərinə getdim.

Əvvəllər həyat yoldaşım Ayşənin hər dəfə evə gələndə məni evə baxmaması, bütün günü qazandığım pulları orda-burda dostlarımla yeyib-içməyim kimi gileylənməsi mənə xoş gəlmədi. Hər zaman ailəmin maddi və digər problemlərini həll etmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 19-da özünə məxsus avtomobillə qaynatasıgilə gedib və avtomobili evin qarşısında saxlayıb: “Avtomobildən düşüb evə tərəf gedəndə qayınanam Vüsalə qapını açdığı üçün içəri girdim. Ondan arvadım Ayşənin harda olduğunu soruşdumr. Ayşəni axtarmaqda məqsədim də onunla valideyinlərinin yanında söhbət edib, səhvini izah etmək olub.

Ancaq Vüsalə mənə kobud cavab verdi və mənə evimə, uşaqlarıma baxmadığımı bildirdiyi üçün bundan əsəbləşdim. Onu itələyərək evə daxil oldum, aynabənddə Ayşəni görmədiyim üçün evin otaqlarında onu axtardım. Ancaq Ayşəni tapa bilmədim. Əsəbləşərək aynabənddə olan qaz sobasını təpiklə vurdum, evdən çıxdım.

Həyətə çıxdıqda Ayşənin babası Lətifi gördüm. Lətifin əlində ağac parçası vardı, onunla iki dəfə sol qoluma vurdu. Lətifin məni vurmasından əsəbləşdiyim üçün onun əlindən ağac parçasını aldım, baş nahiyəsindən vurdum. O, zərbənin təsirindən yerə yıxıldı”.

Təqsirləndirilən şəxs bildirib ki, onların dalaşmasını qaynanası Vüsalə görüb: “Lətif vurduqdan sonra səs-küyə həyat yoldaşımın bibisi Səadət də ora gəldi. Küçədə Vüsalə üzərimə yeridi, onu da yumruqla vurdum. Evdən çıxarkən dəmir darvazaya yumruqla vurduğum üçün əlimdən qan axırdı. Qayınatamgilin Nazilə adlı qohumu məni gördü, əlimi sarıdı. Sonra isə avtomobilimi idarə edərək oradan uzaqlaşdım”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin hadisədən sonra da Lətif bir neçə gün xəstəxanada müalicə alıb və evə buraxılıb. Sentyabrın 7-də isə eşidib ki, Lətif vəfat edib.

Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstəribki, ekspert rəyində olan Lətifi vurması ilə onun ölümü arasındakı səbəbli əlaqə ilə razı deyil.

Orxanın sözlərinə görə, Lətif başqa xəstəlikləri olub, həm də onu vurduqdan təxminən 1 ay 20 gün sonra ölüb: “Həmin hadisədən sonra özüm 2-ci Qarabağ döyüşləri başlayan zaman könüllü olaraq döyüşlərə yollandım.

Birinci mənim üzərimə Lətif gəlib, məni vurduğu üçün bundan əsəbləşib ona xəsarət yetirmişəm. Baş vermiş hadisə zamanı sərxoş halda olduğum üçün Səadətə hər hansı xəsarət yetirib-yetirmədiyimi xatırlamıram. Ola bilər ki, belə bir hadisə baş verib, ancaq həmin hadisəni xatırlamıram. Ancaq dəqiq bilirəm ki, Lətifi ağac parçası ilə vuran zaman Səadət orada olmayıb”.

Qeyd edək ki, hadisədən sonra, yəni 2020-ci il iyulun 19-da Orxan həbs edilib.

Həmin il avqustun 18-də Orxanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Oktyabrın 1-də Tovuz rayon polis şöbəsinin müstəntiqi tərəfindən Orxan istintaqdan yayındığı üçün barəsində olan cinayət işi dayandırılıb və onun barəsində axtarış elan edilib.

İstintaq dövründə zərərçəkmiş Lətif kəllə-beyin tramvası ilə vəfat etdiyi üçün Orxanın əməli noyabrın 10-da Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Məlum olub ki, Orxan 2020-ci ilin sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon İdarəsi tərəfindən xidmətə çağırılıb.

Məhkəmə sənədlərindən görünür ki, Orxan “N” saylı hərbi hissənin 3-cü artilleriya divizionun idarəetmə tağımının idarəetmə manqasında radiotelefonçu vəzifəsində xidmət edib, xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, nizam-intizamlı hərbi qulluqçu kimi göstərib, döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak edib.

Orxan komandirlər, rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında, düzgün yerinə yetirib, şəxsi heyət arasında hörmət qazana bilib. Xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlib, hərbi nizamnamələrin tələblərini yaxşı bilib və onları vicdanla yerinə yetirməyə çalışıb.

Göstərilən irad və nöqsanlardan nəticə çıxarmağı bacarır və onların bir daha təkrar olunmasına yol verməyib.

Bütün bunlar istintaq orqanına təqdim olunan 3-cü artileriya divizionunun komandiri polkovnik-leytenant Elyar Mustafayev tərəfindən verilmiş Orxanın xidməti xassiyyətnaməsində qeyd olunub.

Bu səbəbdən Orxanın barəsində elan olunmuş Cinayət Məcəlləsinin 126.3-cü maddəsi dəyişdirilib və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilib.

Əsgər Orxan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə o, 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər