12 Yanvar 2022 18:14
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Əjdər Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini rüşvət qismində istəyərək alıb.

Qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində alıb.

Bundan başqa nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub.

Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Prokuror qeyd edib ki, Əjdər Cəbiyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Daha sonra ittihama münasibət bildirən Əjdər Cəbiyev elan olunan ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, pulları alaraq nazirliyin müəyyən xərclərinə sərf edib: “Başqa məqsədim olmayıb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğdir. Mən Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona nəsə verməmişəm. Əlavə sözüm yoxdur”.

Daha sonra şahidlər ifadə verməyə başlayıb.

Şahidlər Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.

Məlum olub ki, Əjdər Cəbiyev müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şəxslərdən 2 min manatdan 120 min manata qədər pul alıb.

Növbəti proses yanvarın 19-da davam edəcək.

İttihama görə, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.

Əjdər Cəbiyev sabiq nazir Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə işləyib.

Səlim Müslümovun cinayət işi ayrıca icraatda araşdırılır.

Bu ilin dekabrın 6-da Səlim Müsülümovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Səlim Müslümovun barəsində olan cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov