18 Yanvar 2022 16:00
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 1972-ci il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində keçmiş arvadı Lətifəyə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fərhad 9 noyabr 2021-ci ildə günorta saat 15.00-da Nəsimi rayonu, Azadlıq prospekti 19 ünvanının qarşısında keçmiş arvadı Lətifəyə zor tətbiq edib.

Onun baş nahiyəsinə əli ilə zərbə endirib, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Fərhadın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Fərhad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1996-cı ildə Lətifə ilə ailə qurub, münasibətləri alınmadığı üçün 2013-cü ildə rəsmən boşanıblar: “Artıq uzun müddətdir ki, Lətifə ayrı ünvanda tək, mənsə oğlumla yaşayıram. Lətifə ayrılmağıma baxmayaraq mütəmadi olaraq qohumlarımla əlaqə saxlayır, ünvanıma nalayiq sözlər işlədir. Noyabrın 9-da qohumlarım mənə yenidən bildirdi ki, Lətifə ünvanıma nalayiq fikirlər səsləndirib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Ləfitə ilə əlaqə saxlayıb və oğlu ilə Lətifənin yaşadığı mənzilə gedib: “Danışıq zamanı Lətifə bildirdi ki, telefonu “28 May” metrosu yaxınlığında ustadadır. Qohumlarımla danışmadığını sübut etmək üçün Lətifə ilə birlikdə gedərək telefona baxmağı təklif etdim. Oğlum və Lətifə ilə birlikdə taksidə "28 May" metrosunun yanına gəldik.

Azadlıq prospektində olan telefon mağazalarını bir-bir Lətifə ilə gəzdik, telefonu verdiyi ustanı axtardıq. 20-dən artıq mağaza axtarmağımıza baxmayaraq, telefonu verdiyi ustanı tapa bilməyəndə anladım ki, Lətifə məni aldadır. Elə telefon mağazasının qarşısında əsəbləşərək əlimlə onun sifət nahiyəsindən zərbə vurdum.

Bu zaman Lətifə qışqırdı, səs-küy salmağa başladı. Yaxınlıqdan keçən qadın mənə irad bildirdi. Həmin xanıma məsələnin ailə münasibətinə aid olduğunu bildirdim. Sonra ətrafda olan şəxslər və oğlum bizi ayırdı. Mən də oğlumla oradan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətifənin sözlərinə görə, Fərhadla ailə münasibətləri pozulduğundan 2013-ci ildə boşanıblar: “Oğlum Həsən artıq 5 ildən çoxdur ki, Moskva şəhərinə köçüb və hazırda orada yaşayır. Digər oğlum Malik isə bir ilə yaxındır atası Fərhadla yaşayır. Məni evdən çıxardaraq tək yaşamağa məcbur ediblər.

Fərhad və Malik heç bir zaman işləməyiblər, hər zaman özüm onlara kömək etmişəm. Artıq təqaüdə çıxdıqdan sonra maddi problemlər başladı. Malik atası ilə danışdı, razılaşaraq məni evdən çıxartdılar. Bundan sonra valideynlərimə məxsus evdə tək yaşadım”.

Zərərçəkmiş deyib ki, oğlu Malikə və atası Fərhada pul lazım olduqda hər dəfə onunla əlaqə saxlayırlar:

“Noyabrın 9-da səhər saatlarında özümə məxsus “Samsung" markalı mobil telefonunu “28 May” metrosu yaxınlığında ustaya təmirə verdim və yaşadığım evə getdim. Saat təxminən 14.00-da Malik və Fərhad birlikdə tək yaşadığım evə gəldilər.

Fərhad bildirdi ki, guya qohumlarına zəng edib, onları narahat etmişəm. Mən qohumlarına zəng etmədiyimi bildirdim. Fərhad dediklərimi yoxlamaq üçün məndən mobil telefonumu istədi. Telefonum ustada olduğunu bildirdim. Sonra onun təkidiylə telefonu götürmək üçün taksi ilə “28 May” metrosunun yanına gəldik.

Ustanın yerini dəqiq xatırlamadığım üçün orada mağazalara daxil oldum, ustanı axtarmağa başladım. Bır neçə mağazada ustanı tapa bilmədikdə Fərhad mənimlə mübahisə etməyə başladı. Mağazanın qarşısında baş nahiyəmdən əli ilə vuraraq məni yerə yıxdı. Üzərimə gəldi, yenidən məni vurmaq istəyən zaman ətrafda olan şəxslər və oğlum onu saxladılar”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və hadisə barədə məlumat verib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti olmadığını deyib.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Fərhad 1000 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov