Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakiniŞ 33 yaşlı Elsevər Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bu ilin iyulun 20-də Xətai rayonunun Əhmədli qəsəbəsində Elsevər Şükürov həyat yoldaşı, 32 yaşlı Rəqsanə Şükürovanı bıçaqlayaraq öldürüb. Sonra isə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə gələrək könüllü təslim olub və həyat yoldaşını qətlə yetirdiyini bildirib. O, cinayətdə istifadə etdiyi bıçağı da polisə təhvil verib. Hadisə qısqanclıq zəminində baş verib.
İstintaq zamanı məlum olub ki, ərlə-arvad arasında əvvəllər də dəfələrlə mübahisə olub. Amma 3 gün bundan əvvəl onlar yaşadıqları Masallı rayonundan paytaxta gələrək yenidən birlikdə yaşamağa başlayıblar. Ailənin bu nigahdan olan iki azyaşlı övladları isə rayonda qohumlarının yanında qalıb. Hadisə günü Elsevər və Rəqsanə yenidən mübahisə edib. Bundan sonra evdən çıxan Rəqsanəyə mənzilin yanında çatan Elsevər onu həyatdan məhrum edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı dekabrım 2-nə təyin edilib.
Hacı Zeynalov