6 Fevral 2022 09:55
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1968-ci il təvəllüdlü Elşad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Akifə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 12 iyun 2021-ci ildə, saat 16 radələrində rayonun Söyüdlü kəndinin yaylaq sahəsində baş verib.

İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eışad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır: “Akif və onun oğlu Eliş adı ilə tanıdığım Elfaq həmkəndlilərimdir. Aramızda əvvəllər narazılıq və mübahisələri olub. Amma düşmənçilik və ədavətimiz olmayıb. Yay aylarında heyvanlarımı Söyüdlü kəndinin yaylaq sahəsində, qış aylarında isə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə saxlayıram. Akif və onun oğlu heyvanlarını arxacından təxminən 2 kilometr məsafədə “Qızılca” meşəsində saxlayırlar. Arxacı yoldan kənarda yerləşsə də, Akif və onun oğlu dəfələrlə atını oradan sürüb, heyvanlarımı hürküdüblər. Məni bu hərəkətləri ilə bezdirib, həmin arxacdan çıxartmaq istəyiblər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 12-də, saat 16 radələrində arxacına gələn zaman Akif və Elfaq arxacından keçdiyini görüb: “Həmin şəxslərə yaxınlaşdım, orada ailəmin yaşadığını deyərək niyə arxacından keçdiklərini soruşdum. Onlar arxacdan keçən zaman itimiz onların yanında gələn itə hürdüyü üçün Elfaq itimi ağacla vurdu. Mən də ona əsəbləşdim. Dedim ki, sizə neçə dəfə demişəm mənim arxacımdan keçməyin, el yolu ilə niyə getmirsiniz, siz mənim arxacımdan niyə keçirsiniz ki, itlər də sizə hürür, sən niyə mənim itimi vurursan. Həmin vaxt aramızda sözlə mübahisə oldu. Elfaq sözlə hədələyərək istədiyi vaxt oradan keçəcəyini bildirdi. Mübahisə zamanı Elfaq əlində olan ağacla kürəyimə vurdu. Sonra Elfaqın atası Akif əlində olan balta ilə başımın sağ tərəfindən vurdu. Baltanın küpü ilə, yoxsa kəsici yeri ilə vurduğunu dəqiq xatırlamıram. Həmin vaxt dayandığım yer çökək olub. Elfaq bir qədər yuxarı tərəfə keçdi, əlindəki ağacla başıma vurmaq istdi. Başımı qorumaq üçün sağ qolumu irəli tutdum və ağac sağ qoluma dəydi. Qolumun ağac dəyən yerindən bərk ağrı tutduğu üçün sol qolum ilə yaralanmış sağ qolumu tutdum, yerə çökdüm. Həmin vaxt arvadım İlhamə səsə gəldi. İlhamənin köməyi ilə canımı onlardan qurtardım və Söyüdlü kəndindəki yaşadığım evə gəldim. Baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Akifi vurmamışam və ona xəsarət yetirməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Akifin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Söyüdlü kəndində yaşayır: “İribuynuzlu heyvanlarını yay aylarında oğlum Elfaqla birlikdə Söyüdlü kəndinin “çaxçaxlı” adlanan örüş sahəsində saxlayırıq. İyunun 12-də, saat 16 radələrində örüş sahəsində çörəyimiz qurtardığı üçün oğlum Elfaq kəndə getmək istədi. Atlar dalaşmasın deyə öz atımı mindim, oğlumu ötürmək üçün irəlidə getdim. Elşadın arxacının yaxınlığından keçən zaman onun bir qədər aralıda atla gəldiyini gördüm. Elşad atdan düşdü, nalayiq söyüşlər söydü, mənimlə daşlamağa başladı. Sonra Elşad yaxınlaşaraq əlindəki ağacla sol qolumdan vurdu və məni atdan yerə yıxdı. Elşadın arvadı İlhamə gəldi. Hər ikisi birləşərək yerdə məni yumruq və təpiklə döyməyə başladılar. Bir qədər sonra oğlum Elfaqın səsini eşitdim. Elfaq dedi ki, niyə atamı öldürürsünüz, onun günahı nədir. Elfaq Elşad və İlhaməni məndən ayırdı. Yerdən qalxdıqdan sonra Elşadın vurduğu ağacı yerdən götürdüm, onun başına, gözünə, qoluna və bədəninin digər nahiyələrinə bir neçə dəfə həmin ağacla vurdum. Ağacı orada ataraq oradan uzaqlaşdım”.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Elşad qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunub.

8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci hissəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilib.


Müəllif: Hacı Zeynalov