Validə Zamanova: “Vüqar gecə saat 2-də məni oyadıb döyürdü”
Bu günlərdə Şəkidə orta məktəb müəlliməsinin şagirdlərinin gözü qarşısında qanına qəltan olunması artıq neçə gündür, təkcə rayon sakinlərinin deyil, həm də ölkə ictimaiyyətinin, mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Validə Zamanovanın dərsdən çıxarkən keçmiş həyat yoldaşı Vüqarın hücumuna məruz qalması, ağır xəsarətlər alması məktəbdə baş vermiş cinayətin motivləri ilə bağlı müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub.
Köməksiz qadının ağzının bıçaqla cırılması, yerə yıxılaraq boğazının kəsilməsi, bir sözlə cinayətin xüsusi amansızlıqla, vəhşiliklə törədilməsi qanlı olayın köklərinin dərinliyindən xəbər verir. Hadisənin təfərrüatları ilə yerində tanış olmaq üçün Şəkiyə, o cümlədən Aşağı Göynük kəndinə baş çəkərək sakinlərlə, habelə rayon mərkəzi xəstəxanasında müalicə olunan Validə Zamanovayla söhbətləşərək cinayətin yaranma səbəblərinə, qaranlıq qalan bir sıra gizli məqamlara aydınlıq gətirməyə çalışdıq.
Əvvəldən dolanmırdılar
Kənd sakinləri bildirdilər ki, hadisə məktəbin həyətində baş verib. Qışqırıb kömək istəyən Validə Zamanovanın harayına məktəbin şagirdləri və müəllimlər yetişiblər. Onların Vüqarı zərərsizləşdirməsi səbəbindən kişi keçmiş arvadının başını kəsə bilməyib. Aşagı Ğöynük kəndinin sakinlərinin sözlərinə görə, Validə Zamanova ilə Vüqar cəmi 3 il birgə yaşayıblar. Onların bu nikahdan bir qızları dünyaya gəlib. Ərlə arvad arasında narazılıq yaranıb və bu səbəbdən onlar boşanıblar. Boşanan zaman Vüqar arvadını döyüb. Həmin səbəbdən də, müəllimə polisə üz tutub. Kişi həyat yoldaşını döydüyü üçün həbs olunub. Bu yaxınlarda həbsdən azad edilib.
Kənd sakinlərindən biri bildirdi ki, 4-5 il bundan əvvəl qurulan ailədə elə ilk günlərdən söz-söhbətlər yaranıb. Özü də qısqanclıq üstündə. Vüqar həyat yoldaşını tez-tez döyürmüş. Ailə başçıları arasındakı narazılıq sonda ərlə arvadın boşanmasına səbəb olub.
“Qızıma böhtan atdı ki, mənə cadu etmisən”
Validə Zamanovanın bacısı Şəfa Məmmədova bildirdi ki, bacısının keçmiş həyat yoldaşı onun yeniyetmə qızının guya cadu etməsindən şübhələnir, övladına böhtan atırmış:
“Mən bacımın Vüqarla ailə qurmasının əleyhinə idim. Çünki həmin ailənin pis olduğunu bilirdim. Atama dedim ki, elçilərə yox de. Hətta bunun üstündə atamdan küsüb getmişdim. Amma təəssüf ki, bunların heç bir faydası olmadı. Toydan əvvəl Vüqarın atası məni təhqir etdi. Lakin bacımın xətrinə hər şeyə dözürdüm. Hətta onun övladıma şər atmasına göz yumdum. Bilirdim ki, bacıma cəhənnəm əzabı yaşadır”.
“Qışqıranda bıçağı ağzıma soxdu”
Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan Validə Zamanova bildirdi ki, günorta, təxminən saat 12:50 radələrində dərsi bitirib evə gedirmiş:
“Məktəbin qapısına tərəf addımlayırdım. Vüqar gözlənilmədən arxadan peyda olaraq küçə söyüşü ilə məni səslədi. Sən demə, məktəbin həyətinə giribmiş. Səsə dönüb arxaya baxanda onu görüb vahimələndim. Cibindən iri bıçaq çıxardı. Gözlərimlə məktəbin həyətində iş yoldaşlarımı, şagirdləri axtardım ki, kimisə görsəm, köməyə çağırım. Evə gedən 10-15 məktəblini görəndə qışqırdım ki, uşaqlar, Cahangir müəllimi çağırın! Mən qışqıranda bıçağı ağzıma soxdu. Bıçaq ağzıma girəndə hiss etdim ki, boğuluram. Ağzımdan qan gəldi. Növbəti zərbədən yayınmaq, müqavimət göstərmək üçün onu itələyib yenə uşaqlardan kömək istədim. Onu itələyəndə bıçaq ağzımdan çıxdı. Əliylə saçlarımdan tutub növbəti zərbəni endirmək, başımı kəsmək istədi. Yaxşı ki, qalın kofta geymişdim. Amma bununla belə bıçaq boğazımı kəsdi. Onun niyyətini duyub var gücümlə müqavimət göstərməyə başladım. Sağ əlimi sifətinə uzatdım, sol əlimlə də bıçaq olan əlini tutdum ki, başımı kəsə bilməsin. Bıçağın iti yerindən tutanda dartışmağa başladıq. Bu vaxt bıçaq əlimi kəsdi. Sonradan müstəntiq dedi ki, bıçaq sınıb. Sən demə, bıçagın tiyəsi əlimdə qalıbmış. Bunu gördükdə məni yerə yıxaraq boğmaq istədi. Elə bu zaman gördüm ki, məktəbin texniki işçisi, direktorun qardaşı Mübariz Mahmudov qışqıra-qışqıra köməyimə gəlir. O, üstümə yıxılmış Vüqarı geri çəkdi. Ayağa qalxıb məktəbə doğru qaçmağa başladım. Əlim, üz-gözüm qan içindəydi. Əl-üzümü yumağa getdim. Müəllimlərin əlindən çıxıb dalımca gəlmək istəyirdi. Onlara qışqırdı ki, niyə onu əlimdən aldınız, Validəni öldürmək istəyirəm. Qışqırdım ki, ay müəllimlər, görmürsünüz məni öldürmək istəyir?! Qoymayın!”
Validə Zamanova bildirdi ki, onu xilas edən ilk şəxs Mübariz Mahmudov olsa da, Vüqarı sonradan fiziki cəhətdən güclü direktor tutub saxlayıb və Şəki polisinə təhvil verib.
Vüqarın birinci arvadı da evdən qaçmışdı
Keçmiş ərinin hücumuna məruz qalmış qadın uzun müddət ərinin işgəncələrindən təngə gəldiyini vurğuladı: “Gedib araşdırsanız görərsiniz ki, bir ildən çoxdur məhkəmələrdə sürünürəm. Əgər mənim işimə məsuliyyətlə yanaşsaydılar, indi belə olmazdı. Hələ keçən ilin dekabrında məni öldürmək istədi. Onda evimizə qaçdım”.
2010-cu ildə qurulan ailənin özülü elə ilk günlərdən kövrək olub: “Sevmədən ailə qurmuşduq. Vüqarın babasını atam tanıyırdı. Elçilik də onun vasitəsilə olmuşdu. Buna ailə demək olmazdı. Hər gün təhqir, işgəncə…Məni küçədə, həyətdə döymürdü ki, hamı bilər. Özü də heç nədən vururdu. Qapını bağlayıb otağın içində döyürdü. Bağlı qapının arxasında hara qaça bilərdim axı? Bunların heç birini ata-anama demirdim. Hər şeyi gizlədirdim. Məni aldadıb almışdılar. Anası çoxdan dünyasını dəyişmişdi. Mən bu ailənin üzvü olanda onların xeyli borcları vardı. Atası toydan əvvəl kredit götürmüşdü. Toydan sonra isə karyerdə işləmək adıyla harasa yoxa çıxdı. Mənə elçiliyə babası gəlmişdi deyə onu axtarırdıq ki, bu məsələyə aydınlıq gətirsin. Həmin krediti mən ödəyəsi oldum. 2010-cu ilin dekabrında xəstə uşağım dünyaya gəldi. Onun da müalicə xərclərini özüm ödədim. Övladım dünyaya gələndən bir neçə gün sonra doğum evindən çıxdım. Anam mənə kömək etmək üçün bir neçə gün bizdə qaldı. Onun yanında da məni heç bir səbəb olmadan döyməyə başladı. Anam dedi ki, daha buna dözmək olmaz. 2010-cu ilin dekabrında atam onu məhkəməyə vermişdi”.
Müsahibim əlavə etdi ki, Vüqarın ilk həyat yoldaşı toydan 29 gün sonra onun manyak olduğunu bilərək evdən qaçıb. Problem sonradan qismən həllini tapsa da, tərəflər arasındakı gərginlik bir müddət sonra yenidən dərinləşib:
“Hərdən evdə qəribə hərəkətlər edirdi. Başını əllərilə ovuşdurur, var-gəl edirdi. Deyirdi ki, yenə başımın ağrısı tutdu. Gözləri qızarırdı. Sonradan mənə dedilər ki, bu, narkotik asılılığının əlamətidir. Gecə saat ikidə məni yuxudan oyadıb döyməyə başlayırdı. Səsə qızım da oyanırdı. Yalvarırdım ki, heç olmasa, məni apar o biri otaqda döy, uşaq görməsin. Bəzən elə olurdu ki, ikimizi də çıxarıb gecə şaxtalı havalarda çöldə saxlayırdı”.
Nazir general-polkovnik İmaməddim Abbasovu Şəkiyə göndərdi
Tərəflər arasında gərginlik ötən ilin sonlarında da ictimailəşibmiş. Ötən ilin dekabrında əri tərəfindən ölümlə hədələnən qadının Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə müraciət etməsindən sonra Vüqara qarşı cinayət işi açıldığından o, ANS-ə müraciət edərək efirə çıxıb:
“Elgizin verilişində özünə haqq qazandırmaq, məni şərləmək istəsə də, elə ordaca onun yalanlarını üzə çıxarıb danladılar. Guya disk aparmışdı ki, özü evdə olmayanda səsimi yazıb. Lakin həmin diskin içində heç nəyin olmadığı üzə çıxdı. Vüqar heç nəyi sübut edə bilmədi. Sonra dedi ki, Validənin özgəyə yazdığı mesajlar əlimə keçib. Dedilər bəs hanı, göstər görək. Aparıcı Elgiz dedi ki, sən niyə ona böhtan atırsan? Verilişin ikinci günündə buradan müstəntiq Çingiz müəllim efirə qoşuldu”.
Müsahib qeyd etdi ki, onlar 2014-cü ilin yanvarında rəsmən boşanıblar. Bundan sonra tərəflər arasında mülk davası başlayıb: “Mən cehizimi o evdən götürə bilmirdim. Avqustun 30-da daxili işlər naziri Ramil Usubov Şəkiyə gəlmişdi. Atam Zəkəriyyə Zamanov polis rəisinin köməkliyi ilə onun qəbuluna düşdü. Ramil Usubov işə qarışdı. Nazirlikdən general-polkovnik İmaməddin Abbasovu Şəkiyə göndərdi. O, məni qəbul etdi. Təsəvvür edin, martın 13-də evdən çıxarmalı olduğum cehizi bir də general-polkovnik İmaməddin Abbasovun müdaxiləsindən sonra oktyabrın 3-də çıxara bildim. Əmlakımı polisin köməyi ilə böyük çətinliklə oradan çıxaranda da problemlərlə üzləşdim. Məhkəmə icraçılarının gözü qarşısında polis işçilərinin birinin paqonundan yapışıb dedi ki, mən paqon-zad hərləmirəm”.
Şəki rayon məhkəməsinin qərarı ilə bir neçə ay həbsdə yatan Vüqar azadlığa çıxandan sonra Validəni öldürmək qərarına gəlib. Sonda isə məlum hadisə baş verib.