9 Aprel 2022 11:13
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Qanunsuz quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq məhv edilib.

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir. Təkcə 2022-ci ilin üç ayı ərzində Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı tərəfindən qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati fakt qeydə alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com