4 May 2022 14:01
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1990-cı il təvəllüdlü Samir və 1993-cü il təvəllüdlü Ziyad yüngül həyat tərzi keçirən Səbinəyə (ad şərti verilib – red.) qarşı quldurluq ediblər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 7 sentyabr 2020-ci ildə saat 20 radələrində baş verib.

Samir əvvəllər tanıdığı Səbinə ilə 50 manat ödəmək şərti ilə cinsi əlaqədə olmaq üçün razılığa gəlib. Bu məqsədlə Xırdalan dairəsi yaxınlığında onunla görüşüb. Qadını idarə etdiyi avtomobilə mindirib və Novxanı kəndi ərazisində yerləşən, insanların olmadığı, yaşayış və iaşə obyektlərindən kənar əraziyə aparıb. Orada Səbinəni avtomobildən düşürərək onunla cinsi əlaqədə olub.

Daha sonra Səbinənin çantasını əlində alıb, çantada olan 300 manatı, 120 manat dəyərində Çin istehsalı olan “Redmi” markalı mobil telefonu, içərisində 5 manat dəyərində mobil nömrəni, 240 manat dəyərində Çin istehsalı olan “Redmi” markalı digər mobil telefonu götürüb. Ona bu əməli törətməkdə tanışı Ziyad da kömək edib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

“Əvvəl məni tanımadı”

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Samir elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səbinə ilə 2013-cü ildə tanış olub: “2020-ci il təxminən sentyabrın 5-də Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış məntəqəsinin yanında maşınımla keçərkən təsadüfən Səbinəni gördüm və ona yaxınlaşdım. O, birinci məni tanımadı. Sonra tanışlıq verəndə yadına saldı.

Səbinədən mobil nömrəsini aldım və 50 manata cinsi əlaqədə olmaq barədə danışdım. O da görüşə razılıq verdi”.

“Təpəlik yerə getməyi təklif etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 7-də Səbinəyə yenə zəng edib və görüş təyin edub: “Biz “Xırdalan dairəsi”nin yaxınlığında görüşməyə razılaşmışdıq. Görüşdən əvvəl dostum Ziyada da dedim. O da birgə getmək istədiyini bildirdi. Ziyadı maşınımla gedərək götürdüm. Birlikdə saat 20 radələrində Səbinəni götürdük.

Ziyad qarşıda, Səbinə isə arxada oturmuşdu. Səbinəni yeyib-içmək üçün kafeyə dəvət etdik, lakin o, razı olmadı, cinsi əlaqədə olmaq üçün otelə getmək istədi. Pulum az olduğu üçün Səbinəyə Novxanı kəndində yerləşən, adam olmayan təpəlik yerə getməyi təklif etdim. Səbinə isə birinci uşağı evdə tək olduğunu dedi, narazılıq etdi. Lakin sonra razı oldu”.

Samir bildirib ki, maşını Novxanı kəndində gölün yanında gözdən kənar bir yerə sürüb: “Səbinə pulunu əvvəldən istədiyindən, maşında arxada ayaqaltında qizlətdiyim 300 manatı götürdüm, oradan 100 manatını Səbinəyə vermək istədim. Pulun orada olmadığını görəndə Səbinədən şübhələndim.

Onu kənara çəkdim, əlindən çantasını alıb pulun orada olub-olmamasını yoxlamaq istədim. Səbinə mənə çantasını verməkdən imtina elədi. Amma çantasını aldım.

Çantada 50 manatlıq əskinas gördüm. Həmçinin 2 ədəd mobil telefonu da çantada idi. Həmin 50 manatı götürdüm. Səbinənin telefonlarını da götürərək söndürdüm və cibimə qoydum. Səbinəyə “pulumun qalanını qaytaranda telefonlarını qaytararam” dedim və sonra maşına oturaraq orada Ziyadla birlikdə getdik”.

“Üstünü yoxlamamışam”

Samirin sözlərinə görə, Səbinə ilə 2013-cü ildən görüşərək cinsi əlaqədə olub. O bildirib ki, digər təqsirləndirilən Ziyadla bir yerdə işləyib:

“Mən “Kristall Abşeron”da bələdçi işləmişən, Ziyadla 2015-ci ildə orda tanış olmuşam. Maşında gizlətdiyim 300 manat pul 6 ədəd 50 manatlıq əskinasdan ibarət olub. Səbinəyə Ziyadın əvəzinə 50 manat pulu mən verməli olmuşam. Çünki Ziyad pul istəyəndə müdir ona pul verməmişdi. Mənə isə 300 manat vermişdi.

Səbinənin çantasına baxdıqda orada 50 manat gördüm. Səbinənin sadəcə çantasını yoxlamışam, üzərini axtarmamışam. Səbinə tanıdığım insan olduğu üçün üstünü yoxlamadım. Telefonu istədim, pulumu qaytaranda telefonunu verəcəyimi dedim”.

“Zorakılıq etməmişik”

Samir ifadəsində göstərib ki, Ziyada pulu olmadığına görə öz pulundan borca 25 manat verib:

“Çünki əvvəldə Ziyad məndən pul istəmişdi. Hadisə vaxtı məndə və Ziyadda heç bir silah qismində istifadə edilən əşya, o cümlədən bıçaq olmayıb. Telefonları almaq üçün heç bir vasitədən istifadə etməmişik. Səbinə ilə maşından düşərək kənarda söhbət etmişəm. Çünki ilkin olaraq özüm onunla cinsi əlaqədə olmağı istəyirdim. Səbinənin telefonlarını götürdüyüm zaman Ziyad maşında olub. Onun heç nədən xəbəri olmayıb.

Ziyad ümumiyyətlə Səbinə ilə mənim aramda olan söhbətə qarışmayıb. Nə özüm, nə də Ziyad Səbinəni vurmamışıq, ona heç bir zor göstərməmişik və xəsarət yetirməmişik”.

“Otelə getmədiyini, kənar yer axtardığını anladım”

Digər təqsirləndirilən Ziyadın sözlərinə görə, 2020-ci ilin sentyabrın 7-də axşam saatlarında tanışı Samir ona zəng edib: “Samir bir qızla cinsi əlaqədə olmaq üçün hərəmizin 50 manat pul vermək şərti ilə razılaşdığını bildirdi, onunla gedib-getməyəcəyimi soruşdu.

Onunla razılaşdıqdan sonra Samirin maşını ilə saat 19 radələrində “Xırdalan dairəsi” deyilən yerə getdik. Bir qədər sonra Səbinə adlı qadın yaxınlaşdı, avtomobilə arxada əyləşdi. Samir kafelərin birində yemək yeməyi təklif etdi. Lakin Səbinə artıq gec olduğunu və uşaqlarının evdə tək olduğuna görə evə tələsdiyini bildirdi. Birbaşa otelə getməyi təklif etdi.

Samir isə maşını Novxanı istiqamətində Duz gölünün yanına sürdü. Bu vaxt onun otelə getmədiyini, kənar yer axtardığını anladım. Çünki otelə veriləsi pulumuz yox idi.

Səbinə kənara getməyə görə narazılıq etdi. Lakin sonra razılaşdı. Duz gölünə tərəf çatdıqda Səbinə maşından düşdü. Samir onun dalınca getdi”.

“Dedi ki, gedək təpənin üstünə cinsi əlaqədə olaq”

Ziyad qeyd edib ki, sonra onların ikisi də maşına qayıdıb: “Həmin vaxt mən maşında qarşıdakı sərnişin yerində oturmuşdum. Onların söhbətlərinə qarışmadım. Samir Səbinəni yola gətirmək üçün dedi ki, gedək təpənin üstünə cinsi əlaqədə olaq, sonra səni apararaq evinə düşürəcəm. Səbinə də razılaşdı ki, hər ikimizlə cinsi əlaqədə olduqdan sonra evinə düşürəcəyik. Həmin vaxt artıq gecidi, hava qaranlıq idi.

İlkin olaraq Samir Səbinə ilə çəpərin arxasına keçib, ağaclıqda cinsi əlaqədə oldu. Mən kənarda dayandım. Sonra Samir gəldi. Mən də Səbinənin razılığı ilə onunla cinsi əlaqədə oldum.

Sonra yenidən Samir Səbinə ilə cinsi əlaqədə oldu. Ardınca yenə özüm və məndən sonra bir dəfə də Samir Səbinə ilə cinsi əlaqədə oldu. Bu zaman nə mən, nə də Samir Səbinəyə zor tətbiq etməmişik. Onun özü könüllü cinsi əlaqədə olub. Çünki Samir onunla pula cinsi əlaqə olmağı razılaşmışdı.

Samir Səbinə ilə cinsi əlaqədə olduqda sonra ikisi də mənə tərəf gəldi. Onların nə isə sözlə mübahisə etdiklərini gördüm. Səbinə Samirə dedi ki, mənim sinəmdən pul düşüb, pulu mənə verməlisən, məni bura nəyə gətirdin, apar evimə qaytar. Samir isə ona dedi ki, özün bilərsən, onda özün qayıdarsan”.

Samirə “problem yaratma, gecdir, gəl qızı da evinə düşürək çıxaq gedək” dedim. Samir bildirdi ki, sənlik deyil, sən qarışma, get maşını gətir, gedək. Samirlə Səbinənin söhbətinə qarışmaq istəmədiyimdən maşını gətirdim və üzü yola tərəf maşını saxladım, maşında qarşı sərnişin oturacağında oturdum, onu gözləyərək musiqiyə qulaq asdım”.

“Yorğun olduğunu dedi”

Ziyad qeyd edib ki, təxminən 15-20 dəqiqə sonra Samir gələrək maşına oturub və maşını sürüb: “Səbinənin harada olduğunu soruşdum. Samir Səbinənin özünün gedəcəyini, dalınca başqa maşın gələcəyini dedi.

Samir məni Masazır dairəsinin yanında düşürdü. Oradan isə özüm Xırdalana kirayə yaşadığım evə getdim. Çünki Samir yorğun olduğunu və məni düşürə bilməyəcəyini dedi”.

Ziyad bildirib ki, həmin gün Səbinəyə veriləsi pulu olmayıb: “Samir mənim əvəzimə 50 manat olmaqla cəmi 100 manat verəcəyini demişdi. Sonra 50 manatı maaş alanda Samirə qaytarmalı oldum. Nə məndə, nə də Samirdə bıçaq olub. Özüm Səbinə ilə ümumiyyətlə heç sözlə də mübahisə etməmişəm.

Səbinəyə bıçaq çıxarmamışam, onun telefonunu, pulunu almamışam, ona xəsarət yetirməmişəm. Sadəcə öz razılığı ilə onunla cinsi əlaqədə olmuşam. Samirin də Səbinəyə bıçaq çıxarmasının, ona xəsarət yetirməsinin, zor göstərməsinin şahidi olmamışam. Belə bir şey olsaydı, ən azından Səbinə qışqırardı, köməyə çağırardı”.

Daha sonra özünün və Samirin kasıb olduqlarını, çətinliklə dolandıqlarını deyən təqsirləndirilən şəxs qeyd edib ki, Səbinəyə qarşı belə bir hərəkətin baş verməsini gördüyü halda problem yaranmasın deyə bunun qarşısını alardı.

“Məni evə aparmalarını xahiş etdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə ifadəsinin əvvəlində Samirlə rastlaşmasından, Samirin onunla cinsi əlaqədə olmaq təklifindən danışıb. Qeyd edib ki, Samirlə razılaşdıqdan sonra sentybarın 1-də cinsi əlaqədə olmaq üçün görüşüblər:

“Sentyabrın 7-də saat təxminən 20 radələrində Samirlə görüşmək üçün “Xırdalan dairəsi” deyilən yerə gəldik. Samirlə 100 manat müqabilində görüşməyə razılaşdım. Həmin yerdə Samirin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşdim. Avtomobildə Samrdən başqa Ziyad adlı şəxs də vardı. Ziyadı ilk dəfə həmin vaxt görmüşəm.

Samir birlikdə kafelərin birində yemək yedikdən sonra cinsi əlaqədə olmağı təklif etdi. Lakin onun təklifi ilə razılşamadım, evdə uşaqların tək olduğunu bildirdim və məni evə aparmalarını xahiş etdim. Sonradan Samirin təkidi ilə onlarla kafelərin birində çay içməyə razılıq verdim”.

“Soyunmağımı tələb etdi”

Səbinənin sözlərinə görə, bu zaman Samir avtomobili Novxanı kəndi istiqamətinə sürdüyündən qışqırmağa başlayıb: “Samir avtomobili saxladı və məni maşından düşürdü. Saçımdan tutaraq hədələməklə sakit olmağımı tələb etdi. Ondan məni evimə aparmasını xahiş etdim. Məni evə aparacağı ilə razı saldı, avtomobilə əyləşdirdi. Lakin avtomobili Novxanı kəndi yaxınlığında Duz gölünün kənarına sürdü.

Məni həmin yerdə maşından düşürərək kolluq əraziyə apardı. Həmin vaxt Ziyad maşının yanında sakit dayanaraq heç nəyə qarışmadı. Samirlə piyada hərəkət edərək maşından xeyli uzaqlaşdıq. Sonra Samir məndən telefonlarımı və əlimdə olan çantamı alaraq soyunmağımı tələb etdi”.

“Samirlə 3 dəfə, Ziyadla 2 dəfə cinsi əlaqədə oldum”

Səbinə deyib ki, sonra Samirlə 3 dəfə, Ziyadla isə 2 dəfə təbii yolla cinsi əlaqədə olub: “Ziyad mənimlə cinsi əlaqədə olmaq istəmədi. Lakin Samirin təkidindən sonra oldu. Cinsi əlaqədə olduqdan sonra Samirdən məni evə aparmasını xahiş etdi. Ziyad halıma acıyaraq Samirdən məni evə aparmasını xahiş etdi.

Samir Ziyada maşını yolun kənarına gətirməyi tapşırdı. Ziyad uzaqlaşdıqda Samir mənə məxsus çantanın içərisindən 300 manatı götürərək cibinə qoydu. Samirdən əl çəkməyərək pullarımı və telefonlarımı geri qaytarmasını, əks təqdirdə polisə şikayət edəcəyimi bildirdim.

O, saçımdan tutaraq polis olduğunu bildirdi və səssiz qalmayacağım təqdirdə məni öldürəcəyi ilə hədələdi. Onlar getdikdən sonra qaranlıqda yol kənarına çıxmağa çalışdım. Bu zaman getdiyim yolu görmədiyim üçün kollara ilişdim, qollarım sıyırıldı. Yolun kənarında isə beton hasara ilişərək yıxıldIm, ayağımdan xəsarət aldım”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Samir telefonlarını və pullarını ondan alarkən silah qismində hər hansı əşya tətbiq etməyib: “Sadəcə saçımdan tutaraq səssiz olmağımı tələb etdi. Telefonlarımı və pullarımı alarkən mənə heç bir xəsarət yetirmədi, həmin xəsarətlər yolun kənarına doğru hərəkət edən zaman yıxıldığı üçün yarandı.

Hadisədən sonra həkim müayinəsindən keçmişəm. Ayağımda olan xəsarətlərdən başqa heç bir xəsarət almamışam. Ziyad tərəfindən mənə qarşı heç bir zorakılıq hərəkətləri edilməyib”.

Məhkəmə Samirin əməlini Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsinə tövsif edilb. Ona 1 il 6 ay 21 gün müddətinə cəza təyin edib. Həmin cəza müddəti onun həbsdə saxlanıldığı 8 sentyabr 2020-ci ildən 29 mart 2022-ci ilədək olan həbsdə və ev dustaqlığında olduğu müddətlə hesablanıb və cəzasını çəkilmiş hesab edilib. Barəsində olan həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Ziyadın barəsində isə ittiham olunduğu hər iki maddə üzrə bəraət verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər