18 May 2022 14:04
2 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon sakini, 1964-cü il təvəllüdlü Qafar özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim eləməklə dələduzluqda ittiham olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xocalı veteranlar şurasının sədri vəzifəsində işləmiş Qafar özünü Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan generalı kimi təqdim edib, 2020-ci il avqustun əvvəllərində Nübara onu müsabiqədən kənar Dövlət Təhlükəsizliyi Xidmətinə qəbul edilməsinə kömək göstərmək imkanına malik olduğunu bildirib.

Qafar Nübara yalandan Dövlət Təhlükəsizliyi Xidmətinə işə müsabiqədən kənar qəbula görə 20.000 manat pul verilməsinin lazım olduğunu deyib. Daha sonra o, razılşma əsasında başlanğıc üçün 3.000 manatın 1500 manatını alıb.

Nübar sonradan aldandığını başa düşdüyü üçün 20.000 manatı ələ keçirmək cəhdi baş tutmayıb .

İstintaq orqanı tərəfindən Qafarın barəsində Cinayət Məcəlləsinin 29, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılıb.

“Mənə “Müharibə veteranı” adı və vəsiqəsi verildi”

Məhkəmədə təqsirləndirləndirilən şəxs qismində ifadə verən Qafar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 15 mart 1990-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub: “1 oktyabr 1993-cü ildə öz xahişimlə daxili işlər orqanlarından xaric edildim. Yasamal rayon Daxili işlər İdarəsinin nəzdində olan mühafizə şöbəsinin əmri ilə 1993-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün Ağdam şəhərinə ezam olundum. Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən mənə “Müharibə veteranı” adı və vəsiqəsi verildi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildən 2019-cu ildək Xocalı Veteranlar şurasının sədri və “Veteran” qəzetinin baş redaktoru işləyib: “Ağır dərəcəli şəkərli diabet və qan təzyiqindən əziyyət çəkirəm, qara ciyərin serrozu diaqnozu ilə müalicə alıram”.

“Özümü general kimi təqdim etdim”

Qafar qeyd edib ki, Nübarı 2018-ci ilin axırlarından MTK-nın rəhbəri, atası ilə sağlığında dostluq etmiş Turalın katibəsi işlədiyi vaxtdan tanıyıb: “Nübar mənə ağıllı, savadlı, tərbiyəli bir qız təsiri bağışlayıb. İşlə bağlı tez-tez Turalın yanında olmuşam. Turalın tikdiyi binalardakı mənzillərə müştərilər tapmışam.

Turalın rəhbəri olduğu şirkətin mühasibi Rafiqi uzun müddətdir tanıyıram, aramızda dostluq münasibəti var. Nübarla hərdən şirkətdə aramızda baş tutan söhbətlər zamanı onun kollec qurtardığını, hazırda isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə ali təhsil aldığını öyrəndim.

2020-ci ilin martında şirkətdə olarkən ərk edərək Nübardan yapışdırıcı ilə veteran vəsiqəsinin kleydən qopmuş hissələrini yapışdırmağı xahiş etdim. Vəsiqədə Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin adının, atasının adının baş hərfləri, soyadı, vəzifəsi, rütbəsi və imzası qeyd olunduğundan Nübar elə zənn etdi ki, guya general-mayor rütbəsindəyəm.

Buna görə vəsiqəmi görən kimi təəccüblü halda mənim ehtiyatda olan general olduğumu soruşdu. Mən isə Nübarın səhvinə düzəliş verməyib, ona səssiz qalmağı xahiş etdim, asta səslə həqiqətən özümü Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan generalı kimi təqdim etdim. Ona özünün istəyindən asılı olaraq həmin orqana işə düzəldə biləcəyimi dedim. Bundan başqa Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşları ilə yaxın əlaqələrimin olduğunu nəzərinə çatdırdım. Söylədiklərimin öz aramızda qalmasını xahiş etdim.

Nübar təklifimə sevindi, böyük məmnuniyyətlə Dövlət Təhlükəsizlik Xidmətində işləmək istədiyini bildirdi. Paytaxtda COVİD-19 virusu ilə bağlı təyin edilmiş karantin günlərində bir müddət şirkətə gedə bilmədim”.

“Mənimlə görüşdürəcəyini dedi”

Qafarın sözlərinə görə, 2020-ci ilin iyulun əvvəllərində karantin rejiminin şərtləri nisbətən yüngülləşdikdən sonra yenidən şirkətə baş çəkib: “Şirkətdə ikilikdə olduğumuz zaman yenidən əvvəlki söhbətə qayıdıb, Nübarı Dövlət Təhlükəsizliyi Xidmətinə əməliyyat işinə işə düzəldə biləcəyini bildirdim. Nübar təklifimlə bağlı ailəsində məsləhətləşdikdən sonra yaxın qohumlarından birini mənimlə görüşdürəcəyini dedi.

2020-ci ilin iyulun ortalarında Nübarla Nərimanov rayon ərazisində yerləşən “Atatürk” parkında görüşdük. İşə düzəltmək üçün Nübardan ilkin olaraq 3000 manat istədim, yekunda isə 15-20 min manat civarında pul verməli olacağını dedim.

Pulun kimə çatacağını soruşanda, onun Dövlət Təhlükəsizlik Xidmətində rəhbər vəzifədə işləyən tanışlarıma verəcəyimi dedim. Nübar razılaşdı, pulu hazırladıqdan sonra çatdırmaq üçün növbəti dəfə görüşə dayısı ilə gələcəyini söylədi. Sonradan mənə dayısı kimi təqdim etdiyi şəxsin adının Seymur olduğunu bildim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, avqustun 18-də Nərimanov rayon ərazisində yerləşən “Atatürk” parkında Seymur və Nübarla görüşüb: “Həmin görüşdə ilkin olaraq 3000 manat pul istədim. Nübar başlanğıc üçün 1500 manat verəcəyini, işə düzəlmək üçün sənədləri yaxın günlərdə çatdıracağını dedi.

Avqustun 22-də yenidən Seymur və Nübarla Nərimanov rayon ərazisində yerləşən “Atatürk” parkında görüşdük. Parkda kafelərin birində söhbət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinə əməliyyat işinə işə düzəlmək üçün çantasından içi sənədlərlə dolu olan qovluğu və 1500 manat pulu mənə verdi. 3 ay yoxlanışdan sonra şəxsi həyatında hər hansı bir problem olmayacağı təqdirdə onu Dövlət Təhlükəsizlik Xidmətinə işə götürəcəklərini bildirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, reallıqda Nübarı hansısa özəl şirkətlərin birinə işə düzəltməyi planlaşdırıb: “Lakin söhbətlərdə onu Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə düzəldəcəyimi demişəm, Nübardan aldığım 1500 manat pulu öz şəxsi ehtiyaclarım üçün xərcləmişəm.

Onu işə düzəltmək üçün hər hansı orqana və ya özəl qurumların heç birinə istər şifahi, istərsə də rəsmi müraciət etməmişəm”.

“Milli Qəhrəman olduğunu eşitmişəm”

Şahid qismində ifadə verən Nübarın sözlərinə görə, 2016-2019-cu illərdə Quba Dövlət Sosial İqtisadi Kollecinin Vergi və vergi tutma fakültəsinin əyani şöbəsini bitirib: “2019-cu ildə Naxçıvan Universitetinin İqtisadiyyat fakültəsininin qiyabi şöbəsinə daxil olmuşam, hazırda həmin universitetdə təhsilini davam etdirirəm.

18 may 2018-ci ildən yaşayış binalarının tikintisi ilə məşğul olan MTK-da şirkətin müdiri Turalın katibəsi işləmişəm. Qafar da işlədiyim şirkətdən tanıyıram. O, şirkətə gəlib-gedib, əsasən şirkətin direktorunun yanında olub, konkret olaraq hansı işlə bağlı Tural müəllimin yanına gəlib-getdiyini bilməmişəm.

Tural müəllimlə təsadüfən bir dəfə söhbət edərkən ondan Qafarla şirkətin mühasibi Rafiq Razıyevin vasitəsi ilə tanış olduğunu eşitdim. İlk vaxtlar Qafarın Milli Qəhrəman olduğunu eşitmişdim”.

“General olması məndə şübhə yaratdı”

Nübar qeyd edib ki, 2020-ci ilin martında Qafar növbəti dəfə şirkətə gələndə onunla arasında təsadüfən söhbət yaranıb: “Bu zaman Qafar həmin vaxt orta ixtisas təhsilimin olduğunu və ali təhsilimi davam etdirdiyimi öyrəndi. Söhbət əsnasında cibindən laminasıyalı vəsiqəni çıxardaraq yapışdırıcı ilə vəsiqənin qopmuş hissələrini yapışdırmağı xahiş etdi.

Vəsiqəni nəzərdən keçirərkən Qafarın şəkli həkk olunmuş vəsiqədə “Xocalı Veteranlar şurasının sədri” və “general-mayor” yazılarını gördüm. Təəccüblü onun general mayor-rütbəsində olduğunu soruşdum. O isə əlilə səssiz qalmağımı işarə etdi.

Bir neçə gün sonra Qafar yenidən şirkətdə olarkən mənə yaxınlaşdı, sakit səslə məni Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə düzəldə biləcəyini, özünün də vaxtı ilə həmin xidmətin əməkdaşı olduğunu, hazırda isə xidmətin ehtiyatda olan general-mayoru kimi təqdim etdi. Bundan başqa Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşları ilə yaxın əlaqələrinin olduğunu da söylədi, işlə bağlı mənə söylədiklərini heç kimə deməməyi tapşırdı.

Qafarın məni işə düzəltməklə bağlı təklifi gözlənilməz oldu. Çünki həmin vaxta kimi işlə bağlı kiməsə müraciət etməmişdim. Mənə diqqət göstərdiyinə görə ona öz təşəkkürümü bildirdim, böyük məmnuniyyətlə qeyd olunan xidmətdə işləmək istədiyimi dedim.

Qafarın xahişini nəzərə alaraq aramızda olan danışığı işdə heç kimə demədim.

Qafar mənə Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməkdə köməklik göstərə biləcəyini qeyd etsə də, məsələ ilə bağlı tam təfərrüatı ilə söhbət edə bilmədik.

Şəhərdə COVİD-19 virusu ilə bağlı təyin edilmiş karantin günlərində Qafar bir müddət şirkətə gəlmədi. Onun barəsində Rafiqdən maraqlandım. Rafiq Qafarla 30 ildir dostluq etdiyini, əvvəllər polis əməkdaşı kimi çalışdığını, hazırda təqaüddə olduğunu söylədi. İstər Turala, istərsə də Rafiqə Qafarın mənə Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməklə bağlı təklif etdiyini deməmişəm.

Rafiqin sözlərindən sonra Qafarın əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləməsi, general-mayor rütbəsində olması məndə şübhə yaratdı”.

“Deyilən şərtlərlə razı olduğumu bildirdim”

Nübar bildirib ki, 2020-ci ilin iyulun əvvəllərində karantin rejiminin şərtləri nisbətən yüngülləşdikdən sonra Qafar yenidən şirkətə ara-sıra gəlməyə başlayıb: “Həmin ərəfələrdə Qafar şirkətdə olarkən ikilikdə olduğumuz zaman yenidən əvvəlki söhbətə qayıdaraq məni Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə düzəldə biləcəyini bildirdi. Təkliflə əlaqədar fikri ailəvi dostumuz Seymurla bölüşdüm. Seymur özünün Qafarla görüşüb, bu barədə ətraflı söhbət etmək istədiyini bildirdi”.

Nübarın bildirdiyinə görə, 13 iyul 2020-ci ildə Qafarla iş məsələsini danışmaq üçün Nərimanov rayon ərazisində yerləşən “Atatürk” parkında görüşüb: “Söhbət zamanı Qafar işə düzəltmək üçün məndən ilkin olaraq 3000 manat istədi. Yekunda işə qəbul olunan zaman isə 20 min manat civarında pul verməli olacağımı dedi. Şərtlərlə razı olduğumu bildirdim, pulu hazırladıqdan sonra ona çatdırmaq üçün növbəti dəfə görüşə doğma dayım kimi təqdim etdiyim, əslində isə ailəvi dostum olan Seymurla gələcəyimi söylədim”.

“Gizli kamera quraşdırıldı”

Nübarın sözlərinə görə, Qafarla görüşdən qayıtdıqdan sonra Seymura ondan işə düzəltmək üçün pul istədiyini deyib: “Qafarın söhbətlərini təhlil edərkən onun düzgün adam olmadığını, pulu da məndən qanunsuz olaraq istədiyini anladım. Bu səbəbdən Qafarın qanunsuz hərəkətləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmək qərarına gəldim.

Mənim müracətimdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Qafarın əməllərini ifşa etməkdən ötrü Seymurun paltarına gizli kamera quraşdırıldı.

Avqustun 18-də “Atatürk” parkında Seymurla Qafarın görüşünə getdik. Görüş zamanı Qafar yenə də özünü Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru kimi təqdim edərək məndən işə düzəltmək üçün ilkin olaraq 3000 manat istədi, yekunda isə işə qəbul olunan zaman 20000 manat civarında pul verməli olacağımı dedi. Başlanğıc üçün 1500 manat verəcəyimi və tələb etdiyi bir sıra sənədləri yaxın günlərdə ona çatdıracağımı bildirdim”.

Nübar qeyd edib ki, avqustun 22-də yenidən Seymur və Qafar Nərimanov rayon ərazisində yerləşən “Atatürk” adına parkda görüşüblər: “kafelərin birində oturaraq söhbətlərimizi davam etdirdik. Həmin günü mənə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çantama gizli kamera quraşdırılmışdı. Qafarla çayxanada söhbət edərkən bütün baş verənlər gizli çəkiliş zamanı qeydə alınmışdı.

Söhbət zamanı Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə düzəltmək üçün 1500 manat pulu, kolleci bitirməyimə dair diplomun, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, universitetdə təhsil almağımla bağlı arayışı, tələbə biletinin surətini, 6 ədəd 4x6 ölçüdə şəkli Qafara verdim. Qafar 3 ay yoxlanışdan sonra şəxsi həyatımda hər hansı bir problem olmayacağı təqdirdə məni işə götürəcəklərini bildirdi.

Sənədləşdirmə işləri gedən ərəfədə 1500 manat pulu məndən alacağını, bir müddət sonra isə 20000 manat puldan qalan məbləği verməli olacağımı bildirdi”.

Qafar 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 il müddətə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər