31 May 2022 20:22
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

Mayın 31-də baş tutan prosesdə ilk ifadə verən Vüqar Cəfərov olub. O, iş üzrə zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır. Vüqar Cəfərov bildirib ki, qardaşı 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub.

Onun sözlərinə görə, 2013-cü ilin avqustunda MTN əməkdaşları qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birgə saxlayıblar: “Sonradan qardaşımın barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildi. İş üzrə müstəntiq Fuad Məmmədov olub. Fuad Məmmədov Yasin Məmmədovla birgə atamdan 300 min manat tələb edirdilər. Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Halbuki, qardaşım qaçaqmalçılıq etməmişdi. Sadəcə şərləyirdilər. Pul qoparmaq istəyirdilər. Biz qohum-qardaşdan borc aldıq, nəyimiz vardı satdıq. Cəmi 210 min manat pul toplaya bildik. Pulu MTN-in arxasında Fuad Məmmədova verdim. Pulu alandan 3-4 gün sonra qardaşımı azad etdilər”.

Şahid ona verilən suallara cavab olaraq deyib ki, qardaşı və digərilərinə qarşı qondarma ittiham Qaradağ Məhkəməsinə göndərilib: “Məhkəmə ittihamın əsassız olduğunu təsdiqlədi. Buna görə də qaçaqmalçılıq maddəsi ölkəyə keyfiyyətsiz mal gətirmə maddəsinə tövsif olundu. Bu maddə ilə kimsəni həbsdə saxlamaq olmazdı. Bunu Yasin Məmmədov da, Fuad Məmmədov da bilirdilər. Ona görə də qaçaqmalçılıq maddəsini ortaya atmışdılar. Məhkəmədə sübut olundu ki, qaçaqmalçılıq, ümumiyyətlə olmayıb. Dedilər ki, guya mallar keyfiyyətsizdir. Araşdırdılar, aydın oldu ki, mallar keyfiyyətlidir. Ona görə də malları qardaşımgilə qaytardılar. Boş qutuları yandırıb videoya çəkdilər ki, guya keyfiyyətsiz malları yandırırlar. Qardaşımla bərabər tutulanların hər birindən MTN-də hədə-qorxu ilə pul tələb edib almışdılar. Sonda məhkəmə qardaşımla bərabər tutulan hər kəsi cərimələdi, azad etdi. Bu adamlar bu günə qədər bizə vurulan zərəri ödəməyiblər”.

Şahid bildirib ki, qardaşının azadlığı üçün Yasin Məmmədov onlardan hədə-qorxu ilə pul tələb edərkən pul tələbinin generaldan gəldiyini deyib.

Bundan sonra hazırda həbsdə olan zərərçəkən Cavidan Hacıyev də məhkəmədə sərbəst ifadə verib. O, 2016-ci ildə “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 müddətinə azadlıqdan məhrum edilib, sonradan cəzası 6 ilə qədər endirilib.

Cavidan Hacıyev bildirib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib: “Özümün “İnter Alyans” şirkətinin adından Türkiyədən, digər ölkələrdən ölkəyə sement, sement xammalı gətirilməsi ilə məşğul olmuşuq. 2008-ci ilin noyabrından başlayaraq Rauf Kərimovla şərikli işləməyə başladım. Özümün və Rauf Kərimovun biznes fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank” ASC-dən qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Rauf Kərimova məxsus “Bakı” mehmanxanasını girov qoymaqla 30 milyon manat məbləğində uzun müddətli kredit götürdük”.

Cavidan Hacıyevin sözlərinə görə, 2012-ci ilin mart ayının ortalarında “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub: “2012-ci ilin mayında şərikim Rauf Kərimov MTN-ə çağırıldı. Onu çağıran o zaman MTN İstintaq Baş İdarəsinin şöbə rəisi olan Vüsal Ələkbərov olub. Sonradan mənim özümü də Vüsal Ələkbərov MTN-ə çağırdı. Türkiyədən ölkəyə gələrək MTN-ə getdim. Vüsal Ələkbərovun çağırışı üzrə 2-3 ay ərzində hər gün onun qəbuluna getdim. Vüsal Ələkbərov hər gün məni və Rauf Kərimovu “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürməyimiz, krediti nəyə xərclədiyimiz barədə soruşub. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov Rauf Kərimovdan külli kiqdarda pul tələb etdi. Vüsal Ələkbərov Raufa dedi ki, hərəniz 500 min manat verin, sizi həbs etməyək. Biz razılaşmadıq. Çünki cinayətimiz yox idi. Vüsal Ələkbərov demək olar ki, hər gün MTN-ə çağırıb, 10-15 dəqiqə, gah da saatlarla gözlədib, bizi 1 milyon manat pulu verməyə razı salmağa çalışırdı. Bizi hədələyirdi. Hədəni artırmaqla razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşularaq hər dəfə bizə hədə-qorxu gəlir, israrla 1 milyon manat vermək lazım olduğunu deyirdi. Təhsin Ağayev bu gün özünü tülkülüyə vurub, guya xəstədir, aradan çıxıb. MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, “bunlar deyilən məbləği hələ düzəltməyiblər” deyirdi. Bundan sonra Təhsin Ağayev dəfələrlə mənə zəng elədi, pulu hazırlayaraq verməyi, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayevlə və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq. Biz konkret olaraq pulu vermək istəmirdik. Razılıq verməzdən bir neçə gün əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovu otağından Raufu birbaşa Mövlam Şixəliyevin xidməti kabinetinə apardı. Onların söhbəti təxminən 15 dəqiqə çəkdi. Təhsin Ağayev Raufla birlikdə gəldi. Rauf mənə dedi ki, pulu verməsək, axırımız yaxşı olmayacaq. Mövlamın sözlərini mənə çatdırdı. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm. Ona görə də məcbur razılaşdıq. Biz Vüsal Ələkbərovdan pulu hissə-hissə vermək üçün vaxt istədik. Vüsal Ələkbərov razılaşdı”.

Cavidan Hacıyev qeyd edib ki, 2012-ci ilin sentyabr - noyabr ayları ərzində Rauf “Yunayted Kredit Bank” ASC-dən və “Atrabank” ASC-dən 500 min manat kredit alıb: “Mən sürücüm Elmir Muxtarovun adına “Atrabank”dan 200 min manat kredit götürdüm. Avtomobillərimi satmaqla 250 min manat, ümumilikdə 500 min manat düzəltdim. Vüsal Ələkbərov Rauf Kərimova zəng edərək pulu istədi. Pulu MTN-nin poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik. Vüsala ilk olaraq 200 min manat, ardınca 300 min manat, daha sonra 200 min manat və 200 min manat verdik. Son dəfə Vüsalın tapşırığı əsasında Təhsin Ağayev bizdən 100 min manat aldı”.

Cavidan Hacıyev qeyd edib ki, 2014-cü ildə Baş Prokurorluğun “Texnikabank”la bağlı araşdırmaları zamanı onları da istintaqa çağırıblar: “O zaman bildik ki, MTN-də bizim barəmizdə heç bir sənədləşmə aparılmayıb. Halbuki, Vüsal Ələkbərov bizi aylarla MTN-də dindirirdi, sənədləri imzalatdırırdı. Vüsal Ələkbərov, Təhsin Ağayev və Mövlam Şixəliyev yaxşı bilirdilər ki, bizim günahımız yoxdur. Ona görə bizi MTN binasına qeydiyyatsız girişimizi təşkil ediblər”.

Bundan sonra şahid qismində Cavidan Hacıyevin işçisi Sahib Səfərov ifadə verib. O bildirib ki, Cavidan Hacıyevdən general Mövlam Şıxəliyev külli miqdarda pul tələb etdiyi zaman pulun toplanmasında iştirak edib.

Daha sonra zərərçəkmiş şəxs qismində dindirilən Orxan Abdullayev bildirib ki, 2013-cü ilin martında şəriki Sərdar İsmayılovla Gürcüstan Respublikasında satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş ediblər: “Mallar Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəldi. O zaman bildik ki, sifarişi düzgün verməmişik. Malların üzərində Gürcüstanın bayrağı həkk olunmadığı üçün orada satışı mümkün olmadı. Həmin malları Azərbaycanda satmağı fikirləşdik. Sərdar İsmayılov tanışı Elman Məsimov vasitəsilə həmin malları Bakı şəhərinə gətirə biləcəyini dedi. Buna görə də Sərdarla birlikdə Balakən şəhərinə getdik, orada Elmanla görüşdük. Elman bizi Əfsəl və Məcid adlı şəxslərlə tanış etdi. Həmin adamlarla birlikdə Tbilisi şəhərinə getdik, malların yerini Əfsəl və Məcid adlı şəxslərə göstərdik. Sonra Balakənə qayıtdıq. 10 sentyabr 2013-cü ildə Sərdarla Bakıda “Ekzotika” çay evində oturaraq çay içirdik. Özlərini MTN-nin əməkdaşları kimi təqdim edən şəxslər bizi saxladılar və MTN-ə gətirdilər.

Günyarım orada qaldıq. Bizdən pul istəyirdilər. Dedilər ki, gedin, sizi çağıracağıq. Növbəti gün MTN-nə çağırdılar. Orda getdik və həbs olunduq. Səbail rayon Məhkəməsi barəmizdə 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçdi. 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında məndən ifadə alıdılar. Otağa Yasin Məmmədov gəldi. Şəhadət barmağını göstərib “ay naxçıvanlı, sənə yaraşmaz belə şeyə görə burada oturmaq, 100 min manat ver, sənin həbsini ev dustaqlığı ilə dəyişdirim” dedi. Mən də Yasin Məmmədova o qədər pulumun olmadığını dedim”.

Orxan Abdullayev deyib ki, 2013-cü ilin noyabrında onu MTN-in istintaq təcridxanasından Yasin Məmmədovun otağına gətiriblər: “Atam da Yasin Məmmədovun otağında idi. Təxminən 5 dəqiqə söhbət elədik. Atama dedim ki, Yasin Məmmədov nə istəyir onu ver, məni çıxart, burada qala bilmirəm. Məni təcridxanaya qaytardılar. Atam Yasin Məmmədovun otağında qaldı. Bir müddət sonra Fuad Alməmmədovun otağında ifadə verəndə ona dedim ki, məni Yasin Məmmədovun otağına apar. Yasin Məmmədova azad edilməyim üçün köməklik etməsini xahiş etdim. Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazdı, mənə göstərdi. Dedi ki, Cahangir səndən çox pul verir, bunu gətir, səni buraxım. 4 ay 23 gün MTN-də həbsdə qaldım. 2014-cü ilin yanvar ayının sonlarında məni ekspertizaya apardılar, ağır xəstəlikdən əziyyət çəkməyim barədə rəy alındı. Ekspertizaya görə, Yasin Məmmədov atamdan 3 min manat pul almışdı. 6 fevral 2014-cü ildə həbsdən azad edildim. Atamdan öyrəndim ki, məni həbsdən azad etdirmək üçün Nizami rayonu, Nəsimi küçəsi ev 50, mənzil 42 ünvanınındakı mənzilimi satıb, Yasin Məmmədova 50 min manat pul verib. Cinayət işi məhkəməyə göndərilməzdən əvvəl Yasin Məmmədovun yeni otağına getmişdim. Orada 2 müstəntiqin yanında dedi ki, burada nə demisiniz, hamısını məhkəmədə təsdiq edirsiniz, orada artıq-əskik danışmayın, demişəm sizə şərti cəza verəcəklər”.

Zərərçəkən deyib ki, belə də olub: “İşi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada hakimin köməkçisi vasitəsi ilə 26 min manat aldılar, həqiqətən də şərti cəza verdilər”.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər