12 Oktyabr 2022 18:29
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirli bilinən xalası oğlu Əsgər Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror əvvəlki mövqeyində qaldığını deyib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Əsgər Ağazadənin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Sonuncu məhkəmə iclasında Əsgər Ağazadənin vəkili işdə bəzi sənədlərin araşdırılmasını istəmişdi və bu səbəbdən məhkəmə istintaqının yenilənməsi barədə vəsatət qaldırmışdı. Məhkəmə vəsarəti təmin etmişdi.

Bugünkü iclasda isə prokuror əvvəlki mövqeyində qaldığını deyib.

Daha sonra Əsgər Ağazadənin vəkili çıxış edib, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Əsgər Ağazadə son söz deyib. O, günahsız olduğunu bildirib. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Daha sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər hökm elan edib.

Əsgər Ağazadə 5 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.

Keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

30 dekabr 2021-ci il tarixdə Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sənay Yağmur AXCP üzvü Fuad Qəhrəmanlının qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər