1 Dekabr 2022 14:01
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxsaylı dələduzluq cinayətləri törətməkdə ittiham olunan 1996-cı il təvəllüdlü Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ayxan Məmmədli özünü "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının adından istifadə edib, 5 nəfərə qarşı dələduzluq edib.

Ayxan Məmmədli zərərçəkmişlərə, onların qohumlarına özünü Xoşqədəm xanımla Xəzər TV-də, bacısı Şəbnəmin ARB-də, qardaşı Aydının isə Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini bildirib. Bu şəxslərin vasitəsi ilə yaxşı əlaqələrinin olduğunu deyib. O, anasının müəllim işlədiyini, atasının isə bələdiyyə sədri olduğunu söyləyib.

Özünü həmçinin məşhur aparıcının mühafizəçisi kimi təqdim edən Ayxan bəzilərindən borca pul alıb, bəzilərinin isə obyekt və torpaq sahələrini rəsmiləşdirmək, sosial ev almağa köməklik göstərmək, həmçinin işə düzəltmək adı ilə aldararaq külli miqdarda pullarını ələ keçirib.

Ayxanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmişlər – Afaq və Akifə ilə qonşuluqda yaşayıb: “Afaqın oğlu Mirməhəmmədlə yaxın dostluğum olub. Bu səbəbdən onların evinə mütəmadi gedib-gəlmişəm. 2019-cu ilədək onlarla qonşuluq etmişəm. Həmin müddətdə atam, anam, bacım və qardaşımla birlikdə yaşamışam.

Özüm 2019-cu ilədək Xəzər TV televiziya kanalında müxtəlif verilişlərdə müxtəlif vəzifələrdə çalışmışam. Bir nəfər tanıdığım şəxsdən 45.000 dollar məbləğində pul aldım. Bundan savayı, başqalarından da aldığım borcların ödənməsi üçün ata evini könüllü olaraq həmin qiymətə dəyərləndirib, pul aldığım şəxsə verdik. Ailəlikcə evi tərk etdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildə televiziya şirkətlərində çalışmış insanlarla normal münasibətləri yaranıb: “Hətta bəzi əlil şəxslərə maddi köməklik göstərməli olmuşam. Lakin 2018-ci ildən müxtəlif borclarım yaranıb. Afaq xanımın yaşadığı evə gedərək ona 6000 dollar verilməsini, 10 gün sonra guya 1000 manat qaytaracağımı dedim. Həmin məbləği ondan aldım.

Aradan müəyyən vaxt keçdi, Afaq xanım pulunu istədi. Ona pulu artıqlaması ilə qaytaracağımı vəd verdim. Mütəmadi onların evində olmuşam, qarşıma yemək gətirib, mənə öz övladı kimi baxıb deyə inanaraq gözləməli oldu”.

Ayxan bildirib ki, 2018-ci ilin noyabrında Afaq xanıma müraciət edib və 3 günlük müddətə 300 dollar artıq qaytarılacağı adı ilə ondan 5500 dollar istəyib: “Afaq xanım da həmin məbləği mənə verdi. Pulu aldıqdan sonra bir hissəsini top.az mərc oyunlarına, müəyyən hissəsini isə borclarıma xərclədim. 2019-cu ilin martında Afaq xanımın evinə gedərək avtomobilin hələ satılmadığını dedim, gözlətməklə ondan xəbərsiz qızı Akifənin yaşadığı evə gəldim. Ona 11.000 manat pul lazım olduğunu dedim. Akifə mənə yaşadığı evin həyətində 11.000 manat müqabilində 4.000 dollar, 3.000 manat və 650 avro verdi.

2019-cu ilin avqustunda yenə Akifədən 5.000 dollar istədim, Akifə yaşadıqları evin həyətində həmin məbləği mənə verdi.

Bundan başqa Afaq xanıma 9500 dollar məbləğində pul lazım olduğunu dedim, 2021-ci ilin martında 4500, 2000, 2000 və 1000 dolları göndərdiyim taksi avtomobili vasitəsilə pulları aldım. Həmin günlərdə Afaq xanım mənə məxsus kapital banka aid kart hesabıma iki dəfəyə 4200 manat göndərdi.

Həmin pulları Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki bankomatdan götürdüm. Daha sonra Afaq xanımdan əlavə pullar istədim. O, bir dəfə 3000, ikinci dəfə 5000, 3-cü dəfə 5000 manat olmaqla kart hesabıma göndərdi. Həmin məbləğdə pulları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki bankomatdan götürdüm”.

Ayxan qeyd edib ki, 2021-ci ilin martında Afaq xanımla bir neçə dəfə görüşüb: “Ondan zinət əşyaları alaraq lombardlara girov qoyub, müxtəlif məbləğlərdə pul götürmüşəm. Afaqın taksi ilə mənə göndərdiyi və özündən aldığı qızıl-zinət əşyalarına görə 1 dəfə 900, 2-ci dəfə 5500, 3-cü dəfə 3000 manat və 3 ədəd qızıl beşlik manatı isə hər birini 550 manata satmaqla 1650 manat əldə etdim”.

Ayxanın sözlərinə görə, Afaqdan 2018-ci ilin martından 2021-ci ilin mart ayınadək ümumilikdə 21.000 dollar, 30.250 manat olmaqla ümumilikdə 65.950 manat məbləğində pul alıb: “Həmin pulları Afaqdan faizə borc kimi götürmüşəm. Bir ilə yaxın müddətdə ayda 400 dollar olmaqla faiz ödəmişəm. Sonradan bildirdim ki, faiz ödəyə bilmirəm, verəcəyim pullar əsas borca hesablansın".

O bildirib ki, Afaqa və qızına 25.000 manat dəyərində “İphone” markalı telefonlar və telefona aid aksesuarlar verib: “Kartlarıma 20 min manata yaxın pul göndəriblər. Hazırda isə Afaqa 55.260 manat borcum qalır”.

Təqsirləndirilən şəxs deyib ki, İradə adlı dərzi qadını da uşaqlıqdan qonşu kimi tanıyıb: “Bacım Şəbnəm 2018-ci ildə onun yanına dərzi sənətini öyrənməsi üçün şagird olaraq gedib-gəlib. 2019-cu ilin əvvəllərinə kimi İradə ilə qonşuluq edərkən onunla tez-tez görüşməli olurdum. Aramızda yaxın qonşuluq münasibətləri yarandı. Bacım Şəbnəmi apararkən Xəzər TV-də Xoşqədəm Hidayət qızının mühafizəsində işlədiyimi, şou-biznes aləminin məni yaxşı tanıdığını İradəyə dedim.

2019-cu ilin martında İradə xanımdan borc kimi 10.000 dollar məbləğində pul istədim. İradə məni yaxından tanıdığından və televiziya işçisi olduğuma görə inandı, yaşadığı evdə 17.000 manat verdi. Həmin pulu sonra apararaq özünə qaytardım və 3 gündən sonra evinə gedərək yenidən geri aldım.

İradə xanım 17.000 manat pulu Azad adlı ərinin iştirakı ilə mənə verib. İradədən ümumiyyətlə müxtəlif vaxtlarda işlərimlə bağlı pullar almışam. Həmin pullardan xeyli ödənişlər də etmişəm. Eləcə də İradə müxtəlif adamlardan pullar alaraq mənə verib. İradənin özündən 49.500 manat almışam. Onun digər şəxslərdən alıb mənə verdiyi pulları da hesablasam, İradə mənə ümumilikdə 100.000 manata yaxın pul verib”.

Ayxanın sözlərinə görə, Nəzirəni 2021-ci ilin təxminən martından İradənin vasitəsilə tanıyıb:

“İradədən müxtəlif vaxtlarda pul götürərkən onun bir hissəsini Nazirədən borc aldığını eşitmişdim. İradə özü mənə danışmışdı ki, bacısı Nazirə tibb bacısıdır, özü də bizim əvvəl yaşadığımiz məhəllədə qalır. Nazirənin özündən isə təxminən 10-15 min manat civarında borc almışam”.

Təqsirləndirilən bildirib ki, Habili 2021-ci ilin iyun ayında avtomobilindən taksi kimi istifadə etdiyi Əbdürəhmanın bacısı oğlu kimi tanıyıb: “Əbdürrəhim bacısı oğlunun güzəştli şərtlərlə ev axtardığını bildirdi. Sosial evlərlə bağlı bir dostum işlədiyindən Əbdürrəhimə bacısı oğluna kömək edə, istənilən şərtlərlə ev təşkil edə biləcəyimi dedim, mənimlə əlaqə saxlamasını tapşırdım.

Bir neçə gün sonra zəng gəldi. Zəng edən şəxs özünü Əbdürrəhimin bacısı oğlu Habil kimi təqdim etdi. Telefonda mənimlə sosial evlər barədə maraqlandıqda, bu barədə görüşüb danışmağı məsləhət bildim.

Kirayədə qaldığım Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki “Araz”marketin qarşısına dəvət etdim. Az sonra Habil və onun Kəramət adlı anası görüşə gəldi. Biz söhbət edərkən taksi avtomobildən istifadə etdiyim Əbdürrəhim bizim olduğumuz yerə gəldi.

Söhbət zamanı Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə qalmış 3 otaqlı mənzili 30 il müddətinə, ayda 270 manat ödəməklə, ilkin ödəniş 6.700 manat olmaqla təşkil edə biləcəyimi dedim. Əbdürrəhimə görə bu evin başqasına qismət olmasını istəmədiyimi bildirdim.

Söhbət zamanı Habil və anası evin yerini onlara göstərməyi və evi satanın onlarla tanış eləməyi təkid etsələr də, ev satanın heç kimlə görüşmədiyini, qabaqcadan belə bir addımın atılmasının işin zərərinə olacağını, yalnız sənədləşmədən sonra onları görüşdürəcəyimə söz verdim. Onlar təklifləri müzakirə edəcəklərini və bir cavab verəcəklərini dedilər.

Aradan bir neçə saat keçmiş özüm Habilə zəng edərək ev satan şəxslə danışdığımı və ilkin ödəniş məbləğinin 6700 manat təşkil etdiyini öyrəndiyimi dedim. Hətta Habilə evin əldən çıxmaması və adlarının qeydiyyata alınması üçün 200 manat beh göndərməsini də xahiş elədim. Habilə həmin məbləği kart hesabıma göndərdi. Qalan məbləğlə bağlı görüşmək barədə razılığa gəldik.

Saat 12 radələrində Habil və dayısı Əbdürrəhimlə 21 saylı notariat kontorunda görüşdük. Orada mənə verilən 6500 manat pulun kredit müqaviləsi formasında sənədləşməsi təklif olundu. Buna etiraz etmədim. Onların təklifləri əsasında bankda kredit müqaviləsi bağlandı və 6500 manat pul ilkin ödəniş adı ilə mənə verildi”.

Ayxan həmçinin ifadəsində bir neçə zərərçəkmiş şəxsi tanımadığını, onlardan pul almadığını göstərib.

Cinayət işi üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, Ayxanı qonşusu kimi tanıyıb: “2018-ci ilin avqust ayında Ayxan bizdə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm xanıma 6000 dollar pul lazım olduğunu və 10 gün müddətində əlavə 1000 dollar xeyir verə biləcəyini dedi. 10 gün müddətində pulumu qaytaracağını bildirərək məndən 6000 dollar istədi.

Ayxanın evimdə çörək kəsdiyi, övladlarımdan ona fərq qoymadığım üçün niyyətindən şübhə etmədən ona inandım. Ayxana 6000 dollar verdim. 10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədim. Ayxan Xoşqədəm xanımın başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtarda pulumu qaytaracağını bildirdi.

Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng etdim, pulun qaytarılmasını istədim. Ayxan telefonuma “Porshe” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirdi”.

Zərərçəkmiş bildirib ki, 2018-ci ilin noyabrında Ayxan onun evinə gəlib: "Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona 3 gün müddətinə əlavə 5500 dolların lazım olduğunu, qaytararkən öz hesabından 300 dollar əlavə edəcəyini, 3 gün ərzində aldığı pulları cəm şəklində qaytaracağını əmin etdi. Pullarının cəm şəklində qaytarılacağına inanaraq Ayxana əlavə olaraq 5500 dollar verdim”.

Zərərçəkmiş bildirib ki, vədlər verməsinə baxmayaraq Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib.

Ayxan 7 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər