2 Fevral 2023 14:01
4 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş Əhmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 23-də baş verib. Həmin gün saat 15 radələrində Bərdə şəhərində Günellə bacısının sevgilisi olmuş Əhmədin arasında mübahisə yaranıb.

Mübahisə zamanı Günel şalvarının arxa cibində gəzdirdiyi bıçaqla Əhmədin sinə nahiyəsinə bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Günelin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

“Bacımla münasibətləri olub”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Günel ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anasının himayəsində böyüyüb: “Mən uşaq olarkən atamla anam ayrılıblar. Uşaqlıqdan epilepsiya və astma xəsətliyindən əziyyət çəkmişəm. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində tələbəsiyəm. Bacım Əsmər də epilepsiya xəstəliyindən əziyyət çəkib.

Zərərçəkmiş Əhmədi bacım Əsmərin vasitəsi ilə tanımışam. Onların arasında sevgi münasibətləri olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Əhməd bacısı Əsmərin etibarından sui-istifadə edib, bacısını aldadaraq hamilə buraxıb: “Sonra isə Əhməd bacımı abort etdirib. Əhməd ilə bacımın son zamanlar aralarında xeyli münaqişələri olub”.

“İzləməyə başladım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Bərdə şəhərində bacısı ilə görüşüb: “Bərdəyə Gəncə şəhərindən gəlmişdim. Bacıma Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. O mənə şəxsi münasibətlərindən ötrü bir nəfərlə görüşəcəyini bildirdi. Onun davranışından mənə yalan danışdığını anladım. Bacım məndən evimizə getməyimi istədi və özünün sonra gələcəyini bildirdi. Ona "hə" desəm də arxasınca düşdüm, özündən xəbərsiz bir müddət bacımı izlədim.

Təxminən saat 15 radələrində bacımdan xəbər çıxmadığını gördüm, onunla telefon əlaqəsi saxladım. Bərdə şəhərində köhnə poliklinikanın binasının yanında olduğunu bildirdi. Həmin yerə getdim, kənardan bacımı göz qoydum”.

“Əsməri söyüb alçaldırdı”

Günelin sözlərinə görə, əvvəllər Əhmədi görmədiyi üçün öncə bacısı ilə söhbət edənin kim olduğunu bilməyib: “Sonradan təxmin etdim ki, bu, Əhməddir. Çünki bacmı qabaqlar Əhmədin zahiri görkəmi barədə danışmışdı. Gördüm ki, Əhməd bacımla eqoist rəftar edir. Onlara yaxınlaşanda Əhməd bacımı nalayiq ifadələrlə təhqir edir, söyürdü.

Bacımı nalayiq küçə söyüşləri ilə alçaldan Əhməddən hansı səbəbdən onu təhqir etdiyini soruşdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Əhmədlə mübahisələri yaranıb: “O mənim oradan uzaqlaşmağımı istədi və məni də təhqir etməyə başladı. Təhqirlərin qarşısında özümü saxlaya bilmədim. Üzərimdə olan bıçaqla Əhmədin sinə nahiyyəsinə bir dəfə zərbə vurdum. Lakin zərbə elə də güclü deyildi.

Bacım mənə hərəkətimə görə iradını bildirdi. Birlikdə hadisə yerindən uzaqlaşaraq getdik. Yolda bıçağı zibilliyə tulladım. Ağdam rayonuna yaşadığımız evə getdik. Anam bizim halımızı gördü, Əsmərdən nə baş verdiyini soruşdu. Əsmər olanları anama danışdı”.

“Cinsi əlaqədə oldum”

Zərərçəkmiş şəxs qismində ifadə verən Əhmədin sözlərinə görə, ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır və evlidir: “Əsməri təxminən iki ildir tanıyıram. Aydan adlı qız vasitəsi ilə tanış olduq və münasibətlərimiz başladı. Sonrakı günlərdə Əsmərlə cinsi əlaqədə oldum”.

Əhməd qeyd edib ki, 2022-ci ilin aprel ayında Əsmərin hamilə qalmasını öyrənib: “Əsmərdən uşağı abort etdirməsini istədim, razılaşdı. Bundan sonra Əsmərdən uzaqlaşmağa başladım və ondan ayrıldım. Amma Əsmər yenə mənimlə telefon əlaqəsi saxlayır, barışmaq istədiyini deyirdi”.

Əhməd bildirib ki, Bərdə şəhərində işlədiyi lombardda olarkən Əsmər ona yaxınlaşıb və söhbət etmək istədiyini bildirib: “Əsmərlə küçəyə çıxdım və söhbət edə-edə köhnə poliklinikanın binasının yanına getdik. Aramızda baş verənlərlə bağlı söhbətlər etdik və mübahisə yarandı.

Bu vaxt gözləmədiyim bir anda sonradan tanıdığım Əsmərin bacısı Günel bizə yaxınlaşdı. Mənə hansı səbəbdən Əsmərlə kobud danışmağımı soruşdu”.

Əhmədin ifadəsinə görə, Günellə mübahisələri yaranıb: “Günel üzərində olan bıçaqla sinə nahiyəmə bir zərbə vurdu. Sonra Əsmər ilə oradan getdilər. Mən sinəmdən qan axdığını gördüm və cibimdə olan dəsmalı çıxararaq yaramın üzərinə sıxdım.

Özümü itirmədim, dostum Bahadura zəng etdim və hadisə barədə məlumat verdim. Ondan yanıma gəlməsini istədim. Sonra qardaşıma zəng vurdum. Az sonra dostum yanıma gəldi və məni xəstəxanaya çatdırdı”.

“Bildirdi ki, mənimlə ailə həyatı quracaq”

İş üzrə adı keçən Əsmərin sözlərinə görə, Əhmədi Aydan adlı tanışının vasitəsi ilə tanıyıb və onun Əhmədlə münasibətləri başlayıb: “O, özünü mənə subay kimi qələmə verdi. Mənimlə evlənəcəyini bildirdi. Əhmədlə cinsi əlaqələrimiz olduq. Yenə bildirdi ki, mənimlə ailə quracaq, mənim arxamdadır. Sonrakı günlərdə də Əhməd ilə bir neçə dəfə görüşdük”.

Əsmər qeyd edib ki, 2022-ci ilin aprelində Əhməddən 3 aylıq hamilə qaldığını öyrənib: “Mənim Əhmədlə münasibətlərimiz barədə ailə üzvlərimin xəbərləri yox idi. Qorxumdan ailəmə heç bir məlumat verməmişəm. Əhməd mənə bildirdi ki, evli olduğuna görə təcili uşağı abort etdirməliyəm. İlk öncə razılaşmadım. Əhməd məndən israrla təcili abort etdirməyimi istədi.

Onun israrı ilə uşağı tələf etmək üçün dərman həbi qəbul etdim. Məndə qanaxma oldu. Halım pisləşdikdə Əhməd məni həkimə apardı və uşağı abort etdirdi. Bundan sonra məndən uzaqlaşmağa başladı. Eşitdim ki, Əhməd çox yerdə arxamca danışıb. Başıma gələnlər haqda artıq ailə üzvlərimə məlumat verdim”.

“Bacım özünü saxlaya bilmədi”

Əsmər qeyd edib ki, Bərdə şəhərində olarkən bacısı Günellə görüşüb: “Bacım Gəncə şəhərindən gəlmişdi. Ona Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. Şəxsi münasibətlərimdən ötrü bir nəfərlə görüşəcəyimi bildirdim. Fikrim Əhmədin işlədiyi ünvana gedib, onunla münasibətlərimiz barədə söhbət etmək idi. Bacım mənimlə razılaşaraq getdi.

Əhmədin iş yerinə getdim. Onu çölə dəvət etdim və söhbət edə-edə köhnə poliklinikanın binasına tərəf getdik. Bu zaman aramızda mübahisə yarandı. Əhməd mənimlə çox eqoist rəftar etdi.

Gözləmədiyim anda bacım bizə yaxınlaşdı. Günel Əhmədə hansı səbəbdən mənimlə kobud danışmasını soruşdu. Onların arasında mübahisə yarandı. Əhməd bacımı təhqir etməyə başladı. Buna görə də bacım özünü saxlaya bilmədi və onu bıçaqla vurdu”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Günelin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Günel 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər