28 Fevral 2023 13:35
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Əhməd Mirzəyev çıxış edib.

O, heç bir günahı olmadan həbsə alındığını bildirib: “Heç bir qaçaqmalçılıqla məşğul olmadığım halda məni istintaqa cəlb etdilər. Məni MTN-nə çağırdılar, birbaşa o zaman MTN-in İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi. Əks halda ən azından qaçaqmalçılıqla 8 il azadlıqdan məhrum olunacağımı bildirdi.

1 aya yaxın məni qanunsuz olaraq həbsdə saxladılar. Şirkətimə Çingiz Əsədullayevin bankından 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul alıblar. Bundan sonra 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi, “pul çatıb, səni azad edəcəyik” dedi. Təhsin Ağayev də tülkü kimi məndən 10 min manat alıb qaçdı. Bu gün məhkəmələrə gəlmir. Pulu aldıqları gün məni azadlığa buraxdılar. Amma bundan sonra da Mövlam Şıxəliyev məndən əl çəkmədi. Hər dəfə bir sifariş göndərirdi”.

Zərərçəkmiş qeyd edib ki, 2010-2015-ci illər ərzində santexnka malları satılan mağazamdan müntəzəm olaraq öz malikanələri, obyektləri üçün pulsuz kafel-metlax və santexnika avadanlıqları daşıtdırıb: “Payçısı olduğum Gədəbəy Mineral Suları zavodundan pulsuz 5 il ərzində “Slavyanka” suları ilə öz evlərini və obyektlərini təmin edirdi. Mənə qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında 25 min dollar qopardı.

Hələ barəmdə qondarma cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməyə də göndərdilər. Qanunsuz hökün çıxmasına nail oldular. Bu gün bu adamlardan mənə vurulan ziyanın ödənilməsini tələb edirəm. Ziyanı ödəsinlər, məhkəmə nə qərar istəsə versin, biz razıyıq”.

Digər zərərçəkən Müsənnif Salahov da məhkəməyə verdiyi apellyasiya şikayətini müdafiə edib:

“Mövlam Şıxəliyevə verilmiş cəzanın ağırlaşdırılmasını tələb edirəm. 2012-ci ilin martında “Texnikabank işi” üzrə MTN-də aparılan araşdırılma ilə bağlı MTN-nə dəvət olunmuşam. O zaman bankın Sumqayıt filialının rəhbəri idim. Martın 27-də ümumi suallar verib izahat aldılar. Məni Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına apardılar. Məni ora aparan Vüsal Ələkbərov olub. Orada məndən 3 milyon pul istənildi. Həmin gün evə qayıtdım və səhərisi gündən təzyiqlər başladı. Zəngləri Təhsin Ağayev edirdi. Vüsal Ələkbərov deyirdi ki, pulu gətir, gətirməsən, sən də Etibarın (“Texnikabank” rəhbəri – red) yanına gedəcəksən. Mən də dedim ki, məndə o pul yoxdur.

Uzun-uzadı tələblər oldu, mən o pulu verə bilmədim. Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytardlar ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Mənə dedilər ki, Mövlam Şıxəliyev yoxdur, qızı xəstədir, onunla bərabər Türkiyədədir. Sağ olsun, gələndən sonra çox xahiş-minnətdən sonra 600 min manatın üzərində dayandı. 500 min manatı verdim. 1 həftə vaxt verdi ki, 100 min manat da verim. Gətirib o pulu da verdim. Ona görə də bu gün şikayətimi müdafiə edirəm, dəymiş zərərin ödənməsini tələb edirəm”.

Zərərçəkən Akif Qurbanov deyib ki, toy məclisində Mövlam Şıxəliyevlə söz-söhbətləri olub və 3 gün sonra Elşən adlı müstəntiq zəng edərək onu MTN-in İstintaq Baş İdarəsinə gəlməli olduğunu deyib:

“Dedim ki, mənim MTN-də nə işim var? Soruşdum ki, məni çağıran Mövlam Şıxəliyevdir? Dedi ki, yox, Vüsal Ələkbərovdur. Növbəti gün getdim MTN-ə, Elşənin otağında oturdum. Az sonra içəri bir nəfər girdi, mənə tərs-tərs baxırdı. Soruşdum ki, sənə nəsə etmişəm? Yox dedi. Mənə niyə belə baxdığını soruşdum. Söyüş söydü, dedi ki, gəl. Məni öz otağına apardı. Orada şirkətlərimi saymağa başladı. Dedi ki, sən “Texnikabank” sədri Etibara görə mitinq eləmisən. Vüsal Ələkbərov idi mənimlə təhqiramiz danışan. Onu Mövlam öyrətmişdi ki, belə danışsın.

Hakim:

- Nə bilirsiz ki, Vüsal Ələkbərov idi həmin adam və Mövlam Şıxəliyev onu öyrədib?

- Məni Vüsal nə tanıyırdı? Mənim nömrəmi də ona Mövlam Şıxəliyev vermişdi. Mən Mövlamı çoxdan tanıyırdım. Onun toyunda da olmuşam. Axşam 7-yə qədər saxladılar, çağırış verib buraxdılar. Səhəri gün MTN-ə gəldim. Məni Təhsin Ağayevlə Vüsal Ələkbərov apardılar Mövlam Şıxəliyevin yanına. Uzun-uzadı söhbətimiz oldu. Oradan da sonra apardılar Təhsin Ağayevin yanına. O da dedi ki, bu gün Eldar (o zaman naziri olan Eldar Mahmudovu nəzərdə tutur – red.) müəllimin oğlunun toyudu. Səni də mənə tapşırdı. Bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər. Mən də dedim ki, hərənizə 10 min manat verə bilərəm. Dedi ki, bilirik ki, sən Dubaya gedirsən, getmə, sənə stop qoymuşuq. Axşam məni azad etdilər.

Səhər ailəmlə Dubaya getdim. 1 ay Dubayda, 1 ay da Moskvada, 1 ay da Çeboksarıda, 1 ay da Türkiyədə olmuşam. 4 ayda hər gün Vüsal Ələkbərovla Təhsin Ağayev mənə zəng edirdilər. Mən xaricdə olduğum aylarda hər gün bir oğlumu MTN-ə çağırıb incidiblər. 4 ayda oğlanlarımla razılığa gəldilər. Vüsal Ələkbərov zəng elədi, dedi ki, sağ olsun cənab nazir, sənin stopunu götürdü. Qayıt gəl.

Gələndən sonra da Vüsal Ələkbərov gəlib 1 milyon dolları götürüb getdi. Dedi ki, bu işdən kimsə xəbər tutsa, sən də, oğlanların da həbsə gedəcəksiz.

Zərərçəkən məhkəmədən xahiş edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun cəzaları 12 ildən 14 ilə qaldırılsın, ona vurulan ziyan ödənilsin.

Zərərçəkən Elvar Əliyev çıxışında deyib ki, müttəhimlər onun həyatını alt-üst ediblər: “İrandan müalicədən gəlmişdim. 2 saatdan sonra məni MTN-ə çağırdılar. Gecə12-də MTN-də idim. Yalvardım-yaxardım, mənə dərman vermədilər. Əsəbləşirəm, danışa da bilmirəm. Bunlar bizi, 5 nəfər idik, tutdular, dedilər ki, qaçaqmalçılıq etmisiz. Halbuki mənim heç bir malım yox idi, heş bir qaçaqmalçılıqda da iştirakım olmamışdı. 3 ay MTN-də saxladılar, 1 dəfə də dindirmədilər. Orada əlimə "ruçka" dəyməyib ki, nəsə yazım. Çıxanda da vəkilim qol çəkib, mən də çıxmışam.

Dəfələrlə Mövlam Şıxəliyevin kabinetində olmuşam. 500 min deyiblər, 300 minə düşüblər, axırda da 80 min manat alıb məni buraxıblar. Mən dəymiş ziyanı tələb edirəm. İstəyirsiz bunlara 20, istəyirsiz 50 il iş verin. Mənim ziyanımı ödətdirin”.

Zərərçəkən Sərdar İsmayılov deyib ki, qanunsuz olaraq həbs edildiyinə görə ona külli miqdarda ziyan dəyib: “1 konteyner malımı götürüblər. Yasin Məmmədov məni ehtimal əsasında tutub. Ehtimal əsasında istintaq aparıb. İndiyə qədər 1 konteyner maldan xəbər yoxdur. Mənim malımı öz adamlarına satdırıblar. 405 min dollarlıq malım, 50 min manat və 2 min dollar da Yasin Məmmədov alıb. Mənim malıma görə pulumu versinlər, aldıqları pulların ziyanını da ödəsinlər”.

Zərərçəkən Hüseyn Səfərov deyib ki, onu MTN-ə Vüsal Ələkbərov çağırıb, elə həmin gün də onu saxlayıblar: “Səhərisi məni Mövlam Şıxəlyevin yanına apardılar. 3 dəfə onun yanında olmuşam. Məndən 3 milyon istədilər. Sonradan 1 milyon 650 min dollar aldılar, amma buraxmadılar. Ekspertiza təyin elədilər. Rəy aldılar ki, guya şəkərim 580-dir.

Pulum Mövlam Şıxəliyevə çatan kimi məni Mövlam Şıxəliyevin yanına aparıdılar. Dedi ki, pul söhbətini bayırda danışma. Tələb etdi ki, 350 mini də azadlıqda olduğum vaxt gətirib verim. Əks təqdirdə həbs olunacağımı dedi. Bu gün mətbuat vasitəsi ilə çıxış edib rəhm diləyir prezidentdən. Axırda da yazır ki, yalvarıram. Mövlam Şıxəliyev müraciət etdiyi adamlara qarşı da hörmətsizlik edib”.

Hüseyn Səfərov bildirib ki, evlərini sataraq pullarını Mövlam Şıxəliyevə verdiyinə görə bu gün də kirayələrdə yaşayır: “Bunlar mütəşəkkil cinayətkar dəstədirlər. Bunlar məndən 2 milyon pul alıblar. Hərbi Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev vəkili Arzu Cavadovu yanıma göndərdi. Dedi ki, səs-küy salmasınlar, Eldar Mahmudov 3 nəfərin - sənin, Əfsəl Həsənəliyevin və Zaur Əliyevin pullarını ödəyəcək. Arzu Cavadovun sözlərini Mövlam Şıxəliyev də təsdiqlədi, dedi ki, kişinin sözü bir olar. 2 ay keçdi, kişinin sözü bir olmadı.

Bizim pulumuzu kim yeyibsə, qan qussun. Bunların hər dördünə ən yüksək həddə cəza təyin olunmasını tələb edirəm. Bizə vurulan ziyan ödənilsin”.

Daha sonra Mövlam Şıxəliyeviin vəkili Ceyhun Yusifov çıxış edib. Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir.

Vəkil qeyd edib ki, Mövlam Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib: “Ailə üzvlərinə, vərəsəlik şəkilində onun alə üzvlərinə keçən pay torpağı müsadirəyə götürüldü. Yazılır ki, cinayət yolu ilə əldə edib. Dövlət vətəndaşa qarşı bu dərəcədə aqressiv ola bilməz. Dövlət qanunu işgəncəyə çevrə bilməz. Xahiş edirəm ki, müşavirə otağında bu nüanslara baxın. 3-5-10 ildən sonra deyəcəklər ki, İlqar Murquzov, Həsən Əhmədov və Habil Məmmədov Mövlam Şıxəliyevin 70 illik əmlaklarını müsadirə elədi”.

Vəkil bildirib ki, Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu Ağabala Şıxıyevlə birlikdə mebel biznesi ilə məşğul olublar, biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib.

Vəkil Səbail rayonu ərazisində Aybəniz Şıxəliyevanın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar aldığını diqqətə çatdırıb. Bildirib ki, həmin əmlakların 2-də bir hissəsi müsadirəyə götürülüb.

Vəkilin sözlərinə görə, həmin dövrə aid Mövlam Şıxəliyevin əməlində hər hansı bir ittiham yoxdur. Vəkil müsadirəyə götürülən əmlakların hər birini sadalamaqla əsassız olaraq müsadirəyə götürüldüyünü iddia edib.

Vəkil məhkəmədən xahiş edib ki, müşavirə otağında bu məsələlərə diqqət yetirməklə ədalətli qərar çıxarılsın.

Bundan sonra zərərçəkən Zaur Əliyev dəlillərlə çıxış edib: “36 zərərçəkənə qarşı eyni ssenari üzrə cinayət törədilib. Eyni qaydada hamıya hədə-qorxu gəlməklə pul alınıb. Bizim başımıza bu oyunlar açılanda biz abırımıza qısılıb varımızı-yoxumuzu satıb, gətirib bunlara vermişik. Bu gün isə bunlar abır-həyalarını mala-mülkə dəyişib məhkəmə iclasında mal-mülk davası döyürlər. Haramçılıqla əlimizdən alınan bizim mal-mülkümüzü heç yeyə bilməsinlər.

Hakim:

- Təhqir olmaz.

- Oldu. MTN-də pul alma məqamı xüsusi bir tədbir kimi qeyd olunurdu. Dövlət tədbirləri o səviyyədə keçirilmirdi. Pulu alınır, MTN binasına keçirilir və şəxsən Mövlam Şıxəliyevin otağına gətirilərək ona təhvil verilirdi. Bu hansı şəkildə baş verirdi?

MTN-nin arxasında poliklinika var. Poliklinikanın qarşısında pul alınırdı. Mövlam Şıxəliyev pul alınmasını orada quraşdırılan kameralar vasitəsi ilə izləyirdi. Pul alınandan sonra onun MTN binasındakı kabinetinə gətirilib çatdırılana qədər də kameralarla izləyirdi. Çünki bunlar özlərinə belə inanmırdılar.

Baş Prokurorluğun İstintaq İdarəsi bu məsələləri araşdırmayıb. Zərərçəkənlərdən birinin 8 milyon pulunu 8 televizor "karobka"sında MTN binasına gətirilib. Bu pullarla bağlı formal da olsa, hər hansı bir istintaq hərəkəti həyata keçirilməyib. Bu mütəşəkkil cinayətkar quldur dəstənin başçısı Eldar Mahmudov olub. Mövlam Şıxəliyev isə icraçıdır. Eldar Mahmudovdan prokuror da, hakim də, notarius da, məmurlar da qorxub. Adı gələndə belə deyirdi ki, onun adını çəkmə. Bu cinayətlərin təşkilatçısı Mövlam Şıxəliyev olub".

Zaur Əliyev Mövlam Şıxəliyevin müavini olan Təhsin Ağayevin isitntaqdan kənar saxlanıldığını bildirib: “Mövlam Şıxəliyevin ailə üzvləri də onun cinayətinə şərik olublar. Bizlərdən alınan, vətəndaşların soyulmasından, mal-mülklərimizin talanmasından əldə olunan pullara varidat sahibi olublar. Həmin varidatı ailə üzvlərinin adına rəsmiləşdiriblər".

Hakim:

- Dayandırın. Onun ailə üzvlərinə ittiham verilməyib.

- Mövlam Şıxəliyev bizi girov götürüb, dövlətin milli Təhlükəsizlik Nazirliyində saxlayıb. Sizdən xahiş edirəm qərar qəbul edərkən bu məsələləri nəzərə alasınız.

Bundan sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. O, Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır.

Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini hökmü ilə Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.

Növbəti proses martın 6-da davam edəcək.

Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.

“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.

Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər