Bakıda dələduzluqda ittiham olunan "Murov TSK" MMC-nin kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Əfqan Zeynalovun vəkili İlhamə Həsənova vətatətlə çıxış edib.
O, cinayət işi üzrə icraatın dayandırılması, təqsirləndirilən şəxsə daha ağır cəza ilə ittiham verilməsi barədə işin prokurorluğa qaytarılması barədə vəsatət verib.
Vəkil qeyd edib ki, Əfqan Zeynalovun zəhərlənməsi ekspertiza rəyləri ilə sübuta yetirilib. Nellinin cəzasına ağırlaşdırılması üçün əsas var.
Prokuror cəsarətin təmin olunmamasını istəyib. Təqsirləndirilən şəxsin vəkili də vəsarətin rədd olunmasını xahiş edib. Məhkəmə vəsarəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış üçün söz prokurora verilib.
İttiham nitqi ilə çıxış edən prokuror Nelli Fabriçnayanın 11 il il müddətinə azadlıqdan mərhum edilməsini, eyni zamanda mülki iddianın təmin olunmasını istəyib.
Növbəti proses aprelin 10-da davam edəcək.
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.
O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib.
O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraq onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".
Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin bu məsələylə bağlı cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu istiqamətdə yenidən araşdırma aparsın.
İş meterialarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.
Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.
İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.
Əfqan Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.
Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxanvəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.
Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.