“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, oranın işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Pərviz Abbasovun cəzası 3 ilə, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzası isə 2 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin cəzaları isə 5 ilə endirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasova verilən ittihamın məhkəmə yolu ilə sübuta yetirildiyi əsas gətirilərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası verilib.
“Viola” MMC-nin meneceri Vüsalə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq, ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Vüsalə Əliyeva 2 il, digər təqsirləndirilən şəxslər isə 3 il dövlət orqanlarında vəzifə tutmaqdan məhrum edilib.
İttihama görə, “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham elan edilib.