Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın barəsində olan şikayətə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, Ali Məhkəmədə qərar elan edilib.
Qərara görə, Gültəkin Muradovanın barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı prokuror tərəfindən verilən kasasiya şikayəti təmin olunmayıb.
Bundan başqa, Gültəkin Muradovanın cəzasının daha yüngül cəza ilə əvəz olunması barədə şikayəti də qəbul edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gültəkin Muradova 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Gültəkin Muradovanın 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun kasasiya protesti və kasasiya şikayəti təmin edilməyib.
İttihama görə, Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürərək saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.
Qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.
2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub.
Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. 10 günə yaxın uşağı saxlayıb. 2022-ci il yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.
İstintaq orqanı tərəfindən Gültəkin Muradovanın barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.