Ağstafa su anbarının Qazax rayonunun Cəfərli kəndi ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Qazax rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, istintaqla qeyd edilən idarənin əməkdaşları - Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək həmin su hövzəsindən qanunsuz balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Fərman Mustafayevin onlara odlu silahdan atəş açaraq müqavimət göstərməsi və nəticədə Yaşar Məmmədovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.
Fərman Mustafayevə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.