19 Dekabr 2023 10:53
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov