Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1981-ci il təvəllüdlü Tamaranın xalası qızının əri, 1957-ci il təvəllüdlü Azəri (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tamerlan qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Tamaranın evdən xəbərsiz Bakı şəhərinə naməlum ünvana getməsində xalası qızının əri Azərin rolunun olduğunu düşündüyü üçün onu öldürmək qərarına gəlib.
30 avqust 2022-ci ildə, saat 11 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Azərin yaşadığı fərdi yaşayış evinə gəlib və ondan Tamaranın Bakıda hansı ünvanda yaşadığını soruşub. Azər ona bu barədə məlumatı olmadığını bildirdikdən sonra onlar sakit tərzdə söhbət edə-edə evdən çıxıblar.
Tamerlan şalvarının bel nahiyəsindən əvvəlcədən özü ilə gətirdiyi kənd təsərrüfatında heyvanların qırxılması üçün istifadə edilən qayçını çıxarıb, Azərə onun arvadının, Tamaranın iki azyaşlı övladının və baldızının gözləri qarşısında zərbələr vurub. Azər aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Tamerlanın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamerlan ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, o, rəsmən subay olsa da, qeyri-rəsmi qaydada həmkəndlisi Tamara ilə ər-arvad münasibətində olub: “Birlikdə Tamaraya məxsus evdə yaşamışıq. Tamaranın əvvəlki mərhum ərindən iki uşağı var. Onlar da Tamara ilə birlikdə yaşayırlar. Mərhum zərərçəkmiş Azəri həmkəndlim, həm də Tamaranın xalası qızı Südabənin əri kimi tanımışam, münasibətlərimiz yaxşı olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 21 avqust 2022-ci ildə Səadətin evinə gedib, qapı bağlı olduğundan öz evinə qayıdıb: “Səhəri gün Tamaranın xalası oğlu Bəhruzla görüşdüm. Tamaranın harada olmasını öyrənməsi üçün onu Azərgilə göndərdim. Lakin onlar Bəhruza Tamaranın yerini demədilər.
Tamaranın Bakıya getməsini güman etdiyimdən Bəhruzla birlikdə Bakı şəhərinə yollandıq. 3-4 gün Tamaranı axtarsaq da, tapa bilmədik. Buna görə rayona geri qayıtdıq. Bəhruz rayon polis şöbəsinə Tamaranın itkin düşməsi ilə bağlı müraciət etdi”.
Tamerlan qeyd edib ki, avqustun 29-da telefonla Azərlə danışıb: “Azərdən Tamaranın yerini soruşsam da, heç nə demədi. Bu səbəbdən güman etdim ki, Tamaranın yerini bilib gizlədir. Səhəri gün Azərgilə gedərək bu məsələni dəqiqləşdirmək istədim. Həm də Azərin əvvəllər məhkum olunmasını və Tamaraya təhlükə yarada biləcəyini düşündüm.
Evimdən qoyun qırxan qayçını götürdüm ki, bir təhlükə olsa, özümü müdafiə edim. Saat 11 radələrində Azərin evinə getdim. Məni evə dəvət etdi, birlikdə otağa keçdik. Azərin arvadı Südabə və Tamaranın iki uşağı – Alim və Gülüstan da orada idi. Otaqda Azərlə 5-10 dəqiqə söhbət etdim. Tamaranın yerini soruşdum. O da Tamaranın harada olmasını bilmədiyini dedi. Söhbət zamanı uşaqlar çıxdı, Südabə isə otaqda qaldı.
Az sonra Tamaranın digər bacısı Sevil də Azərgilə gəldi. Bundan sonra Südabə də otaqdan çıxdı. Mən də çıxıb getmək istədim. Bu zaman Azərlə aramızda əvvəl sözlə, daha sonra biri-birimizə əl ataraq tutaşmaqla mübahisə etdik. Azər əlində olan, görə bilmədiyim bir əşya ilə sol bilək nahiyəmə xəsarət yetirdi.
Mən də şalvarımın bel hissəsində gizlətdiyim qayçını çıxardım və Azərin bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə vurdum. Vurduğum zərbədən Azər yerə yıxıldı. Südabə və digər şəxslər qışqıraraq otağa daxil oldular. Əlimdəki qayçını ora atdım və yaşadığım evə getdim”.
Tamerlan bildirib ki, qayçı ilə Azəri vurarkən uşaqlar otaqda olmayıb: “Lakin Südabə otağın qapısının yanında idi və mənim Azəri qayçı ilə vurmağımı gördü. Evə gəldikdən sonra paltarlarımı dəyişdim, küçəyə çıxdım. Polis əməkdaşlarının avtomobillə hərəkət etdiyini gördüm. Onlara işarə edərək çağırdım və törətdiyim cinayəti bildirdim. Polislər məni Neftçala Rayon Polis Şöbəsinə apardılar”.
İş üzrə zərərçəkmiş Azərin hüquqi varisi qismində ifadə verən övladının sözlərinə görə, mərhum Azər onun atası, təqsirləndirilən Tamerlan isə atasının ögey dayısı nəvəsidir: "Münasibətlərimiz həmişə yaxşı olub. Tamara anamın xalası qızıdır. Əri vəfat edib, iki uşağı var. Son vaxtlar Tamaranın Tamerlanla yaxın münasibətləri olsa da, onların bir yerdə yaşamaları barədə məlumatım olmayıb.
2022-ci ilin avqustun ikinci yarısında Bakıda olarkən anamın xalası oğlu Bəhruzla Tamerlan şəhərə gələrək mənimlə görüşdülər. Məndən Tamaranın evdə olmadığını, Bakıda harada ola biləcəyini soruşdular. Tamaranın yerini bilmədiyimi bildirdim”.
Hüquqi varis qeyd edib ki, avqustun 30-da günorta saatlarında bacısı ona zəng vurub, atasının vəziyyətinin pis olduğunu bildirib: “Həmin gün rayona getdim. Evə çatanda atamın vəfat etdiyini öyrəndim. Sonradan mənə ailə üzvlərim məlumat verdilər ki, avqustun 30-da səhər saatlarında Tamerlan evimizə gəlib, atamdan Tamaranın yerini soruşub, onu gizlətdiyini bildirərək mübahisə edib. Sonra özü ilə gətirdiyi qoyun qırxmaq üçün istifadə olunan qayçı ilə atama çoxsaylı zərbələr vuraraq onu öldürüb”.
Şahid qismində ifadə verən Tamaranın sözlərinə görə, əvvəllər Yasin adlı şəxslə evli olub: “Məhkəmənin qərarı ilə Yasindən ayrıldım. 2018-ci ildə keçmiş ərim Yasin intihar edərək özünü öldürdü. Hazırkı vaxtadək iki uşağımla özümə məxsus evdə yaşayıram. Mərhum Azər xalam qızı Südabənin əri idi.
Təqsirləndirilən Tamerlanı tanıyıram. Təxminən 2 il qeyri-rəsmi ər-arvad münasibətində olmuşam. Aradabir yaşadığım evə gəlib-gedib. Son vaxtlar münasibətlərimiz pişləşdiyindən ondan ayrılmaq istəyirdim. Lakin Tamerlan buna imkan vermirdi. Tez-tez evimə gələrək məni narahat edirdi. Bununla bağlı bir neçə dəfə polisə müraciət etmişdim”.
Tamaranın ifadəsinə görə, avqustun 17-də Tamerlandan qurtulmaq, həm də maddi vəziyyəti aşağı olduğu üçün Bakı şəhərinə gedərək işləmək istəyib: “Bu səbəbdən xalamqızı Südabəgilə gəldim. Oğlum və qızımı onlara tapşırdım və işləmək üçün Bakı şəhərinə getdim.
Əvvəllər mobil telefonum vardı. Tamerlan həmin telefonu sındırdı. Həmçinin Azərgilə olduğum yeri Tamerlana deməmələrini xahiş etdim ki, gəlib məni tapmasın. Sonradan eşitdim ki, Tamerlan xalam oğlu Bəhruzla birlikdə Bakıda məni axtarsalar da, tapa bilməyiblər. Avqustun 30-da xəbərlərdə Azərin Tamerlan tərəfindən öldürüldüyünü eşitdim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tamerlan 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tamerlan apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsində işinə düzgün baxılmadığını qeyd edib. Bildirib ki, Azəri özünü müdafiə etmək məqsədilə vurub.
Tamerlan ona verilən Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona aşağı həddə cəza təyin edilməsini istəyib. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, məlum hadisədən əvvəl Tamara onun evindən 54 min manat oğurlayıb, həmin vəsait işdə göstərilməyib.
Tamerlanın şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb