14 Fevral 14:01
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 2002-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində mübahisə zamanı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyiməlumata görə, hadisə rayonu ərazisində yerləşən “Red Black” çay evinin otağında baş verib.

Fazil orada tanışı Aynurənin başqa kişilərlə ona xəyanət etməsindən şübhələnməsi və mobil telefonuna gələn zəngləri ona göstərməkdən imtina etməsi səbəbindən baş vermiş mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri vurub.

Bundan başqa, Fazil Yasamal rayonu, Parlament prospektində yerləşən 20 saylı tam orta məktəbin qarşısında “Nissan Tida” markalı taksi avtomobilinin salonunda tanışı Aynurənin başqa şəxslərlə ona xəyanət etməsindən şübhələnməsi və mobil telefonuna daxil olan zəngləri ona göstərməkdən imtinası səbəbindən yenidən qısqanclıq zəminində mübahisə edib.

Mübahisə zamanı Aynurənin bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vuraraq ona xəsarətlər yetirib.

Daha sonra həmin gün saat 17 radələrində “Salt” otelin 6 nömrəli otağında eyni zəmində mübahisəni davam etdirən Fazil Aynurəni yenidən döyərək, ona yenidən müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

“Aramızda intim münasibətlər olub”

İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aynurəni təxminən 3 il olar tanıyır: “Onunla sosial şəbəkə vasitəsilə tanış olmuşam. Saatlıq ev, kafe, hətta otellərə getmişik. Aramızda könüllü formada intim münasibətlər olub.

Əvvəllər psixoloq olduğunu bilsəm də, sonradan Aynurənin “tatu” ustası kimi sosial şəbəkələrdə elan yerləşdirməsini gördüm. Son iki ildə mütəmadi olaraq müxtəlif kafe, çay evi və otellərdə görüşürdük”.

“Əməlimdən peşman oldum”

Fazilin sözlərinə görə, 31 oktyabr 2022-ci ildə, axşam saat təxminən 19 radələrində Aynurə ilə görüşüb və ”Red Black” çay evinə gediblər:

“Çay evinin birinci mərtəbəsindəki 3 saylı kabinetdə əyləşdik. Özüm üçün pivə, Aynurə üçün çay sifariş verdim. Həmin vaxt Aynurənin mobil telefonuna tanımadığım şəxsdən zəng gəldi. Zəng edən nömrəni öyrənmək istədikdə, Aynurə özünü şübhəli apararaq telefondakı zəngi gizlətməyə çalışdı. Aramızda bu zəmində sözlü mübahisə yarandı.

Telefonu Aynurənin əlindən alıb baxmaq istəyəndə kiliddə olduğunu gördüm. Buna görə özünə qaytarmalı oldum. Gecə saat təxminən 12 radələrində mübahisə zamanı əlimlə Aynurənin sifət nahiyəsinə iki şillə, hər iki bud nahiyəsinə ayaqla iki dəfə yüngül zərbə vurdum. Əməlimdən peşman olaraq Aynurənin könlünü almağa çalışdım.

Aynurəni gecə taksi ilə apararaq yaşadığı ünvanın həyətində düşürdüm. Bundan sonra evimə getdim”.

“Məndən gizlətmək istədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 14 may 2023-cü ildə, saat 14 radələrində İlqar adlı dostu ilə Biləcəri qəsəbəsində yerləşən “Seval” kafesində çay içərkən dostu qoluna tatu döydürmək istədiyini bildirib: “Aynurə ilə telefonda danışdım, İlqar adlı dostumun tatu ilə bağlı ona müraciət etmək istədiyini bildirdim. Aynurə isə İlqarın qoluna 40 manata tatu döyə biləcəyini dedi, birlikdə onun İçərişəhərdəki salonuna gəlməyimizi istədi.

Kafenin yaxınlığından yoldan keçən taksilərdən birinə əyləşdik və İçərişəhərə getmək istədik. Aynurəyə zəng vurub taksidə olduğumuzu, yolüstü onu da götürə biləcəyimizi söylədim. Aynurə əlində işi olduğunu, bir saata özü gələ biləcəyini dedi. Biz artıq taksiyə mindiyimizi, onun yaşadığı tərəfə istiqamətləndiyimizi bildirdim, evdən çıxaraq bizimlə birlikdə getməsini xahiş etdim.

Sonrakı zənglərə cavab vermədiyindən taksi ilə Aynurənin yaşadığı əraziyə gedərək orada xeyli gözləməli olduq. Təkrar və mütəmadi zənglərindən sonra Aynurə taksi sürücüsünə aid olduğunu dediyi başqa bir nömrədən zəng vurdu, “20 Yanvar” dairəsinə gəlməyimizi istədi.

Aynurənin bizi xeyli gözlətməsi, yaşadığı ərazidə yox, “20 Yanvar” dairəsində olması onun hərəkətlərinə məndə şübhə oyatdı. “20 Yanvar” dairəsində Aynurə bizi qarşılayaraq orta yaşlı arıq bir kişinin idarə etdiyi taksiyə dəvət etdi. Mən Aynurənin oturduğu arxa oturacaqda, dostum İlqar isə qabaq sağ oturacaqda əyləşdi, sürücüyə İçərişəhər tərəfə sürməsini sifariş verdim.

Yolda Aynurəyə zəng gələndə o, sanki telefonu məndən gizlətmək istədi. Telefonu əlindən alıb baxmaq istəsəm də, kiliddə olduğuna görə baxa bilməyib özünə qaytardım.

Aynurənin məni taksidə yarım saatdan çox gözlətməsi, özünün başqa taksi ilə gələcəyini deməsi, yaşadığı ünvanın ərazisində deyil, tamam başqa yerdə bizimlə görüşməsi və görüşən kimi ona şübhəli zənglərin daxil olması şübhələrimi gücləndirdi. Onun başqası ilə əlaqə saxlayaraq görüşməsindən şübhələndim və qısqanmağa başladım. Taksidə bu zəmində mübahisə etməyə başladıq”.

“Öpüşdüyümüzün şahidi oldu”

Fazilin sözlərinə görə, saat təxminən 16 radələrində 20 saylı tam orta məktəbin qarşısında taksidə hərəkətdə olarkən Aynurəyə verdiyi suallara məntiqli cavab ala bilmədiyindən əsəbiləşməyə başlayıb: “Onun telefonunu açaraq mənə göstərməkdən imtina etməsindən daha da şübhələndim. Qısqanclıqdan maşının salonunda əlimlə Aynurənin alın və sağ yanaq nahiyələrinə iki zərbə vurdum. Taksi sürücüsü və dostum İlqar mənə iradlarını bildirdilər.

Hətta sürücü maşını kənara verib saxlayaraq maşından düşməyimizi tələb etdi. Mən isə sürücüdən üzr istədim, maşından bir dəqiqəliyə düşmələrini, Aynurədən üzr istəməyim üçün bizi yalqız buraxmalarını xahiş etdim.

Sürücü və dostum maşından düşüb siqaret çəkdikləri vaxt Aynurədən üzr istədim. Qayıdaraq “Salt” otelinə getməyi, orada münasibətlərimizə aydınlıq gətirməyimizi təklif etdim. Həmin vaxt taksi sürücüsü qapını açdıqda bizim barışaraq öpüşdüyümüzün şahidi oldu”.

“Əvvəl vurdum, sonra...”

Fazil bildirib ki, daha sonra Aynurənin razılığı ilə istiqamətlərini dəyişiblər və Biləcəri qəsəbəsindəki “Salt” otelinə gediblər: “Dostum İlqar yolda taksidən düşdü. Saat təxminən 16 radələrində otelə daxil olaraq şəxsiyyət vəsiqəmizi verib otaq kirayələdik. Təxminən bir saata yaxın orada istirahət etdik, münasibətlərimizə aydınlıq gətirdik. Aynurənin razılığı ilə intim münasibətdə olduq.

Saat 17 radələrində otaqdan çıxmağa hazırlaşarkən Aynurənin mobil telefonuna təkrar zəng gəldi. Eyni qaydada yenə məndə qısqanclıq hissləri baş qaldırdı. Zəng edənin kim olduğunu deməkdən imtina etməsi səbəbindən aramızda sözlü mübahisə düşdü. Əsəbiləşib yumruq, şillə-təpiklə qollarına, kürəyinə və digər nahiyələrinə zərbələr vurdum. Hətta əsəbimdən qollarını dişlədim və bundan sonra onu qucaqlayaraq öpdüm, könlünü almağa çalışdım.

Saat təxminən 17 radələrində oteli tərk etdik. Növbəti gün Aynurənin məndən şikayət etdiyi məlum oldu. Törətdiyim əməldən peşmanam”.

“Onda hələ ailəli idim”

İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, təqsirləndirilən Fazillə sosial şəbəkədə “PUBG” oyunu zamanı tanış olub: “Onunla tanış olanda Xətai rayonunda psixoloq kimi fəaliyyət göstərirdim. Fazillə təxminən 4 ay müddətində danışaraq qarşılıqlı münasibətlər yaratdıq. Sonra aramızda sevgi münasibətləri başladı.

Onda rəsmən ailəli olsam da, həyat yoldaşımla aramızda soyuqluq olduğundan, ayrı ünvanlarda yaşayırdıq. Həmçinin boşanmaq üçün məhkəməyə müraciət etdiyimizdən Fazillə aramızda sevgi münasibətləri yarandı.

Fazillə vaxt olduqca şəhərin müxtəlif yerlərində mütəmadi görüşmüşük”.

“Əlavə bir neçə saat da kabinetdə qalmalı olduq”

Zərərçəkmiş qeyd edib ki, növbəti görüşlərinin birində, yəni 31 oktyabr 2022-ci ildə axşam saat 19 radələrində Fazillə çay evinə gedərək kabinetdə oturub: “Pivə və çay sifariş verib söhbət etməyə başladıq. Bu zaman telefonuma tanımadığım nömrədən zəng gəldi. Fazil qısqanaraq dərhal yerindən qalxdı, telefonu məndən alaraq baxmaq istədi. Tanımadığım nömrə olsa da, Fazili başa sala bilməyəcəyim üçün telefonu vermək istəmədim. Buna görə hər ikimiz telefondan tutmuş vəziyyətdə dartışdıq. Sonda telefonu verdim.

Telefon kiliddə olduğu üçün baxa bilmədiyindən onu özümə qaytardı. Bu zəmində aramızda sözlü mübahisə başladı. Mübahisənin sonunda gecə saat 12radələrində Fazil mənə inanmayaraq əli ilə sifətinə iki şillə, ayağı ilə sol və sağ bud nahiyyələrimə iki zərbə vuraraq xəsarətlər yetirdi.

Sonra bağışlanmağım üçün yalvararaq dilə tutmağa, könlümü almağa çalışdı. Bunun üçün bir neçə saat əlavə kabinetdə qalmalı olduq”.

Zərərçəkmiş bildirib ki, gecə 3 radələrində Fazil onu taksi ilə yaşadığı ünvana aparıb: “Mənzilə daxil olanda atam gözümün göyərdiyini gördü. Fazil tərəfindən vurulduğumu biləndə hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etdi. Bundan iki gün sonra isə özüm bu barədə şikayətlə müraciət etdim”.

“Aramsız zəng vurdu”

Aynurənin sözlərinə görə, 2023-cü ildə Fazil ona zəng edib və İlqar adlı dostuna tatu döydürmək lazım olduğunu bildirib: “Mən 40 manata tatu vura biləcəyimi dedim. Saat 13 radələrində Fazil mənə zəng etdi, dostu İlqarla Biləcəri qəsəbəsində olduğunu dedi, oradan taksi ilə gələrək məni də götürməyi təklif etdi.

Mən vacib işlərimin olduğunu, bir saat gözləmələrini, özüm taksi ilə tatu salonuna gedəcəyimi desəm də, Fazil məni mütəmadi zəng vurub narahat etdi. Məni evdən tez çıxmağa tələsdirdi. İşlərimi yerinə yetirərək “20 Yanvar” dairəsinə gəldim. Orada tanımadığım orta yaşlı kişinin idarə etdiyi taksi avtomobilinə əyləşdim. Telefonumda kontur olmadığına görə Fazilin harada olmasını öyrənmək üçün sürücüdən xahiş etdim, onun telefonu ilə Fazilə zəng vurub “20 Yanvar” dairəsinə dəvət etdim.

Fazil və İlqarla görüşərək tatu salonunun yerləşdiyi İçərişəhər ərazisinə doğru hərəkət etdik. Taksi hərəkətdə olarkən Fazil mənim nə üçün gec gəldiyimi, zənglərinə gec cavab verdiyimi deməklə danlamağa, hətta mobil telefonumu əlimdən alaraq yoxlamağa başladı. Bu səbəbdən aramızda sözlü mübahisə başladı”.

“Oteldə məni döydü”

Zərərçəkmiş qeyd edib ki, saat 16 radələrində avtomobil 20 saylı orta məktəbin qarşısı ilə hərəkət edərkən Fazil əli ilə onun alnına, sonra isə sağdan yanağına zərbələr vurub: “Bu zaman sürücü və İlqar Fazilə iradlarını bildirdilər. Hətta sürücü maşını yolun kənarına verərək saxladı, Fazildən maşından düşməsini tələb etdi.

Fazil sürücüdən üzr istədi və mənimlə bir dəqiqə danışmağa vaxt verməsini xahiş etdi. Sürücü və İlqar maşından düşdükdə məndən də üzr istədi, bir daha bu əməllərini təkrar etməyəcəyinə söz verdi.

Sonra qayıdaraq əvvəllər getdiyimiz “Salt” oteldə münasibətlərimizə aydınlıq gətirməyi təklif elədi. Fazilin razılığı ilə istiqaməti dəyişərək Biləcəri qəsəbəsində yerləşən “Salt” otelinə getdik. İlqar otelə çatmazdan əvvəl yolda düşərək getdi.

Biz saat təxminən 16.10-da otelə daxil olduq. Təxminən bir saat vaxt keçirdik, yaxın münasibətdə olduq. Saat təxminən 17 radələrində çıxmağa hazırlaşarkən telefonuma təkrar tanımadığım nömrədən zəng daxil oldu. Fazil zəng edənin kimliyini öyrənmək üçün telefona baxmaq istədikdə, buna imkan vermədiyim üçün təkrar yumruq, şillə ilə sifətimə, qollarıma, sağ kürəyimə zərbələr vurdu. Hər iki qolumu dişləyərərk mənə xəsarətlər yetirdi. Sonra yenə könlümü almağa başladı.

Hər ikimiz oteli tərk etdik. Növbəti gün baş verən hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdim”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazil 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvanı axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər