5 İyun 14:07
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda 1993-cü il təvəllüdlü Elçin intim münasibətdə olduğu Səbinəni (adlar şərti verilib – red.) şantaj edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elçin 2020-ci il ilin avqust ayında Quba şəhərində tanış olaraq müxtəlif tarixlərdə görüşdüyü həmyerlisi Səbinəyə onunla cinsi əlaqədə olması və narkotik qəbul etməsini mobil telefonla gizlicə çəkdiyini bildirib.

O, həmin videogörüntüləri Səbinənin qohumlarına və tanışlarına göstərərək yayacağını deyib.

Barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2020-ci il oktyabrın əvvəllərindən başlayaraq 16 mart 2021-ci ilədək olan müddət ərzində müxtəlif günlərdə ondan 8000 manat məbləğində pul alıb.

Bundan başqa, Elçin məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 0,243 qramdan artıq çəkidə kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlayıb.

“Yaxın münasibətimiz yarandı”

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2020-cilin avust ayının əvvəllərində Səid adlı tanışı ona Səbinəyə məxsus mobil nömrəni verib və onunla əlaqə saxlayaraq danışa biləcəyini deyib: “Mən də Səbinə ilə əlaqə saxladım və onunla tanış oldum. Daha sonra Səbinə ilə yaxın münasibətlərimiz yarandı.

İlk dəfə 9 avqust 2020-ci ildə görüşüb, Quba rayon ərazisində yerləşən Dəvədabanı restoranına getdik. Səbinə ilə həmin restoranda gecələdik. Onunla öz razılığı əsasında cinsi əlaqədə oldum. Bundan sonra yaxın münasibətimiz yarandı, tez-tez görüşdük”.

“Patıdan istifadə etdik”

Təqsirlədirilən şəxs qeyd edib ki, Səbinə ilə 2020-ci il oktyabrın sonlarında Nabranda yerləşən “Sunset” istirahət mərkəzinə gediblər: “Biz orada gecələdik və öz razılığı əsasında Səbinə ilə cinsi əlaqədə oldum.

Həmin zaman mən “patı” kimi tanıdığım psixotrop maddə metamfetamin istifadə etdim. Səbinə də patı istədi. Ona həmin maddəni falqanın üzərində yandıraraq istifadə etməsini təşkil etdim. Bundan sonra Səbinə ilə münasibətlərim daha da yaxınlaşdı”.

“Pulu borc kimi götürmüşəm”

Elçinin sözlərinə görə təxminən 2020-ci ilin avqust ayından etibarən 2020-ci ilin dekabr ayının sonlarına kimi olan müddətdə 7 dəfə Səbinə ilə bir yerdə gecələyib, onun öz razılığı ilə cinsi əlaqədə olublar:

“Bir müddət sonra Səbinə ilə fikrim ciddiləşdi. Evlənmək istədiyim üçün 2020-ci ilin noyabrında onu yaşadığım evə apararaq anam Səyyarə ilə tanış etdim. 2020-ci il oktyabrın əvvəllərində Səbinədən borc pul istədim. İlk olaraq 500 manat, daha sonra təxminən 2000 manat borc pul götürdüm. Sonuncu dəfə 2021-ci il martın 16-da 260 manat məbləğində borc pul aldım.

2020-ci ilin oktyabrından 16 mart 2021-ci ilədək olan müddətdə Səbinədən təxminən 5000-6000 manat borc almışam. Pulları müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə götürdüyüm üçün konkret olaraq hansı məbləğdə, hansı tarixlərdə pul götürdüyümü xatırlamıram. Pulu adətən onun iş yerinin qarşısında götürürdüm.

Səbinəyə ehtiyaclarımın olduğunu deyərək qaytarmaq şərti ilə borc pul almışam”.

“Onu rüsvay edəcəyimi bildirdim”

Elçin qeyd edib ki, 19 mart 2021-ci ildə ehtiyacı yarandığından Səbinəyə yazaraq 300 manat borca pul istəyib: “Lakin Səbinə pulunun olmadığını bidirəndə ona birlikdə cinsi əlaqədə olduğumuz və narkotik istifadə etdiyimiz zaman çəkdiyim videogörüntüləri, şəkilləri yayacağımı, onu rüsvay edəcəyimi dedim. Səbinə mənə 300 manat pul tapıb verə biləcəyini söylədi. Pulu götürmək üçün tanışım Valeh adlı şəxsi onun yanına göndərddim.

Valehlə gələn polis əməkdaşları məni şöbəyə gətirdilər. Yolda polislər məndən üzərimdə narkotik vasitə olub-olmadığını soruşdular. İstifadəçi olduğum üçün üzərimdə narkotik vasitə olduğunu bildirdim”.

“Məndə heç bir video və ya şəkil olmayıb”

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2020-ci ilin oktyabrında Səbinədən 3800 manat məbləğində pul götürüb: “Həmin pulu maşın sexi açmaq üçün götürmüşdüm. Bu barədə Səbinəyə heç nə deməmişdim. Sadəcə, pulun şəxsi işlərimə lazım olduğunu bildirmişdim.

Bir dəfəyə ondan 2000, sonra da az-az olmaqla 800 manat pul götürmüşəm. Sonralar da ondan şəxsi ehtiyaclarım üçün müxtəlif məbləğlərdə pul almışam. Səbinədən götürdüyüm pulun ümumilikdə təxmini məbləği 5000-6000 manat olardı. Hamısını qaytarmaq şərti ilə borc almışdım.

Səbinənin dediyi şantajı yalnız 19 mart 2021-ci ildə etmişəm. Həmin gün Səbinəyə telefonda hədə-qorxu gələrək ona məxsus mobil telefondan qohum və tanışlarının nömrələrini götürdüyümü, həmin nömrələrin hamısına mənimlə birlikdə olduğu vaxt çəkdiyim əxlaqsız videogörüntüləri, şəkilləri göndərəcəyimi və onu rüsvay edəcəyimi bildirmişəm. Bunu etməmək üçün ondan 300 manat pul istəmişəm.

Səbinəyə onu rüsvay edəcəyimi bildirsəm də, məndə heç bir video və ya şəkil olmayıb. Sadəcə onu qorxutmaq istəmişəm.

Səbinə ilə birlikdə istifadə etdiyimiz metamfetamini Bakı şəhərində tanımadığım şəxslərdən almışam”.

“Mənə narkotik təklif etdi”

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, 2020-ci ilin avqust ayının əvvəllərində tanışı Səid vasitəsi ilə Elçinlə tanış olub: “Bir neçə gün telefonla əlaqə saxladıqdan sonra onunla səmimi münasibətlərimiz yarandı. 9 avqust 2021-ci ildə axşam saatlarında Quba şəhəri ərazisində görüşdük. Gecəni restorandakı otaqlardan birində qaldıq. Öz razılığımla cinsi əlaqədə olduq.

Bundan sonra daha yaxın münasibətlərimiz yarandı, mütəmadi görüşməyə başaldıq. 2020-ci ilin oktyabrında Nabrandakı “Sunset” istirahət mərkəzində otaqda spirtli içki qəbul etdik. Elçin qaldığımız otaqda narkotik qəbul etdi. O, mənə ağ rəngli maddəni göstərərək, bunun patı, yəni narkotik olduğunu və yaxşı əhval verəcəyini bildirdi. Mənə də çəkməyi təklif etdi, razılaşdım.

Daha sonra Elçin maddəni falqanın üzərinə tökdü, altından alışqanla yandırdı və birlikdə tüstüsünü qəbul etdik. Yadımda qaldığı qədəri ilə üç dəfə Elçinlə birlikdə narkotik qəbul etmişəm”.

“Ailə quracağımızdan arxayın oldum”

Zərərçəkmiş qeyd edib ki, Elçin onu 2020-ci ilin noyabrında Xaçmaz şəhərində yerləşən evlərinə, ailə üzvləri ilə tanışlığa aparıb və anası onların evlənəcəyini deyib:

“2020-ci il oktyabrın əvvəllərində Elçin mənə ilk öncə Bakı şəhərində, daha sonra Qusar rayonunda maşın təmiri üçün yer açmaq istədiyini, daha sonra isə maşın təmiri yerini Quba rayonunda açaraq mənə daha yaxın olmağı arzuladığını bildirdi. Bunun üçün 500 manat borc pul verməyimi xahiş etdi. Mən də 500 manat pulu hazırda xatırlamadığım tanışlarımdan borc alaraq Elçinə verdim.

Bir neçə gün sonra o, maşın təmiri üçün açacağı yerə alətlər almalı olduğunu, bunun üçün 250 manata ehtiyac yarandığını dedi. Yenidən 250 manat tapıb Elçinə verdim. Bir neçə gündən bir məndən öz işləri üçün pul lazım olduğunu bildirdi və 2020-ci ilin oktyabrın sonlarına kimi dəqiq xatırlamadığım tarixlərdə və məbləğlərdə olmaqla məndən ümumilikdə 2000 manat götürdü.

Mən həmin pulu Elçinə verən zaman ailə quracağımıza arxayın idim. Borc pulu bu məqsədlə Elçinə verirdim”.

“Daha sənə veriləcək pulum yoxdur”

Səbinənin ifadəsinə görə, 2020-ci ilin oktyabr ayının sonlarında Elçin ondan yenidən pul istəyib:

“Ona özümün borucumun olduğunu, bu səbəbdən daha ona pul verə bilməyəcəyimi bildirdim. O mənə “tez ol mənim üçün pul tap, mənə pul tapmalısan” söylədi. Ona rədd cavabı verdim. Elçin işi olduğunu dedi, götürdüyü borcu qaytaracağına söz verdi. Elçinə təkrar pul tapa bilməyəcəyimi söylədim.

Elçin mənə “səninlə xoş danışdım” dedi. Bildirdi ki, əgər pul tapıb verməsəm, birlikdə olanda çəkdiyi əxlaqsız videogörüntü və şəkilləri telefonumdan götürdüyü nömrələrə göndrərək məni rüsvay edəcək.

“Şəxsi işimiz kimin nəyinə lazımdır” deyəndə Elçin mənə birlikdə narkotik istifadə etdiyimiz zaman çəkdiyi videogörüntünün də onda olduğunu söylədi. “Tanıdığın insanlar sənin narkotikdən istifadə etdiyini bilsə, sənə necə baxacaqlar” deyə mənə hədə-qorxu gəldi.

Öncə dediklərini ciddiyə almasam da, Elçin mənə “kimə arxayın olub belə danışırsan, gəlib sümüklərini qıraram” söylədi. Bundan sonra Elçinin həqiqətən ciddi hədə-qorxu gəldiyini anladım. Qorxub onun dediklərinə razı oldum və ona pul tapacağıma söz verdim”.

"Pul tapa bilməyəcəyimi düşündüm"

Zərərçəkmiş qeyd edib ki, tanışı Fatimədən nisyə qızıl-zinət əşyaları götürüb və 680 manata sataraq həmin pulu Elçinə verib: “O, məni yenidən şantaj edərək pul istədi. Bu minvalla məndən 2020-ci ilin oktyabrın sonlarından 16 mart 2021-ci ilədək olan müddətdə xatırlamadığım tarixlərdə və məbləğlərdə ümumilikdə 6000 manat pul götürdü.

İlk götürdüyü 2000 manatla birlikdə Elçin məndən 8000 manat məbləğində pul aldı. 18 mart 2021-ci ildə telefonuma təhqiredici SMS mətnləri göndərdi. Daha onun dediklərinə dözə bilmədim. Bu səbədən polisə müraciət etmək istədim.

Martın 19-da səhər saatlarında Elçin zəng edərək saat 12-yə kimi ona 300 manat verməli olduğumu bildirdi. Elçinin istədiyi pul tapa bilməyəcəyimi düşündüm. Buna görə polisə ərizə ilə şikayət etdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elçin 8 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər