23 Sentyabr 14:07
2 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda 37 yaşlı kişi sevgilisinə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Babək rayonunda baş verib.

Rayon sakini Xuraman Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sevgi münasibətində olduğu 1987-ci il təvəllüdlü Ayaz (adlar şərti verilib – red.) tərəfindən döyüldüyünü, ölümlə hədələndiyini bildirib.

Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Ayazın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilib.

“Şəkillərimi çəkdiyini gördüm”

Məhkəmədə izahat verən Ayaz bildirib ki, zərərçəkmiş Xuraman əvvəllər “Cahan” Ticarət Mərkəzində işləyib:

“2023-cü ilin aprel ayında Xuraman məndən 3 cüt ayaqqabı aldı. Sonradan öyrəndiyimə görə, həmin vaxt artıq Xuraman işdən çıxarılıbmış. Sabahı gün Xuraman mənə zəng edib harada olduğumu soruşdu. Mənə ayaqqabıların pulunu vermək üçün evinə dəvət etdi. Öncə dəvəti qəbul etməsəm də, Xuraman evdə uşağının xəstə olduğunu, bu səbəbdən gələ bilmədiyini deyəndə onların evinə getdim. Maşınımla Xuramanı kirayə yaşadığı evə yollandım.

Xuraman mənə havaların isti olduğunu bildirdi, əlində gətirdiyi kompotu içməyi təklif etdi. Mənə “qardaş” deyə müraciət etdi. Mən kompotu içdikdən sonra özümdən getdim. Lakin hansı səbəbdən huşumu itirdiyimi, kompotun içinə nəyinsə qarışdırılıb-qarışdırımadığını dəqiq bilmədim. Ayıldıqda özümü yatağa uzanmış vəziyyətdə, Xuramanın isə şəkillərimi çəkdiyini gördüm.

Ondan mənə nə olduğunu soruşdum. O da heç nə bilmədiyini və yıxıldığım üçün məni yatağa uzatdığını dedi”.

“Məni hədələdi”

Ayazın sözlərinə görə, bundan 1-2 gün sonra Xuraman ona həmin şəkilləri atıb, “ya mənim olmalısan ya da ailən dağılmalıdır” deyib: “Daha sonra “sevdiyim insan sənə oxşayırdı, buna görə də mənimlə sevgili olmalısan, yoxsa bunları ailənə göndərəcəyəm” söylədi. Bir neçə gün bu vəziyyətin davam etdi.

Xuraman mənə “hara gedirsənsə mənə deməlisən, atdığın hər addımı mənə bildirməlisən, çağıranda bizə gəlməlisən” şərtini qoydu. Bir gün isə zəng edərək məni ad gününə dəvət etdi, gəlməsəm şəkilləri ailəmə göndərməklə hədələdi. Yaşadığımız binanın qarşısına gəldi, evimizə girməklə təhdid etdi”.

“Oğlun mənimlə yaşayır, əlimdə materiallar var”

Ayaz qeyd edib ki, 2024-cü ilin avqustun 31-də Xuraman ona zəng edərək hamamda yıxıldığını dedi, onu xəstəxanaya aparmasını istəyib: “Qorxduğum üçün oraya getmədim, bazara yollandım. Bu vaxt Xuraman zəng etdi, qardaşının gələrək onu xəstəxanaya aparacağını bildirdi. Daha sonra məni başıma oyun açacağıyla hədələdi.

Növbəti gün Xuraman bazara gələrək niyə onun yanına getmədiyimi soruşdu. Mənə şər atacağından qorxduğum üçün getmədiyimi söylədim. Bundan sonra o, anama zəng edərək “oğlun mənimlə yaşayır, əlimdə materiallar var” deyib.

Anam mənə zəng edib tez evə gəlməyimi istədi. Evə getdikdə səs-küy olduğunu gördüm. Məlum oldu ki, həyat yoldaşım Xurmana zəng edərək özünü bacım kimi qələmə verib, məsələ barədə soruşub. Xuraman isə ona cavabda bildirib ki, "Ayaz məni saxlayır, istəsəniz şəkil də göndərərəm”. Axşam isə əlini qoynuma salaraq çəkdirdiyi şəkli ailəmə atdı”.

Ayaz bildirib ki, 2 gün sonra Xuramana zəng edib və ondan ailəsini niyə dağıtdığını soruşub: “Daha sonra Xuramanın əmisinin yanına getdim. Ona olanları danlışdım. Xuramanın əmisi başını aşağı saldı... İki gün sonra məni polisə dəvət etdilər.

Orada Xuraman guya ondan 2000 manat aldığımı, telefonunu qırdığımı, qısqanclıq zəminində onu döydüyümü bildirdi. Halbuki kiməsə xəsarət yetirəcək xarakterdə insan olmamışam. Polis şöbəsində məsələnin aydınlaşdırılmasını xahiş etdim. Onlara xanım döyəcək insan olmadığımı bildirdim”.

“Məcbur onunla danışmışam”

Ayaz qeyd edib ki, Xuraman ona gecə saat 12-yə qədər yatmamağı tapşırıb, əks halda hər an zəng edərək ailəsini dağıtmaqla hədələyib: “Xuraman ərinin Bakıda işlədiyini, əri gələndə ona dərman verərək yatırdıqdan sonra mənə görüntülü zənglər edəcəyini söylədi. Mən Bakıya gedən zaman yenə görüntülü zəng edərək yanımda başqa bir qadının olmasından şübhələndiyini bildirdi. Mən dəailəmi itirməməkdən ötrü onunla məcbur qalıb danışmışam.

Xuramandan heç vaxt pul almamışam. Bakıda maşın alarkən 2500 manatım çatmayıb. Bu səbəbdən dostuma zəng edərək həmin pulu ondan istəmişəm.

Xuraman mənə təhqiredici sözlər atıb. Hətta polis Xuramanın qızına onun döyülməsi ilə bağlı sual verdikdə, qızı anasının yıxıldığını bildirib. Xuramanın dediklərinin yalandır.

Səhər-səhər onlara getməmişəm, kənddə baba evində olmuşam. 2020-ci ildə atamın xəstəliyi ilə əlaqədar Naxçıvan şəhərində də ev almışıq, orada qeydiyyatda olmuşuq. Xuraman oranı tanımayıb, sadəcə binanın qarşısında gələrək dayanıb”.

“Sevgili olmağımızı qeyd etmişik”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xuramanın sözlərinə görə, Ayazın dedikləri yalandır, onu evə çağıraraq yuxuya verməyib: “İki il öncə “Cahan” Ticarət Mərkəzində çalışmışam. Ayaz məndən əl çəkməyib, hər dəfə yanıma gedib-gəlib, axırda məni işdən çıxartdırıb.

Mənə işləməyə icazə verməyib, yemək, paltar və digər bütün maddi ehtiyaclarımı Ayaz qarşılayıb. Ayaz mənim evimə gedib-gəlib. Bizim şəkillərimiz var, sevgili olmağımızın ildönümünü qeyd etmişik. Bir-birimizə üzük almışıq. Ayazın anası, bacısı, qardaşı ilə birlikdə yemək yemişik, məni kəndlərinə aparıb.

Əgər içkiyə dərman qatmışdımsa, bunu da polisə vaxtında deməli idi. Ayaz mənə çölə çıxmağa icazə vermirdi. Mənim pulumu alıb, pulu geri istədiyim üçün məni döyüb. Heç kimə zəng etməməyim üçün telefonumu da qırıb.

Münasibətlərimiz son dövrlərədək çox yaxşı olub. Bu barədə hətta mənim ailəmin də məlumatı olub. Sonra Ayazın yoldaşına və anasına zəng edərək məndən uzaq durmasını istəmişəm.

Ayaz ailəsini itirməmək üçün “sən mənə səs at ki, yoldaşım qayıtsın” deyib. Halbuki həmin vaxt ailəsi onun yanında olub”.

“Birlikdə yaşamışıq”

Zərərçəkmiş qeyd edib ki, evli olsa da, faktiki olaraq ərindən ayrı yaşayıb: “Ərim aliment ödəməmək üçün boşanmaq istəməyib. Hələ də evli qalmışıq. Ərim Naxçıvana uşağı görmək üçün gəlib-gedib. Onunla 2009-cu ildə evlənmişik, bu, ikinci evliliyimiz olub. Bizim birgə nikahdan 1 övladımız var.

Naxçıvana 2 il olar gəlmişəm. Seymur adlı şəxsin yanında geyim mağazasında işləmişəm. Həmin müddətdə Ayazla tanış olmuşam, 1 il 5 ay onunla birlikdə yaşamışam. Onun ailəsi olduğunu bilmişəm. Bu müddət ərzində ailəsinə bir dəfə də zəng etməmişəm. Ailəsinin də bu münasibətdən xəbəri olmayıb. Ayaz evimə gələrək onunla birlikdə yaşamışıq”.

Zərərçəkmiş bildirib ki, 2 ay öncə Ayaz onların evinə gələrək ondan maşın almaq üçün pul istəyib: “Ona güvəndiyim üçün pulun verilməsi ilə bağlı sübut saxlamamışam. Özüm toyuq-cücə alqı-satqısı ilə məşğul olmuşam. Qızım bizimlə birlikdə qalıb və Ayazı çox istəyib”.

Bu işə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Ayaz 350 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər