3 Mart 2015 11:35
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini “Təhriki Taliban” və “Seyfullah”ın tərkibində döyüşən terrorçular necə həbs olundu?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Firdovsi Yusifov və1986-cı il təvəllüdlü Taleh Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. İttiham aktına görə, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.

Həmçinin müəyyən edilib ki, Taleh Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçib və “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Seyfullah” adlı digər silahlı dəstədə 2013-cü ilin avqustunadək iştirak edib. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürüb və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərib. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər.

Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Məhkəmə prosesi martın 6-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər