Biləsuvar sakini ali məktəbə tələbə qəbul etdirmək adı ilə və avtomobil satmaqla dələduzluq edib
Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Biləsuvar rayon sakini Anar Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, o, 2009-cu ilin sentyabr ayında Məmmədrza Məmmədovun qızı Ülkəri Astara Pedaqoji Texnikumuna tələbə kimi qəbul etdirəcəyini vəd edib.
Anar Muradov Məmmədrzanı aldadaraq Masallı rayonu ərazisində yerləşən "Moskva" restoranının qarşısında 3500 manatını alaraq mənimsəyib. Dələduzluq əməlini davam etdirən Anar Muradov 2010-cu ilin aprel ayında İmdad Novruzovun oğlu Elşən Novruzovu Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini vəd edərək 3500 manatını alıb.
Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında yaşadığı Biləsuvar şəhərində yerləşən evində həmyerlisi Behbud Əliyevə özünə məxsus olan "VAZ-2107" markalı avtomobilini satacağını vəd verib. O, bu vədini verərkən həmyerlisindən 6000 manat alıb. Amma vədinə əməl etməyərək həmin miqdarda olan pulu dələduzluq yolu ilə ələ keçirib.
Avtomobil dələduzluğu
Bundan əlavə, Anar Muradov 2011-ci ilin avqust ayından 16 mart 2012-ci il tarixə qədər olan müddət ərzində Yusif Bəxtiyarova qardaşı Rövşən Bəxtiyarovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkməsində baxılan cinayət işi üzrə təyin olunacaq cəzanın həddinin aşağı salınmasında köməklik edəcəyini vəd verib. Anar Muradov ondan Bərdə və Bakı şəhərlərində ümumilikdə 9100 manat alıb.
Habelə o, 7 fevral 2012-ci ildə Şamil Rzayevə "Mercedes" markalı avtomobili satacağını vəd verib. Anar Muradov bu məqsədlə Masallı rayonunda onun 6400 ABŞ dollarını ələ keçirib. Bundan başqa, Anar Muradov həmin il mayın 7-də Zibeydə Cəfərovanın oğlu Neman Cəfərova sürücülük vəsiqəsi alacağını vəd verərək 700 manat pul alıb. Anar Muradov 5 avqust 2012-ci ildə Cəlilabad rayon sakini Yaşar Qasımova Gürcüstan Respublikasından "Mercedes E" markalı avtomobil gətirəcəyini vəd verərək 3000 ABŞ dollarını mənimsəyib. O, eyni üsulla avqustun 6-da Cəlillabad sakini Hüseyn Hüseynovu aldadaraq 3000 ABŞ dollarını ələ keçirib.
Anar Muradovun dələduzluq əməli ilə üzləşən növbəti şəxs Biləsuvar Rayon Polis Şöbəsinin istintaq qrupunun sabiq müstəntiqi Rövşən Cavadov olub. O, 15 avqust 2012-ci ildə, saat 18.00-da mobil telefonla Rövşən Cavadova zəng edərək ona hədə-qorxu gəlib. Anar Muradov sabiq müstəntiqin xidməti fəaliyyəti ilə əlaqədar olaraq onun barəsində rüsvayedici məlumatları yayacağını bildirib.
Müstəntiqə qarşı hədə-qorxu
O, sabiq müstəntiqə hədə-qorxu gələrək həmin məlumatların çəkildiyi diski Daxili İşlər Nazirliyinə göndərməmək üçün ondan 200 manat pul verməsini tələb edib. Rövşən Cavadovun şöbə rəhbərliyinə ünvanlanmış raportuna əsasən 15 avqust 2012-ci ildə, saat 20.00-da Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Anar Muradov Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının həyətində "CD" diskini Rövşən Cavadova 200 manata satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Eləcə də üzərinə baxış keçirilərkən 2,45 qram narkotik vasitə olan tiryək aşkar edilib.
Anar Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.2.2-ci (təkrar, hədə-qorxu yolu ilə tələb etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Muradov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Muradov apelyasiya şikayəti verib.
Məhkum olunan işinə yenidən baxılmasını istədi
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Anar Muradov bildirib ki, birinci instansiya məhkəməsində işinə baxılarkən hüquqları kobud şəkildə pozulub: "Özüm və vəkilim tərəfindən dəfələrlə qaldırılmış vəsatətlərdə tam şəkildə cinayət əməlindən xəbərsiz olmağımı, Cinayət Məcəlləsinin 178-ci və182-ci maddələrinin ona düzgün verilmədiyini sübuta yetirən kifayət qədər əsaslar olmasına baxmayaraq həmin vəsatətlər hakimlər kollegiyası tərəfindən kobud şəkildə araşdırılmayıb. İbtidai istintaq zamanı müstəntiq ittiham aktı tərtib edərkən prosessual hüquq normalarının pozuntusuna yol verib. Cinayət Məcəlləsinin 73-cü maddəsində göstərilib ki, cinayət zamanı zərər çəkmişə dəymiş maddi ziyan tam şəkildə ödəndikdə və ya başqa yolla aradan qaldırıldıqda təqsirləndirilən şəxs tam şəkildə cinayət məsuliyyətindən azad oluna bilər. Birinci instansiya məhkəməsinin hökmündə aydın göstərilib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tərəfimdən tam şəkildə ödənilib və ona qarşı mülki iddia olmayıb. Belə olduğu halda hansı külli miqdarda dələduzluqdan söhbət gedə bilər. Mənə Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin verilməsi də qanunsuz olub".
Zərərçəkmiş: ""Qardaşımın işini 3 il cəza ilə qurtarmaq üçün cəmi 50000 manat pul istədi""
Anar Muradov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv olunmasını, işin təkrar birinci instansiya məhkəməsinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş Yusif Bəxtiyarov bildirib ki, 2011-ci ilin may ayında qardaşı Rövşən Bəxtiyarov narkotiklə məşğul olmasına görə bərəsində Ağsu Rayon Prokurorluğunda aparılan cinayət işinin istintaqı ilə əlaqədar onun hüquqlarının müdafiəsi məqsədi ilə yaxşı vəkil lazım olub: "Bunu qohumlarım bildiyindən 2011-ci ilin avqust-sentyabr aylarında həbsdə olan qardaşım Rövşənin bacanağı Yusif Hüseynov mənə dedi ki, onun iş yoldaşı Sədaqət Teymurovanın kürəkəni, əslən Biləsuvar rayonundan olan və orada yaşayan Anar Muradovun geniş əlaqələri var və o, qardaşım üçün yaxşı vəkil tapmaqda kömək edə bilər. Yusif Hüseynov bu məqsədlə mobil telefon nömrəmi Anara verib. Həmin ərəfədə Anar zəng edərək Bərdə rayonuna gəldiyini bildirdi və mənimlə rayon mərkəzində görüşdü. Görüş zamanı Anar bildirdi ki, qardaşı Rövşən üçün yaxşı vəkil tapacaq. Anar Muradov vəkillə müqavilə bağlamaq üçün ilkin olaraq orada 300 manat pul aldı və söhbət zamanı Anar qardaşımın işini 3 il cəza ilə qurtarmaq üçün cəmi 50000 manat pul istədi. Anar həmin puldan 20000 manatını vəkilə, qalan 30000 manatı isə məhkəmədə verəcəyini deyib".
Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxsə 12 min manatdan çox pul veriblər: "Lakin qardaşım Rövşən Bəxtiyarovun işinə 2012-ci ilin yayında məhkəmədə baxılarkən məlum oldu ki, Anar qardaşıma məhkəmədə vəkil tutmayıb və bu işdə qardaşıma heç bir köməklik etməyərək bizi aldadıb. Qardaşıma 8 il iş verildikdən sonra Anardan verdiyim pulu tələb etdim. Uzun söz-söhbətdən sonra Anar cəmi 1000 dollar qaytarıb, qalan pulları isə qaytarmayıb. Söhbət zamanı Anar bildirdi ki, qardaşımın işinə kömək etmək məqsədilə Biləsuvar rayonunda işləyən Vüqar adlı vəkillə danışıb və ona nə qədərsə pul verib. Anar deyir ki, guya ona cəmi 5650 manat verilib. Anarın dedikləri tam yalandır. Hazırda Anar Muradovdan mənə vurulmuş ziyanın qalan hissəsinin ödənilməsini tələb edirəm".
Digər zərərçəkmişlərin ifadəsi dinlənildikdən sonra qərar elan olunub. Qərara görə, Anar Muradovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov