Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Zəngilan rayon sakini, 23 yaşlı Azad Orucovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən il avqustun 26-da baş verib. Azad Orucov həmin gün Suraxanı rayonu ərazisindəki Duzlu göldə 30 yaşlı Xəyyam Allahverdiyevi döyərək öldürüb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisə yerində Azadın qardaşı, 29 yaşlı Abbas Orucov və onun həmyerlisi 20 yaşlı Elçin Abdullayev də olub.
Həmin gün Xəyyam Allahverdiyev içkili vəziyyətdə dostları Abbas və Azad Orucovların kafesinə gedib, onları nalayiq söyüşlərlə təhqir edib. Qarşı tərəf onu sakitləşdirməyə çalışsa da, mümkün olmayıb.
Əsəblərinə hakim ola bilməyən Azad və qardaşı Abbas onun baş nahiyəsinə yumruqla zərbələr endiriblər. Xəyyam aldığı zərbələrdən dünyasını dəyişib. Qardaşlar meyiti ərazidəki Duzlu gölə atıblar.
İstintaqın gedişində Azad Orucovun Xəyyam Allahverdiyevi küt alətlə vuraraq öldürməsi üzə çıxıb. Onun Xəyyam Allahverdiyevi mübahisə zəminində qətlə yetirməsi məlum olub. O da bəlli olub ki, Xəyyam Allahverdiiyev hadisədən əvvəl Azad Orucovun işlədiyi kafedə yeyib-içibmiş.
Qeyd edək ki, cinayət işində adı hallanan Elçin Abdullayev və Abbas Orucovun cinayət işi ayrıca icraata götürülüb. Onların işinə xuliqanlıq ittihamı ilə Suraxanı rayon Məhkəməsində baxılıb, hər birinin barəsində ittiham hökmü çıxarılıb. Azad Orucov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilərək cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Azad Orucov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov