4 Aprel 2015 18:12
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəstə üzvü Rafael Əliyev: "Narkotikdən istifadə etməmişəm, quldurluq hadisəsini isə birgə törətmişik"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən 18 nəfərlik dəstəyə üzv olan İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbrayılov, Rauf Mahmudov, Rəşad Ağayevin cinayət işi üzrə proses davam edib.

Hakim Eynulla Vəliyevin sədrlik etdiyi məhkəmədə prokuror ittihamnaməni oxuyub. İttihama görə, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətlər olan meyiti tapılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olduğu müəyyən edilib.

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə ötən ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovu öldürməyi təklif edib və əvvəlcədən 5.100 manat ödəyib.

Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oqtay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.

Daha sonra Rauf Rəhimov, Tacəddin Qafarov və Təvəkkül Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar.

Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüblər, cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində maska formasında düzəldilmiş iki idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb. Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib.

Məlum olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan Rauf Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarovla birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də, adları hələlik istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı avtomobillə Çingiz Məmmədovun evinə gəliblər. Onlar üzlərinə qara maska keçirərək mənzilə basqın ediblər.

Dəstə üzvləri ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə 16 min manat pulu ələ keçiriblər.

Prokurorun çıxışından sonra təqsirləndirilən Rauf Rəhimov ifadə verməkdən imtina edib. Kənan Qasımlı isə ona verilən 3 oğurluq ittihamı üzrə yalnız birində iştirak etdiyini qeyd edib: "Mənim üstümdə 3 oğurluq epizodu var. Mən yalnız birində iştirak etmişəm. Qalan ikisini isə zorla boynuma qoyublar. Sənədi gətirib qabağıma qoydular ki, imzala".

Tural Cavadzadə də ifadəsində yalnız bir epizodda oğurluq etdiyini bildirib. "Məni burada mütəşəkkil cinayətkar dəstənin üzvü kimi göstərirlər. Halbuki yalnız bu saxlanılan şəxslərdən Kənan Qasımlını tanıyıram. Onunla birgə avtomobildən pul oğurlamışıq. Məni də 4 epizodun iştirakçısı kimi ittiham ediblər".

İttiham olunanlardan Rafael Əliyev ifadəsində narkotik aludəçisi olmadığını, yalnız quldurluq epizodunda iştirak etdiyini deyib: "Narkotikdən istifadə etməmişəm, quldurluq hadisəsini isə birgə törətmişik. Elməddin, Cahandar, Rauf, mən kafedə oturduq. Spirtli içki içdik. Bu zaman vəziyyətin yaxşı olmadığını bir-birimizə dedik. Rauf Bakının "Həzi Aslanov" yaşayış massivində bir müəllimin evdə çox vaxt olmadığını dedi. Uşaq hazırlaşdırdığını, bu səbəbdən evində pul olacağı ehtimalını dedi.

Vəziyyətimiz çox pis idi. Razılaşdıq, getdik. Evə çatanda Rauf qapını döydü. Mən evdə heç kimin olmayacağını söylədiyi üçün ona etiraz etdim. Qapı açıldı. Kişini həmin an tutub içəri saldım. Əllərini bağladıq. Gözünü yumduq ki, bizi sonra tanımasın. Pulu götürüb aradan çıxdıq".

Təqsirləndirilənlərdən Amil Salayev 3 epizodda ittiham olunduğu bildirib: "Mən, əslində, iki oğurluqda iştirak etmişəm. İki avtomobil oğurlamışam. İkisini də tək eləmişəm. Burada mənimlə bir yerdə mütəşəkkil dəstə altında oturan heç bir kəsi tanımıram".

Məhkəmə davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər