İki dəfə məhkum olunmuş, on il cəza çəkmiş Sumqayıt sakini yenidən həbsxanaya qayıtdı
Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Aydın Zamanovun cinayət işinə baxılıb. Aydın Zamanov əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.
O, 13 iyul 2001-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü (oğurluq), 180.2.1, 180.2.2-ci (soyğunçuluq) maddələri ilə Ağır Cinayətlər Məhkəməsində 7 il azadlıqdan məhrum edilib. 2008-ci ildə azadlığa çıxsa da, əməlindən əl çəkməyib. Təzədən oğurluq etdiyi üçün 9 oktyabr 2009-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan mərhum edilib.
Aydın Zamanov cəzasının üçdə bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və götürülmədən yenidən oğurluğa əl atıb. 2013-cü il 12 dekabrında gecə saat 02.30 radələrində Ramiz Mehdiyevin Sumqayıt şəhərindəki ərzaq marketinə oğurluğa girib.
Mağazadan hər birinin qiyməti 15 manat olan 10 blok “Kent 8", hər birinin qiyməti 17 manat olan 8 blok ”Sobranıe", hər birinin qiyməti 10 manat olan 10 blok “LD”, hər birinin qiyməti 15 manat olan 6 blok “Davudov”, hər birinin qiyməti 14 manat olan 10 blok “Viniston”, hər birinin qiyməti 12 manat olan 11 blok “Vest” siqareti, 400 manat dəyərində müxtəlif telefon danışıq konturları, 100 manat dəyərində Rusiya istehsalı olan araq, 30 pivə, 1100 manat pul oğurlayıb.
Bundan əlavə, o, mağazadan 40 manat miqdarında “Snikers” şokoladı və müxtəlif növ kolbasa da aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Zamanov 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Hakim Vidadi Cabbarovun sədrliyi ilə keçən apelyasiya prosesində Aydın Zamanovun vəkili Kərimxan Əsədov çıxış edib. Deyib ki, birinci məhkəmə istintaqında təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən hadisəyə heç bir aidiyyəti olmadığı və həmin əməli törətmədiyi müəyyən olunub: “Aydın Zamanov cinayət məsuliyyətinə qanunsuz cəlb olunub. Hökm məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanmaqla deyil, şahid qismində dindirilmiş polis əməkdaşlarının ziddiyyətlərlə dolu və işin nəticəsində maraqlı olan zərərçəkmiş şəxsin uydurma ifadələri ilə çıxarılıb”.
Təqsirləndirilən şəxs də hüquqlarının kobud şəkildə pozulduğunu iddia edib: “Bu səbəbdən cinayət işinin yenidən araşdırılmasını istəyirəm”.
Hakimlər kollegiyası tərəfləri dinləyəndən sonra apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Hacı Zeynalov