Hakimlər iki nəfərə xəsarət yetirəni məhkəmə zalında həbs etdilər
Sumqayıt Apelyasiya Məhkəməsində Quba rayon sakini Surxay Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, 1962-ci il təvəllüdlü Surxay Zəkiyev axşam saat 21 radələrində sərxoş vəziyyətdə Quba rayonu Alpan kəndində Hətəm Piriyevə məxsus mağazanın qarşısına gəlib. Mənzilində işığın yanmaması ilə əlaqədar elektrik montyoru Müqabil Əzizovu söyüb.
Teleqraf.com xəbər verir ki, daha sonra Müqabil Əzizovu döyüb, ona bədən xəsarəti yetirib. Həmin vaxt yaxınlıqda yaşayan Ramin Rəşidov səs-küyü eşidib, evinin qarşısına çıxaraq Surxaya mane olmağa çalışıb. Surxay isə kəlbətinlə Ramin Rəşidovun başına və boynuna vurub, nalayiq sözlərlə onu da söyərək təhqir edib.
Xəsarət alan həm Müqabil Əzizov, həm də Ramin Rəşidov xəstəxanaya yerləşdirilib.
Surxay Zəkiyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə), 132-ci (döymə), 221.2.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə onun ittiham olunduğu 132-ci maddəyə xitam verilib. Məhkəmə digər maddələrlə Surxay Zəkiyevi 1 il müddətinə islah işləri cəzasına məhkum edib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Surxay Zəkiyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakimlər prokurorluğun şikayətini təmin etməyib. Bu səbəbdən prokurorluq Ali Məhkəmənin cinayət kollegiyasına kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarıblar.
Bu səbəbdən cinayət işinin materialları yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Telman Məmmədovun sədrliyi ilə keçirilən apelyasiya prosesində Surxay Zəkiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, 29 iyul 2012-ci il tarixdə, saat 14 radələrində yaşadığı evin işıqları yanmayıb: "İşığı düzəltdirmək üçün kənddə yaşayan elektrik montyoru Müqabil Əzizovun yanına getdim. Müqabil həyətdə işləyən ustaları yola saldıqdan sonra işığı təmir edəcəyini bildirdi. Lakin həmin gün gəlmədi. Axşam saat 21 radələrində mağazanın qabağında Müqabillə rastlaşdım. Onu gözlədiyimi bildirdim, niyə gəlmədiyini soruşdum. O, mənə acıqla cavab qaytardı. Aramızda mübahisə düşdü, dalaşdıq. Yaxınlıqdakı mağazada olan Hətəm Piriyev bizi ayırdı.
Müqabildən ayrıldıqdan sonra həmkəndlim Zinyəddinin oğlu Ramin küçəyə çıxdı və məndən nəyə görə söyüş söydüyümü soruşdu. Bildirdim ki, onu söyməmişəm, evimdəki işıqları təmir etmədiyi üçün Müqabillə mübahisə etmişəm.
Ramin məni söyəndə ona "qələt eləmə" dedim. Ramin yumruqla məni vurub yerə yıxdı. Buna görə onunla tutaşdım. Özümü müdafiə etmək üçün Ramini şillə vurdum. Ramini və Müqabili kəlbətinlə vurmamışam, zərərçəkmiş şəxslərlə barışmışam".
Müqabil Əzizovun sözlərinə görə, hadisə baş verən günü, günorta saatlarında istirahət edərkən həmkəndlisi Surxay Zəkiyev onun evinə gəlib: "Surxay bildirdi ki, üç gündür evinin işıqları yanmır, o, evinin işıqlarını təmir etməyimi xahiş etdi. İstirahət günüm olduğunu, həyətində ustalar işlədiyini, onları yola saldıqdan sonra işıqları təmir edəcəyimi bildirdim.
Bundan sonra Surxaygilin evinə gedib elektrik xəttinə baxdım. Xəttin istismar müddətini bitirdiyini, bir neçə yerdən qırıqlarının olduğunu, oradakı ağaclara maneçilik etdiyini gördüm. Surxaya 50 metrə yaxın naqil alınmasının lazım olduğunu dedim. Surxay isə buna maddi imkanı çatmadığını söylədi.
Axşam saat 21 radələrində həmkəndlim Zinyəddingilin evinin qarşısından keçərkən, Surxayın evinə gəlib harada olduğunu soruşdum. Evdə olmadığını dedilər. Hətəm Piriyevin mağazasının qarşısında Surxayla rastlaşdım. Surxay məni axtardığını, nəyə görə işıqları təmir etmədiyimi, neçə gündür qaranlıqda qaldıqlarını deyərək məni söydü.
Surxaya səhər işıqlarını qoşacağımı bildirdim. Bu zəmində aramızda dalaşma oldu. Surxay əlindəki kəlbətinlə boynumdan vurdu. Hətəm Piriyev mağazadan çıxaraq bizi ayırdı.
Sonra Zinyəddinin oğlu Ramin çıxıb evinin qabağında söyüş söydüyü üçün Surxaya iradını bildirdi. Onların arasında mübahisə yarandı. Surxay Raminə yaxınlaşaraq yaxasından tutdu və onu yerə yıxdı. Səsə Raminin atası Zinyəddin öz mağazasından çıxdı. Ramin ayağa duranda başının qanadığını gördük. Zinyəddin oğlu Ramini evə apardı".
Zərərçəkmiş ifadəsində bildirib ki, Surxay Zəkiyevlə barışıb və ona qarşı şikayəti yoxdur. Digər zərərçəkən Ramin Rəşidov da Surxayla barışdığını, şikayəti və tələbi olmadığını söyləyib.
Dövlət ittihamçısı Zəfər Ramazanov isə Surxay Zəkiyevin cəzasının ağırlaşdırılması ilə bağlı əsasların olduğunu bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs həm xuliqanlıq cinayəti törədib, həm də insanlara qarşı hörmətsizlik edib.
Tərəfləri dinləyən hakim heyəti sonda Quba Rayon Məhkəməsinin hökmünün ləğvi barədə qərar açıqlayıb.
Yeni hökmə əsasən, Surxay Zəkiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Hacı Zeynalov