13 May 2015 14:39
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirdi

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Eldar Nəzərov, Kamaləddin Talıbov, Mirzəxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Eldar Nəzərov 2011-ci ilin dekabr ayının əvvəllərində Dilşad Ələsgərovanın Saray qəsəbəsindəki evinə girərək 4000 dollarını oğurlayıb.

O, tanışları Kamaləddin Talıbov və Mirzəxan Abdullayevlə birgə Oqtay Gülmalıyevin Biləcəri qəsəbəsi, “1 May” yeni yaşayış massivində yerləşən evindən 500 manat dəyərində odlu silah hesab olunan vinçester ov tüfəngini, 23 manatlıq döyüş sursatını, 200 manatlıq çantası ilə birlikdə “SONY” markalı videokameranı, 2000 manatlıq qızıl medalyonu, nərdtaxtanı, adeyalı, bir şüşə konyakı, iki qadın ətrini aparıb.

Dəstə üzvləri həmin il martın 7-də, Akif Yarışovun Mehdiabad qəsəbəsində yerləşən “Avtoyuyucu” sexindən 1050 manat dəyərində “OMAX” markalı yuyucu aparatı oğurlayıblar. Dəstənin Abşeron rayonu və paytaxtın ayrı-ayrı ünvanlarında çoxsaylı oğurluq cinayətləri də var.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü (oğurluq), 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddə və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 232.2.1 və 232.2.2-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Nəzərov 8 il, Kamaləddin Talıbov 7 il, Mirzəxan Abdullayev 5 il 1 ay 12 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mirzəxan Abdullayevin vəkili İsa Məmiyev bildirib ki, birinci məhkəmə istintaqı zamanı istər Mirzəxan Abdullayev, istərsə də Kəmaləddin Talıbov özlərini elan edilmiş ittihamda qismən təqsirli biliblər, ancaq bu cinayətlərin törədilməsində qabaqcadan əlbir olmadıqlarını göstəriblər.

Vəkil daha sonra qeyd edib ki, məhkəmə istintaqı zamanı iş üzrə dindirilən zərərçəkmiş şəxslərdən və şahidlərdən heç biri məhkəməyə Mirzəxan Abdullayevin cinayətləri Kəmaləddin Talıbov və Eldar Nəzərovla qabaqcadan əlbir olmaqla törətməsinə dair məlumat təqdim etməyiblər. Əksinə, Mirzəxan Abdullayevi tanımadıqlarını və onun bu cinayətlərdə iştirak etməsindən xəbərsiz olduqlarını göstəriblər".

Müdafiəçi deyib ki, Mirzəxan Abdullayevin əməlində Cinayət Məcəlləsinin 232.2.1 və 232.2.2-ci maddələrinin tərkibi mövcud deyil. O, fikrini bununla əsaslandırıb ki, hər üç təqsirləndirilən şəxs arasında cinayət törətmək barədə qabaqcadan əldə olunmuş razılığa əsasən, törədiləcək cinayətləri Kəmaləddin Talıbov və Eldar Nəzərov icra etməli, Mirzəxan Abdullayev isə həmin cinayətlərin törədilməsində onlara köməklik göstərməli olub: “Həmin razılığa görə, cinayətlərin predmetləri pul və qiymətli əşyalar olmalı idi. Lakin talama cinayətlərinin icraçıları olan Eldar Nəzərov və Kəmaləddin Talıbov qabaqcadan razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq yivsiz odlu silahları da gizli olaraq talayıblar. Belə olan halda həmin maddələr üzrə Mirzəxan Abdullayevə bəraət verilməlidir.

Eldar Nəzərov və Kəmaləddin Talıbov ov silahlarını saxlamaq üçün Mirzəxan Abdullayevə veriblər. Belədə Mirzəxan Abdullayevin əməli cinayətdə iştirakçılıq yox, ağır cinayəti gizlətmə kimi qiymətləndirilə bilər".

Təqsirləndirilən Eldar Nəzərov məhkəmə istintaqı zamanı bildirib ki, oğurluğa həmişə tək gedib: “Nə Mirzəxan Abdullayevin, nə də Kəmaləddin Talıbovun oğurluq etməyimdən xəbəri olmayıb. Yalnız sonuncu oğurluqdan sonra Kəmaləddinə zəng vurmuşam, məni Mehdiabad qəsəbəsində dördyol deyilən yerdən götürməsini xahiş eləmişəm.

Həmin vaxt digər təqsirləndirilənlərlə oraya gəlmişəm, oğurluğa getdiyimi isə onlara sonradan bildirmişəm. Törətdiyim cinayətləri səmimi etiraf etdiyim halda, törətmədiyim iki əlavə cinayəti döyüldüyüm üçün üzərimə götürmüşəm, müvafiq sənədlərə imza atmağa məcbur olmuşam. Həmin iki cinayətlə bağlı heç bir maddi sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə qeyri-obyektiv baxılıb, həmçinin cəza təyini zamanı himayəmdə üç azyaşlı uşağın olması nəzərə alınmayıb".

O, hakim kollegiyasından cəzasının yüngülləşdirilməsini xahiş edib.

Kəmaləddin Talıbov apelyasiya şikayətində qeyd edib ki, məhkəmə tərəfindən cəza təyini zamanı himayəsində iki azyaşlı uşağın olması, əvvəllər məhkumluq həyatı yaşamamasını, səhhətindəki problemlər nəzərə alınmayıb, məhkəmədə işə qeyri-obyektiv baxılıb: “Təqsirimi sübuta yetirəcək heç bir sübut mövcud deyil. Cəzamın yüngülləşdirilməsini xahiş edirəm”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Kəmaləddin Talıbovun cəzası 6 ilə, Mirzəxan Abdullayevin cəzası 4 ay 12 günə endirilib. Eldar Nəzərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər