25 May 2015 16:18
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Emil Xudaverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin prosesdə iştirak edə bilməyəcəyi ilə bağlı arayışı elan olunub. Gürcüstanın Azərbaycandakı səfirliyindən daxil olan arayışda göstərilib ki, mərhumun anası xəstəliyi ilə bağlı Azərbaycana gələ bilmir. Mərhumun anası qatilə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.

Daha sonra prokuror ittiham aktını oxuyub.

İttihama görə, Emil Xudaverdiyev 24 iyul 2014-cü ildə saat 13 radələrində Nizami rayonundakı istirahət parkında Gürcüstan vətəndaşı Kençoşvili Varlamoviçlə təsadüfən rastlaşıb. Onlar birlikdə pivə içdikdən sonra “Neftçilər” metrosu yaxınlığına gəliblər. Həmin yerdə yenə pivə içiblər.

Sərxoş olan Kençoşvili Emil Xudaverdiyevə oral sekslə məşğul olmağı təklif edib. Gürcüstan vətəndaşının əxlaqsız təklifindən hiddətlənən Emin Xudverdiyev qisas məqsədilə onu öldürmək qərarına gəlib. O, daş parçası ilə iki dəfə zərbə vuraraq gürcünü qətlə yetirib.

Cinayəti törədən Emin Xudaverdiyev ölkədən qaçmaq istəyərkən Qazax sərhəd-keçid məntəqəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə ifadə verən Emin Xudaverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, uzun illər Rusiyada yaşayıb və Azərbaycana hadisədən bir qədər əvvəl gəlib: “Həmin gün “Neftçilər” metrostansiyasının yaxınlığında olan istirahət parkında həmin gürcü ilə tanış oldum. Sonra birlikdə pivə içmək üçün Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında olan kafeyə getdik. Əvvəlcə pivə içdik, sonra spirtli içki də qəbul etdik. Yeyib-içəndən sonra kafedən çıxdıq.

Həmin gürcü avtovağzala getmək üçün avtobus dayanacağına yönəldi. Onunla birlikdə avtobus dayanacağına gələn zaman yaşıllığı göstərdi və gözəl mənzərə olduğunu bildirdi”.

Emin Xudaverdiyevin sözlərinə görə, gürcü ona əxlaqsızlıq hərəkətlər etməyi həmin vaxt təklif edib: “Hərəkətləri məni əsəbləşdirdi və onu “cəzalandırmaq” qərarına gəldim. Bu məqsədlə onu göstərdiyi ağaclığa apardım. Orada kiçik daş parçası ilə onu vurdum. Bu zaman məni söydü. Onun söyüşlərindən əsəbləşərək daha böyük daş parçası götürdüm. Gürcünü öldürmək niyyətim olmayıb”.


Prokurorun suallarına cavab verən Emin Xudaverdiyev deyib ki, gürcünü əsasən, söyüş söydüyünə görə vurub: “Məni söyməsəydi, belə möhkəm vuran deyildim. Törətdiyim əməldən peşmanam”.

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin xalası Lalə Novruzova ifadə verib: “Hadisə baş verən günü Emin bizə gəldi və məndən pul istədi. Mən də onun istədiyi pulu verdim. Sonra Emin adam öldürdüyünü dedi. İçkili olduğu üçün ona inanmadım və bildirdim ki, belə boş-boş danışma. Emin gedəndən sonra onun dedikləri ilə bağlı anasına və atasına məlumat verdim. Atası da hadisə ilə bağlı polisə məlumat verdi. İnanmazdım ki, Emin belə hadisə törətsin”.

Məhkəmədə dindirilən digər şahid Arzu Feyzullayev bildirib ki, Kençoşvili Varlamoviçlə Pirşağı qəsəbəsində inşa olunan restoranda fəhləlik edib: “Hadisə baş verən günü Kençoşvili Varlamoviç işə gəlmədi. Bununla bağlı dəfələrlə ona zəng vursam da, telefonu açmadı. Bir neçə dəfədən sonra zəngə cavab verilsə də, danışan olmadı. Sonra telefon söndürüldü”.

Şahid qeyd edib ki, mərhumla təxmininə 6 aya yaxın bir yerdə işləyiblər. Onun sözlərinə görə, mərhum normal insan olub: “Pis cəhəti içki içməsiydi”.

Məhkəmə iclası iyunun 1-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər