Gəncə Apelyasiya Məhkəməsində “Azərbaycan Sənaye Bankı” ASC-nin Gəncə filialının əməkdaşları İlqar Əliyev, Nəriman Bayramov, Talıb Həsənov, Şahin Ələkbərov, Elfaq Abbasov, Samir Seyidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər kredit götürmək üçün bankın Gəncə filialına müraciət edən 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilən dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq ediblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməkdaşları İlqar Əliyev 8 il, Nəriman Bayramov 7 il, Talıb Həsənov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər Şahin Ələkbərov, Elfaq Abbasov, Samir Seyidov 7 il 6 ay müddətinə şərti cəza alıblar.
Hökmdən narazı qalan İlqar Əliyev, Nəriman Bayramov və Talıb Həsənov apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayətləri təmin edilməyib.
Hacı Zeynalov