Məhkəmə prokurorluğun protestini yox, təqsirləndirilən şəxsin şikayətini təmin etdi
Şirvan Apelyasiya Məhkəməsində Yardımlı rayon sakinləri Rafiq və İlham Nəciyev qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 1989-cu il təvəllüldlü İlham Nəciyev 26 mart 2012-ci il tarixdə, saat 22:00 radələrində Şirvan şəhərindəki "Xan" çay evinə gəlib, oranı işlədən Kamran Məmmədovdan internet şəbəkəsinə daxil olmaq üçün kodu istəyib. Daha sonra kodun ona gec verilməsi bəhanəsiylə Kamran Məmmədov və onun qardaşı Sənan Məmmədovla mübahisə edib.
İlham həmin vaxt çayxana sahiblərini buranı dağıdacağı və söhbətə qardaşını da çağıracağı ilə hədələyib. O, qardaşı Rafiq Nəciyevə zəng edərək çayxanada təkləndiyini deyib. Rafiq çayxanaya gəlib.
İlham və Rafiq Nəciyev qardaşları Kamran və onun qardaşı Sənanla mübahisə ediblər. Nəciyev qardaşları bıçaq nümayiş etdirməklə Sənan və Kamran Məmmədovların ünvanına nalayiq sözlər işlədiblər. Həmin vaxt Rafiq qardaşı İlhama bıçaqla xəsarət yetirib.
Hadisə yerinə gələn Asif Ələkbərov Rafiq Nəciyevin hərəkətlərinin qarşısını almaq məqsədilə araya girib, Kamranı və Sənanı hadisə yerindən uzaqlaşdırmaq istəyib. Həmin zaman Rafiq Nəciyev bıçaqla Asif Ələkbərovu da vurub.
Məhkəmələri gəzən cinayət işi
Rafiq Nəciyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə, İlham Nəciyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm çıxararkən Rafiq Nəciyevin ittiham olunduğu maddələri dəyişib, Məcəllənin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7 və 120.2.10-cu maddələri 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) maddələrinə tövsif edib. Məhkəmə həmin maddələrlə Rafiq Nəciyevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İlham Nəciyev isə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.
Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Dövlət ittihamçısı Azər Abbasov Şirvan Apelyasiya Məhkəməsinə yazdığı şikayətdə Nəciyev qardaşlarının cəzalarının ağırlaşdırılmasını istəyib. O, Rafiq Nəciyevin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Apelyasiya instansiyasında işə hakim Ələsgər Novruzov baxıb və yekun qərarını açıqlayıb. Qərara görə, prokurorluğun protesti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanıb. Bu qərardan Prokurorluq Ali Məhkəməyə şikayət edib.
Ali Məhkəmədə işə baxan hakimlər Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.
Apelyasiya instansiyasında bu dəfə şikayətə hakim Tofiq Heydərovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmədə ifadə verən Rafiq Nəciyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Çay evində mübahisə
O bildirib ki, Kamran Məmmədov, Sənan Məmmədov və Asif Ələkbərovu əvvəllər tanımayıb: "Yaşadığım evdə istirahət edərkən qardaşım İlham mobil telefonla zəng edərək Şirvan şəhərindəki doqquzmərtəbəli yaşayış evinin qarşısına gəlməyimi istədi. Təxminən 10-15 dəqiqə sonra taksi ilə qardaşımın dediyi yerə gəldim. İlham mənimlə orada görüşdü və "Xan" çay evində işləyən iki qardaşla savaşdığını, oraya getmək lazım olduğunu bildirdi.
İlhamla çay evinə getdik, oranı işlədən Kamran və Sənan qardaşları ilə İlhamın arasında mübahisə olduğu bildim. Həmin vaxt məsələnin nə yerdə oluduğunu aydınlaşdırmaq istədim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı İlham Nəciyevlə Kamran və Sənan Məmmədov qardaşları arasında yenidən mübahisə başlayıb: "Bu zaman çayxanadakı stolun üstündə limon kəsmək üçün istifadə olunan bıçağı götürərək qorxutmaq məqsədilə Kamran və Sənan qardaşlarına tərəf fırlatdım. Onlardan söhbət etmək üçün çayxanadan bayıra çıxmalarını tələb etdim. Kamranla Sənan çayxanadan çölə çıxdı, mən də onların arxasınca getdim. Qardaşım əlimdə bıçağı gördü. İlham bıçağa ehtiyac olmadığını dedi və bıçağı yerə atmağımı istədi. Mən isə bıçağı xəsarət yetirmək üçün yox, onları qorxutmaq üçün götürdüyümü, vurmaq məqsədimin olmadığını bildirdim. Lakin İlham mənimlə razılaşmadı və məni qucaqlayaraq bıçağı əlimdən almağa çalışdı. Bu zaman özüm də bilmədən bıçaq qardaşıma dəydi və ona xəsarət yetirdim".
"Əməlimdən peşmanam"
Rafiq Nəciyev qeyd edib ki, qardaşına xəsarət yetirdikdən sonra əsəbi halda Kamran və Sənana tərəfə gedib: "Bu zaman Kamran və Sənan qardaşları artıq çayxanadan çöldə, pilləkənin yanında olublar. Aşağı düşmək istəyərkən adını sonradan bildiyim Asif Ələkbərov araya girdi. O, Kamranla Sənanı oradan kənarlaşdırmağa çalışdı. Pilləkəndə ayağım burxuldu və bıçaq arxası mənə tərəf olan Asif Ələkbərovun kürək nahiyəsinə dəydi, ona xəsarət yetirdim.
Asif Ələkbərov arxaya çönərək onu nə üçün vurduğumu soruşdu. Özüm də bilmədən bıçağın ona dəydiyini dedim. Bundan sonra nəinki Asif Ələkbərovu, ümumiyyətlə, heç kimi bıçaqla vurmaq məqsədim olmayıb və buna cəhd etməmişəm. Yaralı vəziyyətdə olan Asif Ələkbərovu hadisə yerində olan adamlar avtomaşına qoyaraq xəstəxanaya apardılar.
Hadisə yerindən qardaşım İlhamla birlikdə getmişəm. Hazırda baş vermiş hadisələrə və etdiyim cinayət əməlinə görə peşmanam".
Rafiq Nəciyev bildirib ki, prokurorluğun apelyasiya protestinin əsassızdır. O, barəsində verilən protestin təmin edilməməsini istəyib: "Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəmdə verilən hökmünə yenidən baxılaraq əməlimin Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə tövsüf edilməklə barəmdə ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edirəm".
İlham Nəciyev bildirib ki, "Xan" çay evinə gedib, Kamran Məmmədovdan internet modeminin kodunu istəyib: "Kamran internet kodunu gec gətirdiyinə görə ona acıqlandım və aramızda mübahisə baş verdi. Bu zaman Kamran Məmmədovun qardaşı Sənan mənə yaxınlaşaraq kobudluq etdiyimə görə iradını bildirdi. Bu zəmində onunla da aramda mübahisə yarandı. Qardaşım Rafiqə zəng vurdum, onu doqquzmərtəbəli binanın yanına çağırdım".
Prokurordan ağır cəza tələbi
İlham Nəciyev də prokurorluğun protestinin təmin edilməməsini və onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
Dövlət ittihamçısı Ədalət Əzimov qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2013-cü il tarixli hökmü Rafiq Nəciyevə aid hissədə qanunsuz və əsassız olub: "Hökm ləğv edilməli və Rafiq Nəciyev Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7 və 120.2.10-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsində çıxış edən prokuror Rafiq Nəciyevin 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını təklif edib. Lakin məhkəmə əməli tövsif edərkən belə nəticəyə gəlib ki, hadisə zamanı Rafiq Nəciyev zərərçəkmiş şəxsləri yalnız hədələyib, bilavasitə qəsdən onları həyatdan məhrum etməyə yönələn hərəkətlər etməyib".
Zərərçəkmiş Asif Ələkbərov da dövlət ittihamçısının çıxışına uyğun danışıb.
Tərəfləri dinləyən hakimlər şikayət üzrə qərar elan ediblər. Qərara görə, Rafiq Nəciyevin apelyasiya şikayəti təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Rafiq Nəciyevin 27 mart 2012-ci il tarixdən həbsdə saxlanması nəzərə alınaraq, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilib. Prokurorluğun protesti təmin edilməyib.
Hacı Zeynalov