Şirvan Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Astara rayon sakini, 1981-ci il təvəllüdlü Anar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, yol nəqliyyat hadisəsi ötən il avqustun 5-də baş verib. Anar Rəsulov həmin gün saat 22.00-da yol hərəkəti qaydasını pozaraq qaynı Azər Qasımovun adına rəsmiləşdirilmiş "NazLifan LF6430-SUV" markalı avtomobillə qəza törədib. O, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Astara şəhəri, H.Əliyev prospektində avtomobili saatda 100 kilometr sürətlə idarə edib.
O, hərəkət zolağında manevr etmək üçün dayanmış Zülfi Əzimovun "VAZ-2107" markalı avtomaşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü Zülfi Əzimov xəsarət alıb və ona 1605 manat maddi ziyan dəyib .
Anar Rəsulov Cinayət Məcəlləsinin 263-1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Astara Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsinə qərarı verilib. Hökmdən narazı qalan Anar Rəsulov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
"Zərbədən avtomaşın çevrildi"
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Anar Rəsulov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2002-ci il tarixdən Daxili İşlər Orqanlarında xidmət edib və Astara rayon polis şöbəsində polis nəfəridir: "Avqustun 5-də saat 21 radələrinədək Təngərüd kəndindəki evimdə dincəlmişəm. Saat 22 radələrində bibim Tarifəni Astara şəhərindəki şadlıq sarayından götürmək üçün özümə məxsus, lakin qaynım Azər Qasımovun adına rəsmiləşdirilmiş "Lifan" markalı avtomaşınla Astara şəhərinə gəlmişəm. Avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi almamışam və etibarnaməsi olmayıb.
Astara şəhər mərkəzinə doğru H.Əliyev prospekti ilə avtomaşını saatda 90-100 kilometr sürətlə idarə etmişəm. "Azpetrol" yanacaqdoldurma məntəqəsinə az qalmış "VAZ 2107" markalı avtomaşının yolun ortasında sola dönmə işığını yandıraraq dayandığını gördüm. Yan tərəfindən, qarşıdan nömrəsi yadında qalmayan maşınlar hərəkət etdiyinə görə avtomaşını öz hərəkətimin soluna çıxara bilmədim. "VAZ 2107" markalı avtomaşının qabaq sağ fara tərəfindən vurdum, zərbədən həmin avtomaşın çevrildi. Öz maşınım isə yolun kənarında səkiyə və hasara dəyərək dayandı".
"Sürücünün öldüyünü zənn etdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, qəzadan sonra maşından düşüb və "VAZ 2107"-a axınlaşdıqda sürücünün avtomaşında uzandığını görüb: "Onun öldüyünü zənn etdim. Ətrafda toplaşan insanlardan təcili yardım maşını çağırmağı xahış etdim. Sürücünü təcili yardım maşını ilə xəstəxanaya apardıq. Onun Zülfi olduğunu və ölmədiyini sonradan öyrəndim. Hadisə yerinə baxış keçirdikdə avtomaşının 14 metr tormoz izi qoyduğu məlum oldu.
Hadisə zamanı spirtli içki qəbul etməmişəm. Yol nəqliyyat hadisəsi baş verdiyi küçədə avtomaşını saatda 60 kilometr sürətlə idarə etməli olduğumu bilmişəm. Lakin bibim Tarifəni gətirmək üçün tələsdiyimdən sürət həddini aşmışam".
Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməsini istəyib.
"Sürücünün polis əməkdaşı olduğunu bilmişəm"
Zərərçəkmiş Zülfi Əzimov deyib ki, avqustun 5-də saat 17 radələrində uzaq qohumu Məmmədin qızının toyunda iştirak etmək üçün özünə məxsus avtomobillə Astara rayon Suparıbağ kəndinə gedib: "Həmin toyda iştirak etmişəm. Təxminən saat 20 radələrində Astara şəhərinə gəlmişəm və çayxanada çay içdikdən sonra yanacaq doldurmaq qərarına gəlmişəm. Təxminən saat 22 radələrində Seləkəran kəndinə gedən yol evimə daha yaxın olduğundan elə həmin yolla getmək qərarına gəldim.
Sola dönmək üçün dönmə işığını yandırdım, uzaqdan 90-100 kilometr sürətlə hərəkət edən avtomobilin gəldiyini gördüm. Buna görə də dərhal maşını saxladım. Fikirləşdim ki, qarşı tərəfdə 5 metr məsafə var və yüksək sürətlə hərəkət edən avtomobil qarşı tərəfdən heç bir maneəyə dəymədən keçə bilər.
Lakin yüksək sürətlə hərəkət edən avtomobil hərəkətini davam etdirərək heç bir istiqamətdə dönmədən mənə doğru hərəkət etdi. Həmin avtomobilin maşınıma dəydiyini hiss etdim. Sonra huşumu itirmişəm. Məni kimin apardığından xəbərim olmayıb. Hadisədən təxminən 3-4 saat sonra xəstəxanada huşum özünə gəldikdən sonra o toqquşan sürücünün əvvəldən bazardan tanıdığım polis əməkdaşı Anar olduğunu bilmişəm. Hadisə nəticəsində sağ qolum sınıb, sol ayağımın diz qapağı isə əzilib".
Dövlət ittihamçısı Ceyhun Əliyev apelyasiya şikayətinə etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxsin apelyasiya şikayət əsassızdır. Prokurorun sözlərinə görə, hökmdə göstərildiyi kimi, məhkəmə istintaqında da iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də, ekspertiza rəyləri ilə Anar Rəsulovun təqsiri tam sübuta yetirilib.
Dövlət ittihamçısının sözlərinə görə, məhkəmə qanuni və əsaslı hökm çıxararaq Anar Rəsulova qanunvericiliyin tələblərinə əsasən ədalətli cəza təyin edib.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Hacı Zeynalov