14 İyul 2015 14:30
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 11,7% (52 fakt), həlak olanların sayı 5,1 % (21 nəfər), xəsarət alanların sayı isə 5,5 % (24 nəfər) azalıb: “Göründüyü kimi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, yol nəqliyyat hadisələri ilə bağlı bütün göstəricilər aşağı düşüb”.

V.Əsədov qeyd edib ki, baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar əsasən sürət həddinin aşılması, ötmə-manevretmə və yolayrıclarının keçmə qaydalarının pozulması nəticəsində baş verib: “Sürücülər tərəfindən sürət həddinin aşılması nəticəsində 140 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 50 nəfər ölüb, 121 nəfər yaralanıb. Yəni ümumi yol-nəqliyyat hadisələrinin 35,7%-i, ölüm faktlarının 42,4%-i, xəsarət almaların isə 29,2%-i sürət həddinin aşılması ilə əlaqədar olub. Qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması nəticəsində 140 (35,7%) yol qəzası baş verib. Nəticədə 43 nəfər (30,4 %) ölüb, 165 nəfər (39,9%) isə xəsarət alıb. Yolayırıclarını keçmə qaydalarının pozulması nəticəsində 32 (8,2%) yol-nəqliyyat ahadisəsi baş verib. Nəticədə 7 nəfər (5,9%) ölüb, 40 nəfər (9,7%) yaralanıb.

Hadisələrin növünə görə isə qəzaların yarıdan çoxu piyadaların nəqliyyat vasitələri ilə vurulması nəticəsində baş verib. Belə ki, piyadaların vurulması ümumi hadisələrin 52,6%-ni (206 fakt) təşkil edir. Nətiəcədə ölüm faktlarının 49,2%-i (58 nəfər), xəsarət faktlarının isə 39,8%-i (165 nəfər) piyadaların vurulması ilə bağlı olub”.


Müəllif: