14 Avqust 2015 18:59
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Razi Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Beyləqanın Milabad kəndi ərazisində 1-ci Şahsevən kənd sakini Rəhman Qəmbərova məxsus fermada Əhmədli kənd sakini Razi Mirzəyev qısqanclıq zəminində orada işləyən bacısı Aynurəni bıçaqla qətlə yetirib.

Bu əməlinə görə Razi Mirzəyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2007-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Razi Mirzəyev Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 mart 2012-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün martın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilib. Ona məntəqə tipli cəzaçəkmə müəssəsində cəzasını çəkdiyi müddətdə müəssisənin rəhbərliyinin icazəsi əsasında 28 iyun 2014-cü il tarixdə 3 gün müddətində ailəsi ilə görüşməsinə icazə verilib.

İyunun 30-da Razi Mirzəyevin ailə üzvləri ilə qısa müddətli görüşməsi barədə verilən icazənin müddəti başa çatıb. Buna baxmayaraq, heç bir üzrlü səbəb olmadan həmin gün cəzaçəkmə yerinə geri qayıtmayıb. Bununla da, o, azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırıb.

Razi Mirzəyev Cinayət Məcəlləsinin 305-ci (azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham edilib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə əvvəlki cəzası birləşdirilməklə qəti olaraq 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanadan başlayan dələduzluq

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində hökmün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini istəyib. Prokurorluğun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Zəfər Ramazanov çıxış edib.
Dövlət ittihamçısı bildirib ki, işin hallarına əsasən, Razi Mirzəyev Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib və Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün 6 aprel 2012-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib: “Bundan başqa, Razi Mirzəyev Beyləqan Rayon Məhkəməsinin 5 noyabr 2014-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlər Məhkəməsinin təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 ay 24 günü Beyləqan Rayon Məhkəməsinin hökmü ilə birləşdirilərək ona qəti olaraq 3 il 9 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib".

Prokurorluq nə istəyir?

Prokuror daha sonra qeyd edib ki, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəza tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir: “Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxanldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən, çəkilən cəza qəti cəza müddətinə hesablanır”.

Zəfər Ramazanovun sözlərinə görə, məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 16-cı bəndində göstərilib ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxılarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər.

“Məhkəmə cəza təyin edərkən səhvə yol verib”

Daha sonra dövlət ittihamçısı əlavə edib ki, məhkəmə ittiham hökmünün nəticəvi hissəsində Razi Mirzəyevə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu üzrə cəza təyin edərkən Beyləqan Rayon Məhkəməsinin 5 noyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 4 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib: “Halbuki Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Razi Mirzəyevə hökmlərin məcmusu üzrə qəti olaraq 3 il 6 ay deyil, 3 il 9 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edərkən də səhvə yol verib.

Məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilən cəzalar cinayətlərin məcmusu üzrə tam toplandığı halda belə qəti cəza 4 il 4 ay deyil, 4 il 3 ay ola bilərdi. Lakin buna baxmayaraq, məhkəmə təyin edilmiş cəzaları qismən toplamaqla təqsirləndirilən şəxsə qəti olaraq 4 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. Belə bir nəticəyə gəlməsinin motivlərini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməyib. Beləliklə də, cinayət qanunu norması düzgün tətbiq edilməyib".

Hakim heyəti bütün tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib və prokurorluğun protesti təmin edilərək Razi Mirzəyevin cəzası 4il 3 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər