Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Zaur Tərlanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə ittiham edilir.
İttihama görə, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə bir neçə dəfə atəş açıb.
Nəticədə qardaşlar ölüb, cinayəti törədənsə hadisə yerindən qaçıb.
Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Səhəri gün Qaradağ polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Tərlanov yaxalanıb.
İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs bildirib ki, o, 1988-ci ildə anadan olub. Hakim ona anadan olma tarixinin səhv göstərməsinin səbəbini soruşub. Zaur Tərlanov deyib ki, şəxsiyyət vəsiqəsində onun adını da səhv yazıblar: “Mənim əsil adım Zeynalabdindir. Amma şəxsiyyət vəsiqəmdə Tərlan yazılıb”.
Təqsirləndirilən şəxsin anadan olma tarixinin və adının səhv deməsinə vəkili Mehman Əliyev də münasibət bildirib: “Müdafiə etdiyim şəxs hadisədən sonra stress keçirib və buna görə bəzi məsələləri unudub. Onda yaddaş pozğunluğu yaranıb”.
Vəkil daha sonra bildirib ki, Zaur Tərlanov talessemiya xəstəliyindən əziyyət çəkir, buna baxmayaraq o, 10 nəfərlik məhkumlar üçün nəzərdə tutulmuş maşında məhkəməyə gətirilir. Vəkil bunun yolverilməz olduğunu və müdafiə etdiyi şəxsin xüsusi maşında məhkəməyə gətirilməsini istəyib. Hakim bildirib ki, bununla bağlı müvafiq qurumlara məktub ünvanlanıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. 14 nəfərin adını qeyd edən vəkil deyib ki, həmin şahidlər cinayət işi üzrə ifadələri alınsa da, ittiham aktında əsas şahidlər siyahısına salınmayıblar. Vəkil həmin şahidlərin məhkəməyə çağırılmasını istəyib.
Dövlət ittihamçısı bildirib ki, müdafiəçi əlavə şahidlərin məhkəməyə hansı səbəbdən çağırılmasını vəsatətində əsaslandıra bilməyib. O, müdafiə tərəfinin vəsatətini təmin edilməməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Ceyhun Yusufov da vəsatətə etirazını bildirib: “Müdafiə tərəfinin belə vəsatətlə çıxış edəcəyi əvvəlcədən bəlli idi. Hesab edirəm ki, cinayət işində təqsirləndirilən şəxs bəy tərifinə tutulub. Vəsatət əsassızdır və təmin edilməməldir”.
Hakim qeyd edib ki, vəsatətə növbəti məhkəmə iclasında münasibət bildiriləcək və məhkəmə iclasının davamı oktyabrın 26-na təyin edilib.
Hacı Zeynalov