2 Dekabr 2015 17:07
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Ghanı Goltapeh Morteza Sıaba məxsus pul kisəsinin içərisindən- vizit kartı üçün nəzərdə tutulmuş yerdən metadon adlı həbin qırıntısı (həbin 1/4 miqdarında) aşkar edilib.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, Ghanı Goltapeh Morteza Sıab üzərində şəxsi yoxlama zamanı onun corabından üç ədəd sellofan paketdə, cəmi 46 ədəd buprenorfin adlı həb aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in, buprenorfin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir.

Adıçəkilən İran vətəndaşından aşkar olunan metadon adlı həbin qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram, buprenorfin adlı 46 ədəd həbdə isə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,092qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: