Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Cavadovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib.
Bakı şəhər sakini Elvin Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Abdullayevi qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən Habil Abdullayev nişanlısı ilə gedibmiş.
O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı Elvin Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. Elvin Cavadov polisə könüllü təslim olub.
O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elvin Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov