Bakı Apelyasiya Məhkəməsində qadınlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il aprelin 19-da Yasamal rayonu Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımovu yaxalayıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub.
İlkin Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış.
İlkin Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. Seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobildə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş. Sonra həmin qadınlara hücum edərək onlara qarşı seksual hərəkətlər edirmiş.
Onu da qeyd edək ki, İlkin Qasımov Cinayət Məcəlləsinin digər maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşayıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Qasımov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlkin Qasımov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlkin Qasımovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov