Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və odlu silah-sursatın alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini əvvəllər məhkum edilmiş Ceyhun Əsgərov Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə 605 qram çəkidə narkotik vasitə olan tiryəki 3600 manata satmaq istəyən zaman saxlanılıb.
Əməliyyat tədbirinin davamı olaraq C.Əsgərova 100 qram tiryək qarşılığında 1 ədəd tapançanı satmaq istəyən Hacıqabul rayon sakini əvvəllər Cinayət Məcəlləsinin ağır maddələri ilə dəfələrlə məhkum olunmuş Elnur Məmmədov da saxlanılaraq Zəngilan RPŞ-yə gətirilib. Orada baxış keçirilən zaman E.Məmmədovun üstündən 1 ədəd tapança aşkar edilərək maddi sübüt kimi götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.