26 Fevral 2016 14:42
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bank nümayəndələrinin vətəndaşların etibarından sui-istifadə edərək depozitləri mənimsəməsi və qaytarmaq istməməsi yolverilməzdir. Bütün hallarda vətəndaşlara dəymiş zərər ödənilməlidir. Bunun alternativi yoxdur".

Bunu Teleqraf.com-a Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov və onun oğlu tərəfindən vətəndaşların vəsaitlərinin mənimsənilməsinə münasibət bildirərkən qeyd edib.

Ə.Nuriyev hesab edir ki, məhkəmənin başlıca vəzifəsi vətəndaşlara dəymiş zərərin ödənməsini təmin etməkdir: "Əgər bankın səlahiyyətli şəxsləri vətəndaşlarla saxta müqavilə bağlayıb onların vəsaitlərini mənimsəyibsə, burada konkret cinayət əməli var. Təkcə azadlıqdan məhrum edilməklə şəxsin öhdəlikləri tamamlanmır. Bütün hallarda zərər ödənilməlidir. Hətta şəxs azadlığa çıxsa da belə zərərin ödənilməsi öhdəliyi onun üzərində qalır".

Ə.Nuriyevə görə, “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov həm vətəndaşları, həm də öz rəhbərliyini aldadaraq banka və vətəndaşlara külli miqdarda zərər vurub, bankın nüfuzunu zədələyən hərəkətlərə yol verib: "Bu cür hərəkətlərə görə neçə-neçə insanın banklara olan inamı azalıb. Odur ki, vətəndaşlara dəymiş ziyan mütləq ödənilməlidir".

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub. 81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan gəlir hesabına zərərçəkmişlərə dəyən ziyan ödənilməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. 81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.

Ruslan


Müəllif:

Oxşar xəbərlər