Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri və qanunsuz olaraq odlu silahın daşınmasında təqsirləndirilən Aftandil Mehdiyev, Zaur Mehdiyev, Rauf Mirzəyev və Namiq Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Mehdiyev, 13 il, A.Mehdiyev 13 il və N.Həsənovla R.Mirzəyev8in hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər həbs edilib.
Həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu cinayət başında yaxalanıblar. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd "Makarov" tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd “Naqan” tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr – heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.
Hacı Zeynalov